Dini konfessiyalar Qəbələdə bir araya gəldi – FOTO 

Dini konfessiyalar Qəbələdə bir araya gəldi – FOTO 

Hazırda oxunan: Dini konfessiyalar Qəbələdə bir araya gəldi – FOTO 

163923

Ölkəmizdə müxtəlif dinləri təmsil edən xadimlər ilk dəfə bölgə olaraq Qəbələdə bir araya gəlib, birgəyaşayışın Azərbaycan modelindən bəhs olunub, Nic kəndindəki Məryəm Ana kilsəsində birgə dua mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir.

Bu mənada Qəbələnin Nic qəsəbəsi təkcə ölkəmizdə deyil, dünyada tolerant mərkəzlərdən biri kimi tanınır. Dünyada yaşayan udilərin ana vətəni məhz Nic qəsəbəsidir. Bu qəsəbədə iki məscid və üç kilsə fəaliyyət göstərir.

Bu gün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilən və Vətən müharibəsi günlərində istifadəyə verilən Məryəm Ana kilsəsində ölkəmizdə fəaliyyət göstərən dini konfessiya nümayəndələrinin birgə dini dua ayini təşkil edilib. 

Dua mərasimindən əvvəl dini konfessiya nümayəndələrinə Məryəm Ana kilsəsi barədə məlumat verilib. Onun bərpa və restavrasiyası müddətində həyata keçirilən işlərdən danışılıb. 

Daha sonra kilsənin daxilində şamlar yandırılıb, birgə yaşayış mövzusunda sərgiyə baxış keçirilib. 

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, bu gün biz birgəyaşayış modelində yaşayırıq.

“Bu günlər gözəl günlərdir. Zəfər günü, Bayraq günü oldu, Sabah Konstitusiya günü olacaq. Bu həftə Azərbaycanda Tolerantlıq günü də adlandırmaq olar. Bunlar hamısı bir həftə ərzində keçirilir. Fikirləşdik ki, iş günləri də deyil və belə qərarlaşdıq ki, Azərbaycanda olan bütün dini icmalar gəlib bir yerdə dua edək. Bu gözəl məkanda Müqəddəs Məryəm Ana kilsəsində bir yerdə dua etdik” deyən icma sədri sözlərinə onu da əlavə edib ki, gələcəkdə də belə mərasimlərin keçirilməsi nəzərdə tutulur. 

Mərasimə qatılan Azərbaycan Bibliya cəmiyyətinin sədri Rasim Xəlilov da mərasimə qatılmaqdan qürur duyduğunu ifadə edib. O, bildirib ki, bu gün Azərbaycan elə möhtəşəm proseslər baş verir ki, təkcə xalqlar deyil, həm də dinlər, insanlar birləşir.

“Bəzən tolerantlq haqda sual verirlər. Qeyd edim ki, Azərbaycan xalqı üçün bu heç də yeni ifadə deyil. Tolerantlıq Azərbaycan xalqının qanındadır. Biz elə bir ölkədə yaşayırıq ki, buradakı tolerantlıq mühitini digər dünya ölkələrinə nümunə göstərə bilərik”- deyə R. Xəlilov fikrini tamamlayıb. 
Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələri öz ana dillərində ölkəmizin birlik və bərabərliyi üçün dua edib, şəhidləri rəhmətlə anıb, qazilərə şəfa diləyib. 





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO