Rayon yollarındakı ağır yol qəzalarının əsas səbəbi nədir? - ARAŞDIRMA

Rayon yollarındakı ağır yol qəzalarının əsas səbəbi nədir? - ARAŞDIRMA

Hazırda oxunan: Rayon yollarındakı ağır yol qəzalarının əsas səbəbi nədir? - ARAŞDIRMA

137252

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər dünyasını dəyişib, 1 nəfər isə ağır xəsarət alıb. Məlumata görə, ölən və xəsarət alanlar Qobustan rayon sakinləridir və bir ailənin üzvləridir. İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması və yüksək sürət olduğu bildirilir. Ümumiyyətlə son bir ildə magistral yollarda ölümlə nəticələnən yol qəzaları artıb.

Əsasən magistral yollarda hərəkətin təhlükəsizliyinə daha çox diqqət yetirildiyi halda, bu yollarda qəzaların sayı niyə artır?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu hadisələrin baş verməsində sürücü məsuliyyətsizliyi olsa da, digər səbəblər də var: "Cinayət tərkibli yol qəzalarının statistikasına nəzər yetirsək görərik ki, hadisələrin təxminən 85 faizi magistral yolların yaşayış məntəqəsindən keçən hissəsində baş verir. 100 hadisədən cəmi 15-i yaşayış məntəqəsindən kənarda olur. Bunların əsas səbəbi yüksək sürət və səhv manevrdir. Bakı-Şamaxı yolu digər yollarla müqayisədə daha təhlükəsizdir. Çünki bu yol iki zolaqlı, ortadan səddlə ayrılmış yoldur. Buna baxmayaraq həmin yolda daha ağır faciə olub".

Ə. Hüseynov bildirib ki, hadisələrin baş vermə səbəbi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsidir:

"2018-ci ildə Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul edilsə də, bu günə qədər icra olunmayıb. Bu proqram yalnız kağız üzərində qəbul edilib. Həmin proqram bu günə qədər icra olunmur. Səlahiyyətli dövlət qurumları bu proqramı icra etməlidirlər. İcra etmədikləri üçün də bu cür hadisələr baş verir".

Ekspert Elməddin Muradlı da bildirir ki, magistral yollarda baş verən yol qəzalarının əsas səbəbi sürücü məsuliyyətsizliyidir:

"Pandemiyadan sonra bölgələrə gediş-gəliş artıb, hərəkət intensivləşib. Magistral yollar bu intensivliyə tab gətirsə də, sürücü məsuliyyətsizliyi ağır fəsadlara səbəb olur. Bəzən sürücülər düzgün olmayan ötmə hərəkətləri yerinə yetirir, sükan arxasında telefona baxmaqla yoldan diqqətini yayındırır. Nəticədə kiçik bir səhv ağır yol qəzasına səbəb olur.
Statistikaya nəzər salsaq görərik ki, sürət həddinin aşılması, manevr qaydalarının pozulması, narkotik, psixotrop maddə və spirtli içkilərin təsiri altında olan sürücülərin törətdiyi qəzaların sayı artmaqdadır. İnsanlar sürət həddini aşmaqda meyllidir. Bunun qarşısı alınmalıdır. Bunun üçün yollarda "ağıllı radarlar" quraşdırılmalıdır. Məsələn, bizdə rayonlara sərnişin daşıyan taksi sürücüləri yollardakı radarların yerini əzbər bilir. Həmin radarlara qədər olan ərazilərdə sürücülər yüksək sürətdən istifadə edir.

Yol qəzalarına səbəblərdən biri də yorğun sürücünün avtomobil idarə etməsidir. Uzaq yola çıxan sürücü yolda yuxulayır və nəticədə qəzalar baş verir".

E. Muradlı hesab edir ki, yol qəzalarında yol təsərrüfatındakı problemlər də səbəblərdən biridir.

"Məsələn, yolların işıqlandırılmaması bir çox hallarda ağır qəzalara səbəb olur",- E. Muradlı bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO