Çinin Çançun şəhərində 20-ci beynəlxalq avtomobil sərgisi işə başlayıb.
Bizim.Media xəbər verir ki, sərgidə yerli və xarici 125 avtomobil istehsalçısının 151 brendi üzrə 1300-dən çox avtomobili nümayiş olunur. Bunlardan 82-si yeni modellər, 100-dən çoxu isə “yaşıl avtomobil”lərdir. Sərginin ekspozisiya sahəsi 9 bölmədən ibarətdir.
Çançun bələdiyyəsinin və Çin Avtomobil İstehsalçıları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərgi 10 gün davam edəcək. Builki sərgi Çində ilk avtomobil istehsalı müəssisəsinin (FAW) yaradılmasının 70-ci ildönümünə təsadüf edir.
Belə ki, Çinin avtomobil sənayesi başlanğıcını 1953-cü ildə məhz Çançun şəhərindən götürüb. Həmin il əsası qoyulan zavodda 3 il sonra hazır olan “Jiefang” adlı yük maşını Çin istehsalı ilk avtomobil kimi tarixə düşüb.
Qeyd edək ki, Çin hazırda dünyanın ən böyük avtomobil bazarı hesab olunur. Ardıcıl 14 ildir ki, Çin avtomobil istehsalı və satışı üzrə dünya lideridir.
Bizim.Media