Xəbər verildiyi kimi ölkədə nikahdankənar doğulan uşaqların sayı artıb. Bu, "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda öz əksini tapıb.
Dövlət Proqramında qeyd olunub ki, Azərbaycan üzrə nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib.
Qeyd edilənlərə əsasən son illərdə əhaliyə göstərilən sosial xidmətlərin həcminin və sosial xidmətlərdən yararlananların sayının ilbəil artmasına baxmayaraq, bu xidmətlərə olan tələbat daha yüksək templə artmaqdadır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova nikahdankənar doğulan uşaqların artımını qeyri-qanuni nikahlarla əsaslandırıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda evlənənlərin sayı azalıb - Boşanmalar ARTIB
“İkinci, bəzən üçüncü və beşinci nikahlar olur. Erkən nikahlar da bu məsələdə rol oynayır. Amma erkən nikahlar bilirsiz ki, cinayət məsuliyyəti yaradır və bunu doğuşla müəyyən edirlər. Kişilər qadınla rəsmi nikaha girmirlər, yaxud onları əlavə evli kimi götürürlər.
Bu məsələdə birbaşa məsuliyyətdənqaçma var. Mahiyyətcə də qadınları çıxılmaz vəziyyətdə qoyurlar.
Qarşısının alınması üçün qadınlar üçün sosial proqramları gücləndirmək lazımdır. Əksər vaxtlarda qadınlar üçün ərə getməyin əsas mahiyyəti ailə sığınacağı tapmaqdır.
Onlara elə gəlir ki, qarşı tərəf övladlarına təhsil verəcək və ya özlərinin dolanışığını təmin edəcək. Boşanmış və çıxılmaz durumda olan qadınları gücləndirmək lazımdır. Onları iş fəaliyyəti və müvəqqəti iki illik sosial evlərlə təmin etmək lazımdır ki, işləyib minimal kreditlə sonradan bu evləri ala bilsinlər.
Əks halda müşahidə edilən bu mənzərə getdikcə pisləşəcək. Heç olmasa həssas qrupa aid bu qadınları peşə kurslarına cəlb etmək olar”.
Mehriban Zeynalova qeyd edib ki, artıq valideynlər də çarəsiz durumda qalan qızlarına dəstəkçi ola bilmirlər. Bu səbəbdən dövlət sosial proqramlar həyata keçirməlidir:
“Atalıq yanında uşağın böyüdülməsi, atalığın uşaqdan imtina etməsi, atalığın uşağı sığınacağa vermək tələbi kimi məsələlər olmasın deyə həssas qrupa aid qadınların informasiya bankı olmalıdır.
Onların zorakılıqdan qorunması, sosial proqramlara, məşğulluğa, peşəyə cəlb edilməsi kimi işlər həyata keçirilməlidir. Bu, çox ciddi problemdir və genefondumuza da təsir edir.
Qeyd etdiyim məsələlər "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda öz əksini tapsa yaxşı olar. Əslində xidmət paketləri çoxalmalıdır. Bununla yanaşı həm də ailələrin yol xəritəsi olmalıdır.
Prinsiplər və öhdəliklər orada öz əksini tapmalıdır. Bizdə hələ bu, yoxdur. Həm Sosial Xidmətlər Agentliyi, həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də iş adamları bu məsələlərdə hansısa proqramlar aça bilərlər. İş adamları əlavə olaraq QHT-lərə dəstək verə bilərlər”.
Alçina Amilqızı, Bizim.Media