Blogerlik haqda qanuna ehtiyac varmı? – “Onlar da jurnalistika qaydalarına uymalıdırlar” - EKSPERT

Blogerlik haqda qanuna ehtiyac varmı? – “Onlar da jurnalistika qaydalarına uymalıdırlar” - EKSPERT

Hazırda oxunan: Blogerlik haqda qanuna ehtiyac varmı? – “Onlar da jurnalistika qaydalarına uymalıdırlar” - EKSPERT

14923

Azərbaycanda blogerlərin fəaliyyətinin qanunla tənzimlənməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Qanun layihəsinin hazırlanmasına səbəb bloger fəaliyyətinin çərçivələrinin müəyyənləşdirilməsidir. 

Xatırladaq ki, bir neçə il əvvəl Mətbuat Şurasının sədri Əflatun Amaşov deputat olduğu dövrdə Milli Məclisin iclaslarından birində belə bir təkliflə çıxış etmişdi.

O, Azərbaycanda blogerlərin fəaliyyətinə yanaşmada fərqli baxış olduğunu və onun sərhədlərinin müəyyən edilmədiyini bildirmişdi. Əflatun Amaşovun təklifini deputat həmkarlarından dəstəkləyənlər də olmuşdu. Amma məsələ açıq qaldı və hər hansı qanun layihəsi hazırlanmadı. 

Bizim.Media-ya açıqlamasında media eksperti Zeynal Məmmədli blogerlərin fəaliyyətinin tənzimlənməsinə dair hər hansı qanun layihəsinə ehtiyac olmadığını bildirib.

Ekspertin sözlərinə görə blogerlik yetərincə yeni sahədir və insanların öz baxışlarını ifadə etməsidir: 

“Əgər sən bunu jurnalistika etikasına, peşəsinə dayanaraq edirsənsə, jurnalistikaya aid nə tələb varsa, ona tabe olmalısan, çünki cəzalanacaqsan. Bu haqda ayrıca qanuna ehtiyac yoxdur.
 

Blogerlərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca qanun layihəsinin hazırlanması söz və ifadə azadlığına əngəl yaradacaq addım olar. Əngəllərin sayını artıra bilər və sənin hər bir sözün birdən-birə əngəl kimi yozula bilər.


İfadə hüququ insanların təməl hüquqlarından biridir. Sərbəst bazar varsa, bu fəaliyyət normaldır. Əlbəttə ki, o bazar səviyyəli, örnəkləri qəbul edəcək. Necə ki, alma çürükdür yemirsən, sözün də cürük olduğunu təhsilli, inkişaf etmiş cəmiyyət biləcək. Çürük almanı göstərmək üçün ayrıca qanuna ehtiyac görmürəm”.

Qeyd edək ki, bloq ilk dəfə 1997-ci ildə Con Barger tərəfindən icad olunub.

Müəllif "İnternet-gündəlik” sözünə analoji olaraq "logging the web” sözünün qısaltması olan "weblog” ifadəsini işlətmişdir. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə gündəlik yaratmaq” mənasını ifadə edir.
 

Termin 1999-cu ilin aprelində "Peterme” bloqunun yaradıcısı Peter Merholz tərəfindən təhrif olundu və "we blog” - "biz bloq yaradırıq” kimi ifadə edildi.


Bunun da nəticəsində "to blog” "bloq yaratmaq” ifadəsi yarandı və bugünkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad - "blog” ifadəsi yaranıb. Bundan sonra bloqlar artmağa başlayıb və ictimai jurnalistika kimi formalaşıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO