Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Human Rights Watch” təşkilatının 2021-ci il 19 mart tarixli hesabatında guya Ermənistan əsirlərinə qarşı pis rəftara dair iddiaları ilə bağlı şərh verib.
Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə şərhdə deyilir:
MÖVZU İLƏ BAĞLI:
Səbinə Əliyevadan erməni ombudsmana layiqli CAVAB
“Təəssüflə qeyd edirik ki, “Human Rights Watch” (HRW) təşkilatının bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabatı qərəzli yanaşmanı əks etdirir və beynəlxalq ictimaiyyəti çaşdırır.
Münaqişələr, onların nəticələri, müharibə əsirləri, iddia edilən beynəlxalq humanitar hüququn pozulması və s. kimi həssas mövzulara dair hər hansı bir hesabatda obyektivlik prinsipinə riayət olunmalı və birtərəfli mövqedən yayınmaq üçün yalnız yoxlanılmış faktlardan və əsaslandırılmış arqumentlərdən çıxış edilməlidir.
Müstəqil beynəlxalq və yerli insan hüquqları qurumları kimi etibarlı mənbələr tərəfindən təqdim olunan materiallara və faktlara da istinad edilməlidir.
Təəssüf ki, HRW hesabatında bu prinsipləri görmürük. Əksinə, yenə də bu baxımdan ikili standartlara, həqiqətin və danılmaz faktların təhrif olunmasına şahid oluruq.
Azərbaycan tərəfindən 2020-ci il 10 noyabr tarixli birgə Bəyanata tam riayət edilməklə bütün erməni hərbi əsirlər Ermənistana geri qaytarılıb.
HRW təşkilatının qərəzsiz mövqe tutmalı və obyektiv bir araşdırma aparmalı olduğunu düşünürük. HRW və digər əlaqədar təşkilatları nifrətə və insan hüquqlarının daha da pozulmasına səbəb ola biləcək hər hansı bir qərəzli hesabat və ya bəyanat yaymaqdan çəkinməyə çağırırıq”.
Bizim.Media