Oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 74-cü sessiyasında iştirak edib.
Komitənin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, sessiyada Azərbaycan hökuməti adından çıxış edən Fuad Hüseynov Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq və deportasiya siyasəti, onun tarixi və nəticələri, bu siyasət nəticəsində ağır məhrumiyyətlərlə üzləşmiş qaçqın və məcburi köçkünlər haqqında ətraflı məlumat verib.
O qeyd edib ki, Vətən müharibəsində qazandığı qələbə nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib.
Qaçqın və məcburi köçkünlük həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın doğma yurdlarına qayıtması üçün imkan yaranıb. Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.
Diqqətə çatdırılıb ki, Böyük Qayıdışın təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasının İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra edilir.
Müasir standartlara uyğun olaraq, bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə 500-dən çox məcburi köçkün ailəsi köçürülüb, bu ilin sonuna qədər ümumilikdə 2000-ə yaxın ailənin işğaldan azad edilmiş ərazilərə qayıdışı təmin ediləcəkdir.
Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad edilmiş ərazilərə köçürülməsi planlaşdırılıb.
Məcburi köçkünlər kimi, 300 mindən çox azərbaycanlı qaçqının da tarixən yaşadığı torpaqlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququ var. Azərbaycan ədalətli və konstruktiv əməkdaşlıq ruhunda miqrasiya və qaçqınlarla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün ciddi səylər göstərir.
Dövlət Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı dəfələrlə, rəsmən bəyan edib ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq, vətəndaşlarımızla eyni hüquqlara malik olacaqlar.
Azərbaycan Ermənistan sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiya etməkdə qərarlıdır. Vurğulanıb ki, Azərbaycanın regionda sülhün əldə olunması üçün göstərdiyi xoş niyyətə və üçtərəfli Bəyanata əməl etməyə dəfələrlə çağırışlar etməsinə, bütün erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərindən çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistan minaları yerləşdirməyə və Azərbaycanın suveren ərazisində qanunsuz silahlı birləşmələr saxlamağa davam edib.
Azərbaycan hərbi təxribatlara cavab olaraq, beynəlxalq humanitar hüquq normalarına tam uyğun olaraq, yerli antiterror tədbirləri həyata keçirib və zərərin qarşısının alınması üçün bütün tədbirlər görülüb.
Bu zaman mülki əhali və infrastruktur hədəfə alınmayıb. Qarabağı tərk etmək istəyən ermənilərə təhlükəsiz şərait yaranıb, onlara zəruri tibbi, qida və digər dəstək verilib.
Oktyabrın əvvəlində BMT-nin Qarabağa səfər etmiş missiyası da mülki infrastruktura ziyan dəymədiyini, mülki şəxslərə qarşı zorakılıq faktı qeydə alınmadığını bildirib.
Qeyd olunub ki, Ermənistan bütün yaşayış sahələrini yerlə-yeksan edib, Azərbaycan torpaqlarını mina və digər partlamamış hərbi sursatlarla o dərəcədə çirkləndirib ki, bu gün beynəlxalq ekspertlərin fikrincə, bu dünyada minalarla ən çox çirklənmiş ərazilərdən biri hesab olunur.
2020-ci ildən indiyədək işğaldan azad edilmiş ərazilərdə 331 azərbaycanlı mina nəticəsində həlak olub və yaralanıb, onların arasında 30 ildir doğma yurduna qayıdışı səbirsizliklə gözləyən məcburi köçkünlər də var.
Ərazilərin minalarla çirkləndirilməsi və infrastrukturun tamamilə məhv edilməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin birgə səyləri ilə Azərbaycan yaxın bir neçə ildə məcburi köçkünlərin münaqişədən sonrakı reabilitasiyası və reinteqrasiyasının yeni modelini təqdim etmək iqtidarında olacağına əminlik ifadə olunub.
Bildirilib ki, məcburi köçkünlər üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitliyin möhkəm təməlidir və bu baxımdan uzun müddət davam edən bu münaqişəyə son qoyulması bu faciənin insan siması olmuş məcburi köçkünlərin əsas fundamental hüquqlarının bərpası deməkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:07 / 10.10.2023
Fuad Hüseynov: “İlin sonunadək ümumilikdə 2000-ə yaxın ailə doğma yurduna köçürüləcək”
Hazırda oxunan: Fuad Hüseynov: “İlin sonunadək ümumilikdə 2000-ə yaxın ailə doğma yurduna köçürüləcək”
Hazırda oxunan: Fuad Hüseynov: “İlin sonunadək ümumilikdə 2000-ə yaxın ailə doğma yurduna köçürüləcək”
159246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.