Problemli kreditlərin artmasının ƏSL SƏBƏBLƏRİ – Yüksək faizlər, vətəndaş məlumatsızlığı...

Problemli kreditlərin artmasının ƏSL SƏBƏBLƏRİ – Yüksək faizlər, vətəndaş məlumatsızlığı...

Hazırda oxunan: Problemli kreditlərin artmasının ƏSL SƏBƏBLƏRİ – Yüksək faizlər, vətəndaş məlumatsızlığı...

157398

Azərbaycan Mərkəzi Bankının yaydığı son hesabata əsasən, avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 mln. manat artaraq 21 milyard 814.2 mln. manata yüksəlib. Kredit portfelinin strukturunun 54.2%-i (11,821.8 mln. manat) biznes kreditlərinin, 29.9%-i (6,532.5 mln. manat) istehlak kreditlərinin, 15.9%-i (3,459.9 mln. manat) isə ipoteka kreditlərinin payına düşüb. Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 mln. manat, istehlak kreditləri 156.5 mln. manat, ipoteka kreditləri isə 86.6 mln. manat artıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.4% təşkil edib. Təbii ki, borclanmanın artması bir sıra faktorlarla bağlıdır.

Burada təkcə bankların yüksək faiz siyasəti yox, əhalinin düşünmədən, ciddi səbəb olmadan kredit üçün baş vurması da mühüm rol oynayır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimov, borclanmanın əslində iqtisadi aktivliyin artması ilə bağlı olduğunu söylədi.

“2015-ci ildən bəri problemli kreditlərin çəkisi dəyişməyib”

Azərbaycandakı kreditləşmə və borclanma siyasətinin 2015-ci ildə köklü şəkildə dəyişdiyini deyən ekspert, həmin il ardıcıl baş verən iki devalvasiyanın kredit siyasətinin bütün iştirakçılarını problemlərlə üz-üzə qoyduğunu diqqətə çatdırıb:

“İstər banklar, istər əmanət yerləşdirən, istərsə də kredit götürən vətəndaşlar çıxılmaz vəziyyətdə qaldı. Onun izləri bu günə qədər də qalmaqdadır və o vaxtdan Azərbaycanın kredit siyasətində bəzi dəyişikliklər edildi”.

Onun sözlərinə görə, ölkəmizdə problemli kreditlərin çəkisi heç zaman dəyişməyib: “İstehlak krediti üçün banka müraciət edənlər arasında elələri də var ki, onlar üçün pulu qaytarmaq maraqlı deyil. Amma ölkə üzrə onların çəkisi azdır. Ona görə ki, artıq banklar da ehtiyatla hərəkət edirlər.

2020-2021-ci illərdə tüğyan edən pandemiya ilə əlaqədar əhalinin borclanma səviyyəsi kifayət qədər azalmışdı. Ötən illə müqayisədə isə cari ildə kreditlərin məbləği artdıqca, borclanmanın da həcmi artır. Bunu da bank sistemində və ya biznes mühitində olan probemlərlə əlaqələndirə bilərik”.

Hazırkı inflyasiya dövründə kreditlərin məbləğinin artmasının əsl səbəblərini açıqlayan ekspert bildirdi ki, bu dövrdə banklar öz kredit faizlərini artırmasalar da, vətəndaşlar daha çox kredit götürməyə maraq göstəriblər:

“Onlar bilirlər ki, inflyasiya öz işini görəcək və buna dörə də borclanmaya gedirlər. Beləliklə də istənilən əmlakın alınması, yaxud öz bizneslərinin böyüməsi üçün bəzi işlər görürlər. Bu da daha çox banklar üçün təhlükəlidir.

Ona görə ki, bank indiki inflyasiya rəqəmlərinin indeksini nəzərə almasalar, ilin sonunda gəlir əldə etməyə bilərlər. Vətəndaşın niyyəti isə əldə etdiyi krediti müəyyən sahəyə cəlb etmək və bundan mənfəət əldə etməkdir”.

“İstehlak kreditləri Azərbaycan üçün ümumi bəlaya çevrilib”

Ekspert, hər kiçik bir problemdən ötrü kredit götürmək istəyən vətəndaşlara diqqətli olmağı tövsiyə etdi:

“Əgər bir şəxsin məşğul olmaq istədiyi biznes sahəsi ilə bağlı anlayışı və biznes planı yoxdursa, borclanmaya getməsin. Bütün hallarda borclanmanın məbləğinin qanunvericiliyə uyğun şəkildə ondan tələb olunacağını bilməlidir. Bu gün bank sistemi kreditlərin verilməsi zamanı özünü sığortalayır.

Əgər hansısa formada öhdəlik yerinə yetirilməsə, vətəndaş cavabdehlik daşıyacaq. Bütün hallarda risklər dəyərləndirilməlidir. Əgər bu olmasa, kreditin götürülməsi məsləhət olunmur”. Bir çox hallarda vətəndaşlar krediti biznes üçün deyil, həm də istehlak məqsədilə götürürlər.

Sonra isə bu pul başqa məqsədlər üçün sərf olunur, yəni ya bahalı telefon, ya evinə bahalı mebel və ya başqa əşyalar alır, sonra uzun illər banklara borc qaytarırlar…

İstehlak kreditlərinin Azərbaycan üçün ümumi bir bəla olduğunu söyləyən müsahibimiz, vətəndaşlarımızın belə hallarda düzgün hesablama aparmadıqlarını bildirib:

“Öz məsuliyyətlərini, eləcə də gəlirləri ilə xərcləri arasındakı göstəriciləri bölə və dəyərləndirə bilmirlər. Buna görə də ən problemli kreditlər bu sahədədir və bu gün borclanmanın əsasını təşkil edir.

Hətta araşdırma aparsaq, kommersiya məhkəmələrinin əsas predmetini bu qəbildən olan kreditlər təşkil edir. Həm zamin duranlar, həm də birbaşa kredit götürənlər öz risklərini daha dərindən bilməlidirlər. Ən azından ətraflarında bu sahədən anlayışı olanlar varsa, onlardan məsləhət alsınlar.

Əks halda təkcə məhkəmə çəkişmələri üz-üzə qalmayacaqlar, eyni zamanda bu vəziyyətailədə qarşıdurmalara, ayrılmalara, sağlamlığın itirilməsinə və sonda intiharlara səbəb olacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO