Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərindən sonra separatçılar silahlarını təhvil verib, ölkə ərazisindən çıxmağa başladılar. Lakin Qarabağın sivil əhalisi də kütləvi şəkildə bu əraziləri tərk edir. Onlar Azərbaycan telekanallarına müsahibələrində Qarabağdan çıxmaq səbəblərini Ermənistan hakimiyyətinin tələbi ilə əlaqəli olduğunu bildirirlər.
Maraqlıdır, Paşinyan iqtidarı bu cür tələblə çıxış etməklə nəyi hədəfləyir?
Politoloq Zərdüşt Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, Ermənistanın növbəti planı üçüncü transformasiyadır:
“Ermənistan tarixi üç transformasiyaya bölünür. Birincisi, Sovet dövründə Moskva rəhbərliyinin qərarı ilə Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi ilə bağlıdır. Ermənilər o zaman xalqın savadsızlığından istifadə edib “miatsum” məsələsini qaldırmışdılar. Lakin Azərbaycan tərəfi bunu qətiyyətlə rədd etdiyi üçün “miatsum” ideyası reallaşmadı.
İkinci transformasiya isə müqəddəratın təyin edilməsi ilə bağlı idi. Müqəddəratın təyin edilməsi beynəlxalq hüquqda təsdiq edilib, lakin bu, müstəmləkə ölkələrinə aiddir. Qarabağ isə müstəmləkə deyil. Bu məsələ ilə ermənilər 25 ildən çox baş ağrıtdılar”.
Ekspert bildirib ki, Ermənistan hakimiyyəti 2020-ci ildə başa düşdü ki, Azərbaycan Qarabağı işğaldan azad edəcək:
“Onlar bundan sonra iddiaları üçüncü transformasiyaya uğradı. Paşinyan 2021-ci ildə Parlament seçkilərində öz partiyasının proqramında “xilas naminə ayrılmaq” yazmışdı. “Xilas naminə ayrılmaq” Kosova nümunəsidir. Qərb dövlətləri Serbiyanı bombalayıb ordusunu Kosovadan çıxarmağa məcbur etmişdi. Serbiya qoşunlarını çıxaran kimi, Qərb dövlətləri Kosovanı müstəqil dövlət elan etdilər.
Ermənilər də ümid edirlər ki, onlar Qarabağdan çıxandan sonra bütün dünyaya sübut edəcəklər ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilmir. Buna görə də, Qarabağ ermənilərinin “vətəni”ni onlara qaytarmaq üçün Haaqa Məhkəməsinə müraciət edəcəklər. İddiaları da bu olacaq ki, guya azərbaycanlılar Qarabağda etnik təmizləmə işi aparır. Yəni üçüncü transformasiya məhz onların növbəti planıdır.
Zərdüşt Əlizadənin sözlərinə görə, Ermənistan hakimiyyəti yenə də vəziyyəti düzgün qiymətləndirməyib:
“Çünki onların əsas kimi göstərdikləri Serbiya-Kosova məsələsində Serbiya məğlub olmuşdu. Azərbaycan isə qalib ölkədir. Bundan əlavə, ermənilər jurnalistlərə açıqlamalarında Azərbaycan tərəfinin onları qovmadığını, əksinə öz rəhbərlərinin belə bir tələb irəli sürdüyünü vurğuladılar. Bu da bizim əlimizdə bir sübutdur.
Ermənilər Hikmət Hacıyevin dediyi kimi, “Game Over”i, yəni oyunun bitdiyini dərk etsələr, Avropadan xahiş edəcəklər ki, köçkünləri yerləşdirmək üçün maddi yardım lazımdır. Sülh sazişinin imzalanması isə Paşinyanın iradəsindən və onu idarə edən Qərb dövlətlərindən, əsas da Fransadan asılıdır. Makronun ağlı kəssə ki, Fransa Ermənistana yardım edə bilməyəcək, o zaman sülh olacaq. Əks təqdirdə isə proseslər uzanacaq. İndi Paşinyan Ermənistan üçün əsas siyasi fiqura çevrilib. Sülh onun iradəsindən asılıdır”.
Cahan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:20 / 02.10.2023
“Makron Ermənistana kömək edə bilməyəcəyini anlasa, sülh olacaq” – Zərdüşt Əlizadə
Hazırda oxunan: “Makron Ermənistana kömək edə bilməyəcəyini anlasa, sülh olacaq” – Zərdüşt Əlizadə
Hazırda oxunan: “Makron Ermənistana kömək edə bilməyəcəyini anlasa, sülh olacaq” – Zərdüşt Əlizadə
157951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.