Bakı yenə su ALTINDA - Kanalizasiya probleminin MÜQƏSSİRİ KİMDİR?

Bakı yenə su ALTINDA - Kanalizasiya probleminin MÜQƏSSİRİ KİMDİR?

Hazırda oxunan: Bakı yenə su ALTINDA - Kanalizasiya probleminin MÜQƏSSİRİ KİMDİR?

155754

Bakıya yağan yağış yenidən paytaxtın mərkəzi küçələrini iflic duruma salıb. Xeyli sayda ərazilər sel və gölməçələrə çevrilib. Yağış suları ilə birgə vaxtında qurulmayan yeraltı qurğular sistemi kanalizasiya tullantılarını da ortaya çıxarıb. Aidiyyəti və yerli qurumlar isə ciddi problemi həll etməkdə maraqlı deyillər. 

Ümumiyyətlə, Bakının kanalizasiya sisteminin akademik həlli illərdir ki, mümkün olmur. Dəfələrlə bu məsələyə toxunsaq da, “Azərsu” ASC həm mətbuatın, həm də ictimaiyyətin haqlı iradını “qulaqardı”na vurur. 
 

MÖVZU İLƏ BAĞLI:

Sel rayonlarda yollara ziyan VURDU 


Görünən dağa nə bələdçi?

Siyahı çoxluğundan tək-tək əraziləri qeyd etmirik. Yağış yağandan sonra şəhərə kiçik səyahət etməklə vəziyyətə şahid olmaq kifayət edir. Paytaxtın ən qaynar və mərkəz küçələrində hər yağışdan sonra dözülməz mənzərə açılır. 

20 il əvvələ qayıtsaq, kanalizasiya sisteminin şəhərdə hər hansı xoşagəlməz durum və ya böhran yaratmadığını xatırlamış olarıq. Çünki hazırki dövrdən fərqli olaraq həmin vaxt insanların məskunlaşdırılmasından öncə kanalizasiya sistemi qurulurdu. İndi isə əksinədir. Öncə evlər, binalar və ya obyektlər tikilir, insanlar məskunlaşdırılır, sonra mövcud olmayan kommunal təsərrüfatlar yada düşür. Əlbəttə ki, hazırki vəziyyətə digər səbəb kimi həm də paytaxtdakı əhali artımını ön plana çəkə bilərik. 

Məlumat üçün bildirək ki, 2022-ci ildə Bakıda əhali sayı, rəsmi statistikaya görə, 2 milyon 303 min 100 nəfərdən çoxdur. Amma qeyri-rəsmi rəqəmlər əhali sayının 4 milyona yaxın olduğunu deyir. 

Amma “Azərsu” ASC-yə dövlət ayırmaları da kifayət qədər ciddi məbləğlərlə ifadə olunur. Son bir neçə ildə “Azərsu”ya bir neçə istiqamətdə su və kanalizasiya xətlərinin çəkilişi üçün milyonlarla manat pul ayrılıb.

Prezidentin sərəncamı ilə "Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi Layihəsi” hazırlanıb.

Layihənin icrası üçün Fransadan 35 milyon avro məbləğində kredit alınıb. Həmin layihəyə Azərbaycan dövlət büdcəsindən də 44,9 milyon manat vəsait ayrılıb.

11 noyabr 2016-cı il ildə imzalanan sərəncamın icrası ilə bağlı 9 may 2017-ci ildə Baş nazirin müavini Abid Şərifovun açıqlamasına görə Bakı şəhərində Yağış Kanalizasiya Sisteminin Təkmilləşdirilməsi ilə bağlı yaradılan işçi qrup fəaliyyətə başlayıb. Ümumilikdə, 14 layihənin həyata keçirilməsi planlaşdırılıb. 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Layihələr Bakının bütün ərazilərini əhatə edib. Amma icrası ilə bağlı ətraflı məlumat yayılmayıb. 

Bir neçə il əvvəl “Azərsu” ASC tərəfindən “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan” hazırlanıb. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ”Böyük Bakının Regional İnkişaf Planı", Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. 

ASC bildirir ki, 18 bölmədən ibarət olan Master Plan hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.

Keçək Prezidentin yaxın illərdə imzaladığl digər sərəncamlara...

Belə ki, Prezident İlham Əliyevin Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon 780 min manat ayrılıb.

Eləcə də ölkə başçısının Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı çərçivəsində “Azərsu”ya 4 milyon manat vəsait ayrılıb.

Prezidentin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına əsasən “Azərsu” ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.

Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün “Azərsu” ASC-yə 14,7 mln. məbləğində maddi yardım da ayrılıb. 

Sonuncu - 14,7 milyon manatlıq yardım 13 ünvanda - Ziya Bünyadov prospekti və Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi, eləcə də Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi, Binəqədi şosesi boyu, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu, Sabunçu rayonu ərazisində kollektorun tikintis, Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi, Sabunçu rayonu “Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi, Ramana Südçülük Sovxozunun ərazisində, Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu, Xətai rayonu Yusif Səfərov küçəsi boyu və Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi üçün ayrılıb.

2018-ci ildə Prezidentin daha bir sərəncamı ilə Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası, xüsusilə Bayıl, 20-ci sahə, Şıx qəsəbələrində formalaşan tullantı sularının nəql edilməsi, Bakı körfəzinə dənizkənarı zonadan tullantı sularının axmasının qarşısının alınması üçün dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılıb. 

Qeyd edək ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər təkcə Bakı üzrə kanalizasiya xidmətinə aiddir.

Regionlarda da kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı Prezident tərəfindən ayrılan vəsaitləri də bu rəqəmin üstünə gəlsək, söhbət milyardlarla manat məbləğdən gedir.  

Ümumilikdə, son illərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı “Azərsu” ASC-yə ayrılan pulların məbləğinə nəzər salsaq, hazırda Bakıda və Abşeronda köhnə su, kanalizasiya sistemi qalmamalı idi. 

Bəs bu pullar hara gedib? 

Məsələ burasındadır ki, nə uzun illərdir haqqında söhbət açılan yağış sularının ötürülməsi sistemindəki çatışmazlıqların nə zaman aradan qaldırılacağı açıqlanır, nə də aidiyyəti üzrə xərclənən vəsaitlərin hesabatı soruşulur.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 2021-ci il aprelin 4-də vəzifəsindən azad olunub. Hazırda Qorxmaz Hüseynovun səlahiyyətləri Köçərli Həsənova həvalə edilib. 
Qeyd edək ki, Köçərli Həsənov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO