Azərbaycan separatizminin kökünü qaşıdı. Lakin, bəzi qlobal güclər erməni separatizmini qonşu dövlətlərə transfer etməkdə maraqlıdırlar. Bu məsələdə separatizmin alovlanacağı ölkə kimi ilk ağıla gələn Rusiyadır. Təsadüfi deyil ki, son günlər ermənilər Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edirlər.
Məsələn bu günlərdə erməni hərbi ekspert Vladimir Poqosyan “biz gəlib Armavir, Soçi və Krımı ala bilərik. Krımın 70%-i ermənidir”, - deyə bəyanat verib. Erməni hərbi ekspertin bu fikirləri təbii ki, bəzi dairələrin diqqətini cəlb edib.
Mövzu ilə bağlı Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenkonun fikirlərini öyrəndik.
O, Bizim.Media-ya özəl açıqlamasında bildirib ki, indiki məqamda erməni hərbi ekspert Vladimir Poqosyanın dedikləri Ermənistanın rəsmi mövqeyini ifadə etmir:
MÖVZU İLƏ BAĞLI:
Korotçenko: “Qarabağda yeni reallıq Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir”
“Ona görə də Poqosyanın cəfəng fikirlərinə Rusiyanın rəsmi münasibəti olmayacaq. Lakin, baş verən tarixi prosesləri analiz edərkən görərik ki, SSRİ-nin dağılmasının əsas səbəbi separatizm olub. Vaxtilə əksər analitiklərin, xüsusən də ermənilərin əsas məqsədi bu olub ki, Sovet cəmiyyətində siyasi böhran və yaxud ictimai xaos yaratsınlar. Bu istiqamətdə bir zamanlar ən çox Baltikyanı ölkələrin, Ukraynanın və ermənilərin ekspertləri daha çox canfəşanlıq edirdilər.
Nə yazıq ki, separatizmi alovlandıra biləcək bəyanatlar bu gün də var. Təbii ki, Rusiya Federasiyasının xüsusi orqanları, xüsusən də Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi separatizmin baş qaldırmaması üçün ciddi iş aparır və profilaktik tədbirlər həyata keçirir.
Təbii ki, ermənilərin təşkil edə biləcəyi separatçı hərəkətlər Rusiya kimi çoxmillətli bir ölkədə daha qorxulu separatizmin baş qaldırmasına səbəb ola bilər. Ona görə də hazırda Rusiya dövləti üçün bir nömrəli vəzifə separatizm ocaqlarının yaranmasının qarşısını almaqdır”.
Baş direktor əminliklə bildirib ki, xüsusi xidmət orqanları bu sahədə öz işini görür:
“Nəzərə alaq ki, Cənubi Qafqazda separatizmin acı təcrübəsini görüb, yaşamışıq. Azərbaycanın ərazilərinin 20 faiz hissəsi 30 il ərzində “miatsum” iddiaları hesabına işğal altında saxlanılıb. Ona görə də istənilən separatçı hərəkətə və çağırışa çox diqqətlə yanaşmalıyıq. Rusiya öz ərazisində separatizmin baş qaldırmasına qətiyyən yol verməməlidir. Bu mənada Azərbaycanın erməni separatizmi ilə mübarizə üsulu hər bir dövlət üçün örnək olmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media