Valideyn niyə öz uşağına “Cani” və ya “Cinayətkar” adını verib? – AÇIQLAMA

Valideyn niyə öz uşağına “Cani” və ya “Cinayətkar” adını verib? – AÇIQLAMA

Hazırda oxunan: Valideyn niyə öz uşağına “Cani” və ya “Cinayətkar” adını verib? – AÇIQLAMA

161324

“Seva”, “Cana”, “Nəmuşka”, “Viva”, “Azka”, “Cani”, “Cinayətkar”, “Samovar”. Yaxud da “Aminə”, ehdi adını “Məhdi”, “Aziz” və s. 

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaydığı məlumata görə, bunlar son dövrlərdə bəzi valideynlər tərəfindən yeni doğulan uşaqlara verilən adlardır. 

Məlumatda bildirilir ki, hər gün qəribə adlarla bağlı müraciət edirlər: 
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycanda 1972 əkiz, 93 üçəm, 4 dördəm doğulub


“Ən çox addəyişmə problemdir və bu adlar həddindən artıq gülüş doğurur, uşaqların gələcəyinə, taleyinə mənfi təsir edirsə, onların qarşısı alınır. Belə adlar qoyulan gənclər 18 yaşa çatandan sonra qeydiyyat idarələrinə adlarının dəyişilməsi ilə bağlı müraciət edirlər. 

Buna görə də o adların əksəriyyəti Azərbaycan dilinin adlar sistemindən xoşagəlməz adlar kimi çıxarılıb. Bəzi valideynlər baxdıqları filmdəki adı təklif edirlər. Azərbaycan dilinin öz qanunları var, bu qaydalar əsasında ədəbi dil normalarına uyğun olaraq bu adlar yazılır”.

Bəs, valideynlər niyə övladlarına bu cür adlar verirlər?

Mövzu ilə bağlı fikirilərini Bizim.Media-ya açıqlayan sosioloq Üzeyir Şəfiyev, bu məsələnin çox həssas olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, ad uşağın sosiallaşmasında, xarakterinin formalaşmasında və şəxsiyyət kimi yetişməsində böyük rol oynayır:

“Buna görə də elə adlar verilməlidir ki, uşağın şəxsiyyət kimi inkişaf etməsinə təsir göstərsin. Valideynlərə bu məsələdə həssas yanaşmalarını tövsiyə edirəm. Bir çox hallarda hansısa filmdən, ya da serialdan mənasını bilmədiyi bir adı götürür və öz uşaqlarına verirlər. 

Yaxud da qəribə və ya arxaik adlardan istifadə edirlər ki, uşaq böyüdükcə və özünü dərk etdikcə, xəcalət çəkməyə başlayır, yaxın ətrafının və dostlarının replikalarına məruz qalır. Hətta onun psixologiyasında dərin izlər buraxa bilir. Buna görə də haqlı olaraq, adlarından imtina edirlər. Cəmiyyət tərəfindən də bu, haqlı olaraq etirazla qarşılanır”.

Azərbaycan tarixinin kifayət qədər zəngin olduğunu və çoxlu şəxsiyyətlərin yetişdiyini söyləyən sosioloq, “Kitabi Dədə Qorqud” dastanından misal çəkib:

“Qədimdə uşaq hansısa qəhramanlıq və ya şücaət göstərməklə ad qazanırdı. Sonrakı dövrlərdə də hanısısa proseslər uşaqların ad qazanmasında mühüm rol oynayıb. Məsələn, hansısa qəhramanların, hansısa tarixi şəxslərin adlarından geniş istifadə olunub. Yaxud da Vətən müharibəsində böyük qəhramanlıqlar göstərmiş şəxslər ortaya çıxdı və çoxu ya şəhid, ya da qazi oldu. Məhz onların adlarını övladlarımızda yaşatmaq lazımdır”. 

Müsahibimiz qeyd edib ki, müvafiq qurumlar da bu məsələdə diqqətli olmalıdırlar:

“Onlar ailələr arasında maarifləndirmə tədbirlərini genişləndirməli və gənc valideynləri, yaxud valideyn olmağa hazırlaşan cütlükləri başa salmalıdırlar. Əgər savadsız insanlardırsa, həmin qurumlar ad seçməkdə onlara kömək etməlidirlər. Yaxud da həmin insanlar öz böyüklərindən savadlı və təcrübəli yaxınlarından məsləhət alsınlar. Ona görə ki, qoyulan ad uşağın inkişafına və sosiallaşmasına müsbət təsir göstərə bilir”. 

Ü.Şəfiyev düşünür ki, evlənmək və ailə qurmaq hələ ailə sahibi olmaq mənasına gəlməməlidir:

“Yaxud da uşaq dünyaya gətirmək o demək deyil ki, onlar mütləq valideyn olurlar. Hər övladı olan da valideyn sayılmamalıdır. Hətta elə cütlüklər var ki, ailə dəyərlərinin mənasını və valideynlik missiyasının nədən ibarət olduğunu başa düşmürlər. Ancaq həm İslam dinində, həm də qanunvericiliyimizdə valideynlərin övladları qarşısındakı vəzifələri açıq şəkildə əks olunub. Valideynlik hüququ uşaqların mənafelərinin tapdalanmasına imkan verməməlidir”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO