Əgər farş keyfiyyətlidirsə, necə ətdən ucuz OLA BİLƏR? – ARAŞDIRMA  

Əgər farş keyfiyyətlidirsə, necə ətdən ucuz OLA BİLƏR? – ARAŞDIRMA  

Hazırda oxunan: Əgər farş keyfiyyətlidirsə, necə ətdən ucuz OLA BİLƏR? – ARAŞDIRMA  

148798

Hazırda marketlərdə farşlar ətdən 20-25 faiz ucuz qiymətə təklif olunur. Elə bunun özü xeyli sual doğurur. Mütəxəssislərin fikrincə, marketlərdə hazır satılan və xarici görünüşü ilə alıcıları cəlb edən müxtəlif farşlar keyfiyyəti çox aşağı olur.

Ən əsası bu farşların 80%-i təhlükəli bakteriyalarla zəngin olur. Bir sözlə marketlərdə satılan farşları almaq kifayət qədər risklidir. 

Farşın ətin özündən ucuz olmasının səbəbləri ilə bağlı apardığımız araşdırma isə bir sıra xoşagəlməz halları üzə çıxarıb:

1. Farş əksər hallarda köhnə ətdən hazırlanır. Yaxşı görünmək üçün ona müxtəlif dadlandırıcılar və rəngləndiricilər vurulur.

2. Farşa çox miqdarda soya qatırlar.

3. İri sexlərdə farş çəkən iri ətçəkənlərin içinə siçan, siçovulların, həşaratların düşmə ehtimalı yüksəkdir.

4. Farşın içinə heyvanın dərisi, qığırdağı, yumşaq sümüyü qatıla bilər. 

5. Farş kustar sexdə hazırlanıbsa, ona ölü və xəstə heyvanın heyvanın, o cümlədən at, eşşək əti də qatıla bilər. Bunu isə ilk baxışdan heç bir alıcı müəyyən edə bilməz.

6. Farş sadəcə qaba yığılıb soyuducuya qoyulur və çəki ilə satılır. Onun üzərində hansı müəssisədə, hansı ət brendi və firmasında nə vaxt çəkilməsi barədə heç bir qeyd yoxdur.

Bu səbəblərə görə də marketlərdən farş almaq o qədər də arzuolunan deyil.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, farşlarla bağlı şikayətlər yetərincədir:

“Şikayətin məzmunu da əsasən farşların tərkibi ilə bağlı olur. İstehlakçı sorğusuna əsasən apardığımız müayinələr zamanı aydın oldu ki, əti maşınla çəkərkən onun tərkibinə heyvanın digər orqanları - yelini, başı, beyni, qığırdaqları və s. qatırlar. İstehlakçı da bunu ilk baxışdan ayırd edə bilmir.

Farşa hətta unun və kartof püresinin qatılması ilə bağlı əlimizdə faktlar var. Çox təəssüf ki, istehlakçı farşın keyfiyyətsiz olduğunu ancaq qidalanarkən bilir. Bu zamansa çox gec olur”.

Eyyub Hüseynov başqa bir mühüm məqama da toxunub:

“Bəzi şəxslər marketlərdən ət alarkən oradaca satıcıdan onu farş halına salmasını xahiş edir. Yaxşı olar ki, alıcılar bunu etməsinlər. Çünki, ət maşını hər dəqiqə təmizlənmir. Və yeni ət parçası çəkilərkən əvvəlki qalıqlarla sintez olur. Bu da bütün hallarda ətin keyfiyyətinə mənfi təsir edir”.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə bildirib ki, xəstə və ölü heyvanların ətini satan işbazlar asan realizə üçün onu farş formasına salırlar:

“İnsanlar çox zaman bunun fərqinə varmırlar. Çünki, farş hazırlayanlar rəngləndirici və dadlandırıcı inqridiyentlər və ədviyyatlardan istifadə edirlər. Belə vəziyyətdə istehlaçı aldığı farşın köhnə və yaxud xəstə heyvanın əti olduğunu ayırd edə bilmir.

Çox təəssüf ki, belə keyfiyyətsiz məhsullar bir sıra xəstəliklərin ortaya çıxmasına səbəb olur. Keyfiyyətsiz farşlar yeniyetmə və gənclərin, bir sözlə 25 yaşına çatmayanların sağlamlığında ciddi fəsadlar törədir. 

Heyvan ətindən qidalanma yolu ilə insanlara keçən bəzi xəstəliklər var ki, onlar uzun müddət özünü büruzə vermir. Lakin, xeyli sonra aşkarlanan xəstəliklər çox asanlıqla qan vasitəsi ilə yeni doğulan körpələrə keçir.
Nəticədə yeni doğulan körpələr fiziki cəhətdən qüsurlu olurlar. Hazırda bir çox gənclərimizdə sitomeqalovirus virusu qeydə alınır. Keyfiyyətsiz ətdən qaynaqlanan bu virus gənclərimizin həyatını məhv edir”.

Məhsəti Hüseynova onu da qeyd etdi ki, keyfiyyətsiz ət məhsulları orqanizmimizin ətdən almalı olduğu vitaminləri sıfıra endirir:

“Bu həm də istehlakçı hüquqlarının tapdanması deməkdir. Bəzi xanımlar özlərini izafi əziyyətdən qurtarmaq üçün ətə yox,  farşa üstünlük verirlər. Amma onlar bir məqamı unudurlar ki, ictimai yerlərdə sanitar-gigiyenik qaydalar hər zaman istənilən səviyyədə qorunmur. Ət maşını, ət kötüyü vaxtlı-vaxtında təmizlənmədiyi üçün farş hazırlanarkən uçan və qaçan həşaratların prosesə qatılması heç də təəccüblü deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO