\

\"Vətən müharibəsində dövlət təhlükəsizlik orqanlarının qəhrəmanlığının şahidi olduq\" – Heydər Mirzə

Hazırda oxunan: \"Vətən müharibəsində dövlət təhlükəsizlik orqanlarının qəhrəmanlığının şahidi olduq\" – Heydər Mirzə

16096

“İlk cumhuriyyətimiz dövründə yaradılan, bu gün isə 102-ci ildönümünü keçirən dövlət təhlükəsizlik orqanlarımızın tarixi əslində daha dərindir. Bu gün xüsusi xidmət adlandırdığımız məfhum hər zaman olub, xalqımızın da zəngin dövlətçilik ənənəsində bu istisna deyil.

Şirvanşahlarda, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində, daha sonra isə Səfəvi dönəmində dövlətin bu cür həssas işlər ilə məşğul olan müvafiq vəzifəli adamları olub”. 

Bu sözləri Bizim.Media açıqlamasında hərbi ekspert Heydər Mirzə Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan tarixində oynadığı əvəzolunmaz rolu haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, sovet dönəminində müstəqil dövlətçilikdən məhrum olsaq da, bu gün dövlət təhlükəsizlik və xarici kəşfiyyat orqanlarımızın fəaliyyətində o zəngin təcrübə əvəzolunmaz rol oynayır. 

“İlk növbədə institusional təcrübəni nəzərdə tuturam ki, onun da əsası Sovet dönəmində xüsusi xidmət orqanlarının maksimal dərəcədə milliləşməsi və bacarıqlı yerli kadrlarla komplektləşdirilməsi yolu ilə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan kiçik bir dövlətdir, Cənubi Qafqaz isə xüsusi mürəkkəbliklə fərqlənin bir regiondur.
 

Regionumuzun siyasi, iqtisadi və hərbi lideri olsaq da, həm regional, həm qlobal mənada baş verən proseslər, digər güclü oyunçuların maraqları, onların aralarında gedən mübarizə və s. – bunları da unutmamalıyıq.


Real həyatda xüsusi xidmət orqanlarının fəaliyyəti heç seriallarda olduğu kimi deyil. Onlar real həyatda nə Ceyms Bond deyillər, nə də ki gözlərindən şimşək çaxmır. Sizi, bizi, hamı kimi insanlardır. Ailələri, ümidləri, hissləri, ehtiyacları var. Bildiklərini, gördüklərin, eşitdiklərini isə yalnız özlərinə qalır”. 

Ekspert Dövlət Təlükəsizlik Xİdmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı göstərdiyi şücaətlərdən da danışıb:           
 

“Baxın, biz 44-günlük Vətən müharibəsində xüsusi təyinatlı hərbi birləşmələrimiz arasında dövlət təhlükəsizlik orqanlarını təmsil edən birləşmələrin də qəhrəmanlığını gördük, onlar ən əhəmiyyətli, ən qızğın döyüşlərdə iştirak etdilər, şəhidləri oldu, qazi oldular.


Amma bu işin görünən tərəfidir, bunun belə adlandırmaq olarsa. Aysberqin görünməz hissəsi isə uzun illərdir ki, həmin o görünməz cəbhənin isimsiz qəhrəmanları tərəfindən aparılan və miqyası təsəvvür edilməz nəhəng işdir. Həm ölkə daxilində, həm də xaricdə”. 

Heydər Mirzə hazırda işğaldan azad olunan torpaqlarda DTX-nın missiyasının daha da məsuliyyətli olduğundan da söz açıb. 

“Tam əminliklə deyə bilərik ki, bundan sonra bu orqanların xüsusən daxili təhlükəsizlik baxımından işğaldan azad olunan ərazilərdə terrorla preventiv mübarizə baxımdan rolu artacaq.
 

Yadınızdadırsa, işğaldan azad olunan ərazilərdə ilk bərpa olunan dövlət orqanları arasında məhz DTX-nın yerli idarələri idi. Bu da başadüşülən və gözlənilən idi”.


Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizlik Xİdməti orqanlarının yaranmasından 102 il ötür.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO