Ölkə əhalisinin 72.4%-i hesab edir ki, lokal antiterror tədbirləri Azərbaycanla Ermənistan arasında sülh prosesini sürətləndirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Sosial Tədqiqatlar Mərkəzi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Qranada görüşündən İMTİNA ETDİ
Məlumatda deyilir ki, postsovet məkanındakı ən uzunmüddətli münaqişənin 44 gün ərzində həllindən sonra Azərbaycan regionda arzulanan sülh və sabitlik təşəbbüsü ilə çıxış edib.
10 noyabr tarixli üçtərəfli bəyanat münaqişəyə son qoyan ilk hüquqi sənəd rolunda çıxış etməklə, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən olunması, sülh razılaşması, nəqliyyat dəhlizlərinin açılması və digər mühüm istiqamətlər üzrə danışıqlara start verilib.
Beynəlxalq məkanda yaranan təhlükəsizlik boşluğu Cənubi Qafqazda sülhün əldə olunmasını daha da zəruri etməklə, beynəlxalq vasitəçilik səylərini gücləndirib. Azərbaycan və Ermənistan arasında sülh danışıqları üzrə Rusiya ilə yanaşı, Avropa İttifaqı və ABŞ vasitəçi rolunda çıxış etməyə başlayıb.
2023-cü ilin may ayında Brüssel görüşü zamanı iki ölkə ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə birmənalı sadiq olduqlarını təsdiqləyiblər və sülh sazişi üçün uzunmüddətli danışıqlar planı barədə razılığa gəliblər.
Lakin Azərbaycanın "yeni sülh səhifəsini" açmaq niyyətinə baxmayaraq, Ermənistan tərəfi ötən üç il ərzində sülh müqaviləsini gecikdirmə taktikasına əl atıb. Sülh tənliyinin yeganə həlli yolu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, sülh gündəliyinin prinsiplərini yerinə yetirməsi çərçivəsində mümkün ola bilərdi.
Lakin Ermənistan Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsini, status mexanizmlərini sülh gündəliyinin tərkibinə daxil etməklə sözdə “hərtərəfli sülh danışıqları” ilə sülhquruculuğu prosesini mürəkkəbləşdirib.
Ötən dövrdə keçmiş qondarma rejimi sülh danışıqlarının subyektinə çevirmək niyyəti, ATƏT-in Minsk qrupunu sülh danışıqlarına cəlb etmək cəhdləri, həmçinin qondarma rejim rəhbərinin sülh müqaviləsini “kağız parçası” hesab etməsi, “xarici işlər naziri”nin “Qarabağın yerinə heç kim qərar verə bilməz” ritorikası Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanmasına qarşı yaradılan maneələrin tərkib hissəsi olub.
Azərbaycanın Qarabağ bölgəsində təhlükəsizliyin və Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabrda başlatdığı antiterror tədbirləri yekun etibarilə Qarabağda qondarma rejimin ləğvinə və status müzakirələrinə son qoymaqla Ermənistanla sülhün əldə olunması qarşısında maneələri praktiki olaraq aradan qaldırıb.
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusu Azərbaycan cəmiyyətinin antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanacağı barədə nikbin mövqedə olduğunu göstərib.
“Keçirilmiş antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcəkmi?” sualına münasibətdə respondentlərin 72.4%-i “bəli” cavabını verib.
Sorğuda iştirak edənlərin 21.4%-i bu barədə əks mövqedən çıxış edib, 6.2%-i fikir bildirməkdə çətinlik çəkib.
Surxay Atakişiyev, Bizim.Media