"Onlar “putyovka” biznesindən milyonlar qazanır" — İDDİA 

Hazırda oxunan: "Onlar “putyovka” biznesindən milyonlar qazanır" — İDDİA 

149335

Xalq artisti Pərvanə Qurbanovanın "40 ildir həmkarlara pul ödəyirəm, amma bir dəfə “putyovka” almamışam" məzmunlu açıqlaması bu sektor üçün xarakterik olan problemləri yenidən aktuallaşdırıb. 

Yay aylarında həmkarlar təşkilatlarının hesabına istirahət etmək istəyənlərin sayının artması müzakirələri bir qədər də intensivləşdirib.

Hər ay yerli həmkarlar təşkilatının hesabına ödəniş edən vətəndaşlar niyə bu quruma xas olan güzəştlərdən istifadə edə bilmirlər? 

Bizim.Media “yenisabah.az”a istinadən məlumatına görə, məlumatlı şəxs bildirib ki, həmkarlar təşkilatlarına ödənişlər könüllüdür. Amma işəgötürənlər bunu heç vaxt işçiyə bildirmirlər: 

"İşçi birinci ayın maaşını alanda onun məvacibinin 2 faizi tutularaq həmkarların hesabına ödənilir. İşçi elə bilir ki, bu, qanunun tələbidir. Qanunda isə belə bir tələb yoxdur. Vətəndaşı çaş-baş salan qanundakı boşluqdur.

Belə ki, vətəndaş işə başlayan kimi onun rəyi nəzərə alınmadan maaşından həmkarlar təşkilatı üçün pul tutulur. İşçi ərizə yazıb bu ödənişdən imtina edə bilər. Amma belə bir hüququnun olduğunu heç kim işçiyə izah etmir. Nəticədə hər ay həmkarlar təşkilatının hesabına milyonlarla manat vəsait toplanılır". 
Müsahib deyib ki, həmkarlar təşkilatının hesabına yığılan vəsaitlə alınan “putyovka”ların sayı bütün işçilərin normal istirahətini təmin etməyə kifayət edir.

Amma qanundakı boşluqların sayəsində həmin “putyovka”lar ikiqat qiymətinə başqa adamlara satılır:  

“Məsələn, siz işçisiniz və “putyovka” almaq hüququnuz var. Amma yerli həmkarlar təşkilatının sədri həmin “putyovka”nı iki-üç qat baha qiymətə başqa adama satır. Prosedur belədir: “Putyovka”nı öz işçisinin adına yazır. Amma başqasına satır.

Həmin adam “putyovka” ilə yanaşı işçinin şəxsiyyət vəsiqəsinin sürətini təqdim edəndə onu getdiyi istirahət müəssisəsində qəbul edirlər. Bütün idarə və müəssisələrdə işçilərin şəxsiyyət vəsiqəsinin sürəti olduğu üçün heç kim bundan xəbər tutmur.

Əmin olun ki, narazılıq edən Xalq artistinin şəxsiyyət vəsiqəsinin sürəti ilə hər il ən müxtəlif peşə sahibləri istirahətini təmin edə bilir". 

Mənbə bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının onlarla iri istirahət mərkəzi ilə müqaviləsi var.

Burada hər iki tərəfin maraqları təmin olunduğu üçün “putyovka” ilə gələn adamlara hər hansı texniki problem yaradılmır. 

Məlumatlı şəxs iddia edib ki, Etibar Pirverdiyev, Hadı Rəcəbli, Hüseynbala Mirələmov kimi sabiq məmur-deputatlar hər il “putyovka” biznesindən milyonlarla manat qazanc əldə edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO