Qədim dövrlərdən gələn adətlər - Qaxın ucqar kəndindən reportaj - FOTO 

Qədim dövrlərdən gələn adətlər - Qaxın ucqar kəndindən reportaj - FOTO 

Hazırda oxunan: Qədim dövrlərdən gələn adətlər - Qaxın ucqar kəndindən reportaj - FOTO 

165384

Ötən reportajımızda Qaxın ucqar Sarıbaş kəndi, onun tarixi və turizm potensialı barədə məlumat vermişdik. Dedik gəlmişkən kənddə hər hansı bir ailəni ziyarət edək, onların məişət və mətbəxi ilə maraqlanaq. Doğrusu, qarşımıza çıxan hər kəs bizi çay içməyə dəvət edirdi. Kəndi gəzə-gəzə gəlib çatdıq bir qapıya. Bizi Siracəddin Əhmədov qarşıladı. Gəlişimiz deyəsən tam yerinə düşmüşdü.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dörd tərəfi dağlarla əhatə olunan Sarıbaşda tarixən olduğu kimi bu gün də istənilən qapı qonaqlı-qaralı olur. Gəzmək, görmək həvəskarı olanlar, Sarıbaşın dadlı mətbəxindən dadmaq istəyənlər min bir əziyyət olsa belə bu kəndə gəlməkdən usanmır. 

Bu kənddə onun başqa bir adı da varmış - “Sarıbaş dənəvarisi”. Qonağı olduğumuz Əhmədovların evi kəndin yuxarı məhəlləsində, qayalığın üstündə yerləşir.


Həyətə daxil olanda bir tərəfdə samavara od salındığını, qazanda suyun qaynadığını, digər tərəfdə isə qadınların biş-düş etdiklərini görürük. Diqqətimizi evyana asılan ət hissələri cəlb edir. Ev sahibi Siracəddin müəllim qaxac ətin bu ucqar kənddə xüsusi ənənəsi və üsulla qurudulduğunu bildirir. Və bu ənənə sarıbaşlılar tərəfindən bu gün də qorunur.   

Həyətin bir kənarında biş-düşlə məşğul olan xanımlara yaxınlaşıb, nə işlə məşğul olduqları ilə maraqlanırıq. Möminət xanım xəmiri göstərərək deyir ki, kəsilmiş həmin hissələr barmaqla çəkilir. Tez və yaxşı bişməsi üçün sürhüllülər içərisi boş, axırda boruvarı formada olmalıdır.


Daha sonra sürhüllülər qazanda qaynamaqda olan suya tökülür. Bişdikdə sudan çıxarılıb boşqablara yığılır. Sürhüllülərin üzərinə əvvəlcədən bişirilən ətli şorba tökülür, üstünə ət tikələri qoyulur. Xörək süfrəyə meyvə turşusu və sarımsaqla verilir. Xəmir çəkilib hazırlandıqdan sonra qazanda qaynayan suya tökülməlidir.  
Bu barədə isə bizə Gülyaz xanım məlumat verir. Deyir ki, sürhüllü qaxac edilən və ya təzə kəsilən ətlə bişirilir. Altı nəfərlik xörəyin bişirilməsi üçün bir kiloqram un lazımdır. Xörəkdə istifadə olunacaq ətli şorba əvvəlcədən bişirilir.

Xörək üçün ayrılan buğda unu ələndikdən sonra çox da bərk olmayan xəmir yoğrulur, ona azca duz vurulur. 10-15 dəqiqə mayalandıqdan sonra taxtanın üzərində kündələnir, əllə uzunsov formada yumrulanır, kəsilərək kiçik bərabər hissələrə bölünür. Və bu fikirlərini tamamlayan Gülyaz xanım sinidəki sürhüllünü astaca qazana tökür. Yeri gəlmişkən, Gülyaz xanım onu da diqqətə çatdırır ki, odun-ocaqda bişirilən sürhüllü daha dadlı və təamlı olur. 


Əhmədovlarla söhbət əsnasında onu da öyrənirik ki, Sarıbaşda qurudularaq qaxac edilən ətdən sürhüllü, əriştə, xingilli kimi xəmir xörəkləri hazırlanır. Adətən xəmir xörəkləri qış aylarında bişirilirdisə son illər yaz-yay aylarında da hazırlanır. Axı bu kəndə yerli və xarici turistlər ilin bu fəslində daha çox baş çəkir.  

Qeyd edək ki, Şimal-Qərb bölgəsində Qax rayonu daxil Zaqatala və Balakəndə qaxac hazırlamaq adəti qədim dövrlərdən gəlir.

Qurudulan ətdən bişirilən xörəklər bu rayonların mətbəxini daha da zənginləşdirib, onu digər bölgələrdən fərqləndirib. Ümid edək ki, qarşıdakı illərdə Sarıbaşın yol məsələsini həllini tapacaq, turizm sektoru inkişaf edəcək, yerli və xarici turistlər bu ucqar kəndə həm də sürhüllü yeməyə üz tutacaqlar.   










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO