Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyi fəaliyyətə başlayır.
Bizim.Media-nın məlumatına görə, bu barədə ASCO-nun açıqlamasında deyilir.
Sözügedən gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Bir zamanlar Xəzərdə üzən “Suraxanı” gəmisi dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb.
Uzunluğu 123,5 metr, dedveyti isə 4 696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A. Pustoşkin” tipli gəmidən biridir.
Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodu, eləcə də “Xəzər” MMC-nin insan və texniki resursları səfərbər edilib.
Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.
“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub.
Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5 000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.
Dünyada yeganə tanker-muzeyə səyahət qarşılanma zalından başlayır. Burada ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, heyət üzvləri, onların vəzifələri barədə məlumatlandırırlar.
“Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayacaq.
Muzey yaxın günlərdə ziyarətçilərin üzünə açılacaq və bununla bağlı ictimaiyyətlə əvvəlcədən məlumat veriləcək.
Onu da qeyd edək ki, şəhid ailələri, Vətən müharibəsi iştirakçılarının ailələrinə giriş ödənişsiz olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:36 / 06.03.2021
Dünyada ilk və yeganə - Bakıda tanker-muzey fəaliyyətə başlayır
Hazırda oxunan: Dünyada ilk və yeganə - Bakıda tanker-muzey fəaliyyətə başlayır
Hazırda oxunan: Dünyada ilk və yeganə - Bakıda tanker-muzey fəaliyyətə başlayır
13957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.