Azərbaycanın milli bayramı və tarixi ənənəsi olan Novruz bayramına sayılı günlər qalıb.
Koronavirus pandemiyasına qədər Azərbaycanın hər yerində təbiət bayramı olan Novruzun ab-havası yaşanırdı. İnsanlarımız çərşənbələri və bayramı təmtəraqla, böyük sevinclə qeyd edirdilər. Hazırda əhali arasında belə bir ab-hava müşahidə edilmir.
Mövcud epidemioloji vəziyyət və tətbiq olunan karantin rejimi insanları bayram təntənəsindən soyudub.
MÖVZU İLƏ BAĞLI:
Novruz şənlikləri keçiriləcəkmi? – RƏSMİ CAVAB
Əslində Novruz bayramının haram olduğunu iddia edənlər var. Bəziləri bu bayramı ailəsində qeyd edilməsinə imkan vermir, bəziləri isə dinlə əlaqələndirərək bayramı bütün adət-aənənələri il birgə müqəddəsləşdirirlər. Son günlər sosial şəbəkələrdə bununla bağlı artan müzakirələr məsələni yenidən gündəmə gətirib.
Maraqlıdır, bəs ilahiyyatçılar Novruz bayramının İslam dini ilə bağlılığını necə izah edirlər?
Bizim.Media-ya mövzu ilə bağlı danışan ilahiyyatçı Tural İrfan Novruz Bayramının dinimizə heç bir aidiyyatı olmadığını deyib. İlahiyyatçının fikrincə, bayram İslamdan öncə yaşadığımız coğrafiyadakı inanclardan qalma adətdir:
“İslam dinində iki bayram tövsiyyə edilib - Qurban və Ramazan bayramları... Novruzun bəzi adətləri İslam dininə ziddir. Məsələn qapı pusmaq. İslama görə gizli şəkildə insanları pusmaq haramdır. Od qalamaq, tonqal yandırmaq atəşpərəstlik adətidir. Bir qisim ilahiyyatçı bu bayramın qeyd edilməsini dinimizə görə uyğun olmadığını düşünür.
İrana, Məcusiliyə, atəşpərəstliyə yaxın olan bir qisim, hətta imamlar isə bayram adına bəzi hədislər qondararaq bunun dini bayram olmasını iddia edirlər. Ümumi rəy budur ki, Novruz dini yox, dünyəvi bayram kimi qeyd edilə bilər. Ancaq dinimizə zidd olan ayinlər, qapı pusmaq kimi adətlər icra edilməməlidir.
Bu bayramın tərkibi kimi ölüləri ziyarət etmək, qohumlara qonaq getmək, şənlik, şadlıq keçirmək kimi müsbət işlər görməyin heç bir dinə ziddiyyəti yoxdur. Sadəcə qeyd edilən hər bir törən İslam dininə zidd olmamalıdır”, deyə ilahiyyatçı əlavə edib.
Alçina Amilqızı, Bizim.Media