Bakı şəhərində 60-70-ci illərə məxsus olan 5 və ya 9 mərtəbəli binaların çoxunun zirzəmisi antisanitariya mənbəyidir. Müxtəlif gəmirici həşəratlar, su yığıntıları, zibil tullantıları zirzəmilərdə nəfəkəsici bir mənzərə yaradıb.
Yay aylarında, sakinlər üfunətin, ağcaqanadın əlindən evlərində otura bilmirlər.
Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə belə binların sayı olduqca çoxdur. Xoşagəlməz mənzərədən Muxtar Vəliyev 35 ünvanında yaşayan sakinlər sözün əsl mənasında beziblər. Onlar yaşayış binalarının zirzəmilərində natəmizliyin olmasından olduqca narahatdırlar.
Bina sakini Nailə Quliyeva müxtəlif xəstəliklərin meydana gələcəyindən təşviş içindədir. Deyir ki, sakinlərin hamısı müraciət etmədiyi qurum qalmayıb. Lakin problem həll olunmayıb.
Bu sadəcə bir nümunədir. Yuxarıda qeyd etdiyimiz kimi, belə binaların sayı paytaxtda kifayət qədərdir. Dəqiq sayı öyrənmək üçün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq.
Mərkəzin şöbə müdiri Zirəddin Kazımov bildirdi ki, zirzəmilərin natəmiz vəziyyətdə olması ilə bağlı bütün statistik məlumatları Bakı Şəhəri İcra Hakimiyyətinə göndəriblər. Bizə məsləhət görüldü ki, sözügedən qurumla əlaqə saxlayaq. Şöbə müdiri onu da dedi ki, onlarda bizə veriləcək məlumat yoxdur.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov isə dedi ki, araşdırılıb sizə məlumat veriləcək. Ancaq iki gündür ki, Bakı Şəhər İcra Hakimiyyətindən heç bir səs-soraq yoxdur.
Əslində bu problemi kim həll etməlidir?
Mövzu ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı söylədi ki, zirzəmilərdə su xətlərində qəza olanda bərpa edilir:
“Zirzəmiyə yığılan suların çəkilməsini də biz həyata keçiririk, amma zirzəmiyə qurunt sularının toplanmasına, zibil tullantılarının təmizlənməsinə “Azərsu” yox, Mənzil İstismar Kommunal Təsərrüfat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və ya rayon icra hakimiyyətinin müvafiq idarələrinin görəcəyi işdir”.
Haqqında danışdığımız binaların zirzəmilərini təkcə həşəratlar, qurunt suları, zibil tullantıları zəbt etmir. Normal şəraitdə olan zirzəmilər kiçik sahibkarların iş yeridir. Zirzəmilərin kafe, restoran, gözəllik salonu, çayxana kimi istifadə olunmasının şahidiyik.
Bu hal çox vaxt sakinlər tərəfindən narazılığa səbəb olur. Yay aylarında kütləvi qonaqlıqlar, ətrafın çirklənməsi sakinləri əməlli başlı özlərindən çıxarıb.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı qeyd etdi ki, həmin ərazilərin özəlləşdirilməsi məsələsi isə Əmlak məsələləri üzrə Dövlət Xidmətinin bilavasitə səlahiyyətlərinə aiddir. Bu proses özəlləşmə haqqında dövlət proqramı çərçivəsində həyata keçirilir:
“Bu proqram cənab prezidentin fərmanı ilə təsdiqlənib və tənzimlənib. Əgər həmin ərazi kiçik dövlət müəssisəsi kimi özəlləşmə proqramına daxil olubsa, demək ki, həmin obyektlərin fəaliyyəti qanunidir”.
Direktor əlavə etdi ki, normal şəraitdə olan zirzəmilər icarəyə verilməyibsə, dövlətin əmlakı sayılır. Amma gələcəkdə vətəndaşlar kollektiv idarəetmə fəaliyyətinə keçdikdə həmin ərazi sakinlərin ümümi əmlakı hesab olunacaq.
Göründüyü kimi, mövzu yenə də həll olunmamış qalır. “Azərsu” ASC, Mənzil İstismar Kommunal Təsərrüfat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətinin müvafiq idarələri öz işlərini görsələr də fakt faktlığında qalır.
Zirzəmilərdən yenə də üfunət iyi gəlir, həşaratlar mənzillərə dolur, qanunsuz obyektlər isə öz fəaliyyətlərini davam etdirirlər. Bakı şəhərindəki zirzəmilər istənilən halda təhlükə mənbəyidir.
Su ilə dolmuş zirzəmilər binanın özülünü məhv edir, antisanitariya mənbəyi kimi xəstəliklər yayır. İstifadəyə verilən zirzəmilərdə isə qanunsuz fəaliyyət növləri, səs-küydən başqa, müxtəlif qəza, yanğın hadisələrinin törəməsinə səbəb olur.
Bu halın qarşısını kim alacaq deyə, sual edəndə isə yuxarıda adlarını çəkdiyimiz dövlət idarələrinin arasında get-gəldə qalırsan.
Ərazilərdən çəkilən fotolar dediklərimizi bir daha sübut edir:
Gülşanə Musfayeva, Bizim.Media