Dağlıq rayon olan Qusarın Ləzə kəndində turistlərin qış, yay aylarında xüsusi maraq göstərdiyi məşhur şəlalə də iqlim dəyişikliyinin fəsadını yaşayır.
Bizim.Media-nın əməkdaşı Ləzə kəndində olarkən 100 metrdən çox hündürlüyü olan bu şəlalənin yay-yaz aylarında olduğu kimi, gur axınla axıb getdiyini müşahidə edib.
MÖVZU İLƏ BAĞLI:
Qusara 3 sm qar yağdı – VİDEO
Bununla bağlı yayılan görüntülərdən aydın olur ki, dekabr ayınacan donmağa başlayan bu təbiət incisi gecələr şaxta az olduğundan qış libasına bürünməyib.
Yerli sakinlər də şəlalənin donmamasını dünyanı bürüyən qlobal istiləşmə ilə əlaqələndirir. Bu şəlalə adətən 10 dərəcə şaxtadan sonra temperatur 15 dərəcəyə çatanda donur. Hələlik belə hava qeydə alınmadığından şəlalə yaz aylarındakı kimi öz sürətilə axıb gedir.
İqlim dəyişikliyi ucbatından qış libasını geyinməyən təkcə Ləzə şəlaləsi deyil, Quba-Qusar rayonlarının ərazisindəki digər şəlalə və göllər də hazırda yaz havası yaşamaqdadır.
Bununla belə sinoptiklər qarşıdakı həftənin 2-ci günündən havanın sərtləşəcəyi proqnozunu verirlər.
Güclü şaxtaların olacağı təqdirdə Ləzədəki, Şahdağ turizm mərkəzindəki və Qubanın görməli yerlərindəki maraqlı təbiət personajlarını da donmuş görəcəyik. Bu, qış turizmini sevən insanların daha çox marağına səbəb olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu