Şəkidə “Akademik laboratoriya” 50 ildir göz bəbəyi kimi qorunur - FOTO

Şəkidə “Akademik laboratoriya” 50 ildir göz bəbəyi kimi qorunur - FOTO

Hazırda oxunan: Şəkidə “Akademik laboratoriya” 50 ildir göz bəbəyi kimi qorunur - FOTO

145557

Şəkinin ucqar Baş Şabalıd kəndində AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən illərdir qorunan və alimlərin biogeosenoz adlandırdığı unikal məkan haqqında çox eşitsək də görməmişdik. 1976-cı ildən qorunan və böyük bir akademik laboratoriyanı xatırladan bu əsrarəngiz gözəlliyə şahidlik etmək üçün bu günlərdə Baş Şabalıd kəndinə yollandıq.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu işdə bizə Şəki Regional Elmi Mərkəzin rəhbərliyi və alimləri yolçuluq edib. 

Qaraçay vadisindən açılan dağ mənzərəsi

Mərkəzin direktoru Yusif Şükürlü bizi burada qarşılamağının səbəbini belə izah edir ki, qarşımızdakı dağlıq hissə uzun illərdir xüsusi mühafizəyə alınan həmin biogeosenozun ərazisidir. Bir qədər sonra yəni ora yaxınlaşdıqda biz ərazini tam olaraq görə bilməyəcəyik. Orada isə başqa bir aləmə düşəcəyimizdən hələ ki, xəbərsizdik. Və beləcə yol alırıq dağlara tərəf. Bu arada öyrənirik ki, bu kənd Yusif müəllimin ata-baba yurdu, qorunan  təbiət əraziləri isə vaxtı ilə babası tərəfindən mühafizəyə alınaraq qorunan ərazilərdir.  

Burda ancaq təbiət danışır

Doğrudan əraziyə daxil olan kimi başqa bir mənzərə ilə qarşılaşırsan. Tam sakitlik hökm sürür. Və quşların nəğməsi...

Mənzərəni seyr edənlər deyə bilər ki, bura adi meşəlik, dağlıq bir ərazidir. Xeyr, gəzib dolanmasan, ətrafda heç nəyə əl dəymədiyini, ağacların kəsilmədiyini, torpaq qatının münbitliyini, bol oksigeni hiss etməsən, harada olduğunu bilməzsən.  Bura hələ biogeosenozun aran və tala hissələridir. Qarşıda isə dağ turumuz var.

Biogeosenozun mühafizəçisi Aydın Məmmədovla bir xeyli addımlayandan sonra   dayanaraq nəfəs dərməmizi istəyir və bir cümlə ilə “Burda quşların nəğməsi, yarpaqların əsintisi bir dünyadı. Burda kor olan gözlər belə görməyə başlayır ” bənzətməsi  marağımızı daha da artırdı. 

Baba mirasından akademik laboratoriyaya

Qeyd etdiyimiz kimi, bu ərazilər Yusif müəllimin babası tərəfindən yarım əsir bundan əvvəl mühafizəyə alınıb. Daha sonra nəvə Yusif babanın arzusunu reallaşdırıb və buranı akademik bir laboratoriyaya çevirib. İndi biogeosenozda 30-dan artıq ağac növü və 50-dən çox bitki və kol qorunur ki, bunlarn da əksərinın adı Qırmızı kitaba düşən dərman bitkiləridir.  

İlkin tanışlıqdan sonra bu dəfə yüksəkliyə-biogeosenozun dağlıq hissəsinə qalxmağı qərarlaşdırırıq. Yol boyu Yusif müəlim bizə maraqlı xatirələrini danışır. Buranın flora və faunası o qədər zəngin, oksigeni o qədər boldur ki, yorğunluq belə hiss etmədən üzü yamaclara qalxırıq. Digər tərəfdən həmsöhbətlərimizin maraqlı araşdırmaları, xatirələri də bizi yormur. Telefonumuzda kompasa baxırıq. Biz hardasa  dəniz səviyyəsindən 900 metr yüksəkliyə qalxa bilmişik.  

Araşdırmalar, tədqiqatlar mərkəzi

Yol yoldaşlarımızın akademik laboratoriya adlandırdığı ərazilərdə Elmi Mərkəzin şöbə müdüri, Geologiya-mineralogiya elmləri doktoru Hüseyn Mustafabəyli dəfələrlə məzuniyyətdə olub, tədqiqatlar aparıb. Hüseyn müəllim bizə olduğumuz məkan və onun adının elmi izahını verir.

“Biogeosenoz — Yerin müəyyən hissəsində biosenozu təşkil edən bitkilərin, heyvanların, mikroorqanizmlərin, biotopun maddələr və enerji mübadiləsinin cəmi” deməkdir, deyə fikrini belə əsaslandırır.

Maraqlıdır, gələcəkdə bu əsrarəngiz, bənzərsiz bu təbiət abidəsi ilə bağlı Elmi Mərkəzin rəhbərliyi hansı işləri görməyi, hansı istiqamətdə fəaliyyətini tənzimləməyi düşünür? - deyə bizdən bir qədər aralıda dayanaraq mütəxəssisin fikirlərini dinləyən Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlüyə yönəlirik. 

“Əlbəttə fikir və düşüncələrimiz yetərincədir. Əvvəla deyim ki, buranın elə AMEA-nın Şəki Regional Elmi Mərkəzin nəzdində qoruya bilməyimiz bütün alimlərimizə, elmimizə böyük imkanlar açır” deyən Y. Şükürlü ümidvardır ki, qarşıdakı illərdə burada ölkə və dünya miqyaslı birgə tədqiqatların aparılmasına nail olacaqlar.  
Digər tərəfdən burada məhz alim və mütəxəssislərin ekoturizmini təşkil etmək baxımından da geniş imkanlar olduğunu diqqətə çatdıran Y. Şükürlü bu istiqamətdə də təkliflər hazırlandığını qeyd etdi.   

Doğrusu Baş Şabalıd biogeosenozda olduğumuz 4-5 saatda o qədər zəngin məlumatlar əldə etdik ki, onların hamısını bir reportaja sığdırmaq mümkün deyil. Buranın akademik laboratoriya olduğuna bir daha əminliyimiz artmaqla yanaşı böyük turizm potensialı da inkaredilməzdir.   

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO