ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sentybarın 25-də keçirilən mətbuat konfransında bildirib ki, oktyabrın 5-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında İspaniyanın Qranada şəhərində növbəti görüş gözlənilir.
Bununla bağlı olaraq, sentyabrın 26-da Brüsseldə iki ölkənin nümayəndələri arasında məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur. Görüşdə Ermənistandan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Azərbaycandan isə Prezidentin köməkçisi Hikmət Hacıyev iştirak edəcək.
MÖVZU İLƏ BAĞLI:
İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır - Alen Simonyan
Metyu Miller bildirib ki, Azərbaycan və Ermənistanın davamlı sülh sazişi əldə etməsi olduqca vacibdir.
“Biz bir müddətdir bunun təbliğatını aparırıq. Biz açıq şəkildə dedik ki, hər iki tərəf çətin kompromislərə getməyə hazır olarsa, buna nail olmaq olar. Açığı, biz son bir neçə ayda belə bir şey görməmişik. Qeyd edim ki, Prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. Biz onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumu aradan qaldırmasının vacib olduğuna inanırıq”, - deyə Miller qeyd edib.
Qeyd edək ki, Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatı regionda yeni bir situasiya yaradıb. Onun nəticəsində artıq Azərbaycan Qarabağa tam nəzarət edir. Baş verən bu proses nəticəsində Qarabağ məsələsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına artıq əngəl ola bilməyəcək.
Bəs, Qranda görüşündə sülh müqaviləsininin imzalanması üçün lazımi razılaşmalar əldə oluna bilərmi?
Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, tərəflərin Qranada görüşündə sülh müqaviləsinin imzalanma vaxtı və yeri müzakirə predmeti olacaq:
“Azərbaycan Prezidentilə Ermənistan baş naziri arasında Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüşdə ölkələr arasındakı münasibətlər, Qarabağ və sülh müqaviləsinin imzalanma vaxtı və yeri müzakirə oluna bilər.
Son prosesdən sonra bunun baş verəcəyinə ümidlər artıb. Artıq sülh prosesinin əldə olunması yolunda demək olar ki, heç bir maneə qalmayıb. Bu mənada görüşdə sülh sazişinin imzalanma vaxtı və yerinin müzakirə edilməsi və bu istiqamətdə real addımın atılması ehtimalı daha böyükdür”.
Rüfət Sultan, Bizim.Media