Artqı Bakını istənilən saatda tıxacsız təsəvvür etmək olmur. Yay fəsli olmasına baxmayaraq səhərdə hələ də avtomobil və insan əlindən tərpənmək olmur. İstər yollarda, istər sərnişin avtobuslarında, istərsə də metrostansiyalarda günün istənilən saatında sıxlıq müşahidə olunur. İnsanların istirahət üçün şəhəri tərk etdiyi zamandır. Amma tıxaclar yenə də var.
Bəs, səbəb nədir? Tədris prosesinin də bitdiyi bir zamanda şəhər yükdən niyə azad olmur?
Sosioloq Ağasəlim Həsənov Bizim.Media-ya açıqlamasında problemin səbəbini şəhərdəki iş çoxluğu ilə əlaqələndirib:
MÖVZU İLƏ BAĞLI:
Parlamentdə tıxac probleminin həlli ilə bağlı TƏKLİF - VİDEO
“Bu olduqca aktual bir mövzudur. Dünyanın əksər iri və mərkəz şəhərlərində də tıxac problemi var. Səbəb isə böyük şəhərlərdə iş yerlərinin çoxluğudur. Hazırda məktəb, kollec və universitetlər bağlanıb, tədris prosesi bitsə də, gənclər və tələbələr özlərinə mövsümi iş tapırlar. Növbəti tədris ili başlayanadək həmin işlərdə çalışıb müəyyən qədər qazanc əldə etmək istəyirlər.
Daha doğrusu tələbə kontingentinin önəmli bir hissısi öz bölgələrinə qayıtmaqdansa, şəhərdə qalırb qazanc əldə etmətə üstünlük verirlər. Reallıq isə odur ki, Bakıda tam yayın ortasında yenə də tıxac və sıxlıq davam edir”.
Ekspertin sözlərinə görə yay mövsümündə tələbələrin öz bölgələrinə qayıtmaları, yaxud insanların istirahət üçün turistik bölgələrə səfəri şəhərdəki tıxacı mövsümü olaraq azalda bilər.
Amma problemin birdəfəlik həlli deyil:
“Bu günkü reallığa görə Bakının əhalisi normadan artıq hesab edilə bilər. Dövlət qurumları bu məsələni həll etmək üçün müəyyən planlama həyata keçirə bilər. Avtomobillərin hərəkətinə hansısa şərtlər çərçivəsində mədudiyyətlər yaradıla bilər.
Məsələn həftənin hansısa günlərində şəhər mərkəzlərinə girişlə bağlı qadağalar qoyula bilər. Yaxud avtomobillərin nömrələrinin sonuncu rəqəminin tək və ya cüt olması üzərindən hansısa hərəkət məhdudiyyətləri ola bilər.
Əhalisi 20 milyon və daha çox olan şəhərlərdə belə nümunələr var. Sürücü mədəniyyətsizliyi də bu məsələdə rol oynayır. Bəzi sürücülər idarə etdikləri avtomobilləri qarşı yola çıxarır. Bu, həm qəza şəraiti, həm də qarşıdan gələn avtomobillərin hərəkətini məhdudlaşdırmaq deməkdir. Zəncirvari olaraq bu məsələlər bizim sosial-ictimai həyatımıza təsir edir”, - deyə ekspert əlavə edib.
Alçina Amilqızı, Bizim.Media