Bu il Azərbaycanda muzdla işləyənlərin əmək haqqlarının artması gözlənilmir. Çünki hələ də pandemiya dövrünü yaşayırıq, köklü şəkildə iqtisadi canlanmanın nə zaman olacağı bilinmir.
Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Aprel–may ayından sonra vəziyyət düzələrsə, gündəlik çalışanların sayını və gəlirlərini müəyyən edə bilərik. Büdcə təşkilatlarından əmək haqqı alanların gəlirləri isə ilin əvvəlində artırıldı”.
Ekspert əlavə edir ki, əmək bazarında, muzdla çalışanların doğru-dürüst statistikasının aparılmasına ehtiyac var:
“Biz mütəxəssis olaraq həqiqəti əks etdirən göstəricilərin olmamasından əziyyət çəkirik. Keçən ilin mart ayının 1-nə olan rəsmi statistikaya görə, 90 min 700 nəfər işsiz şəxs var idi. Bir aydan sonra hökümət 600 min insana işsizliklə bağlı müavinət ödədi.
Buradan belə çıxır ki, statistikada uyğunsuzlu var. Gündəlik və əmək müqaviləsi ilə çalışanlarla bağlı ölkədə normal statistik göstəricilər yoxdur.
Düzgün rəqəmlər olarsa, bu saya istinad edərək daha ciddi analizlər aparıb məsələnin həlli yollarını tapa bilərik. Real göstəricilər olmazsa əmək bazarında gərginlik davam edəcək”.
Ekspert rəqəmlərin real olmamasının səbəbini əmək müqaviləsi ilə işə qəbulun aparılmamasında görür:
“Nə işəgötürən, nə də ki, işçi əmək müqaviləsi ilə çalışmaq istəyirlər. Çünki əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsaitin həcmi həddən artıq çoxdur.
Bu faktı nə cəza, nə də ki, nəzarətlə həll etmək olur. Sadəcə, muzdla işləyənlərin əmək müqaviləsinə cəlb olunması üçün Sosial Müdafiə Fonduna ödənilən vəsaiti azaltmaq lazımdır”.
Xatırladaq ki, 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 927,2 manat təşkil edib.
Gülşanə Mustafayeva, Bizim.Media