Beynəlxalq Valyuta Fondunun Azərbaycanı tərk etməsinin SƏBƏBLƏRİ – TƏHLİL 

Beynəlxalq Valyuta Fondunun Azərbaycanı tərk etməsinin SƏBƏBLƏRİ – TƏHLİL 

Hazırda oxunan: Beynəlxalq Valyuta Fondunun Azərbaycanı tərk etməsinin SƏBƏBLƏRİ – TƏHLİL 

136864

Beynəlxalq Valyuta Fondu Bakıdakı ofisinin bu ilin iyunun 1-dən fəaliyyətinin dayandırması ilə bağlı qərar verib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda bu qərarın verilməsi səbəbləri izah olunub. Birinci səbəb kimi, Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsi göstərilib.

Bu məsələni Bizim.Media-ya təhlil edən iqtisadçı-ekspert Eyyub Kərimli, fondun əsasən iqtisadiyyatı daha zəif ölkələrə dəstək veriməsi üçün fəaliyyət göstərən beynəlxalq qurum olduğunu söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Günay Bank”da 70 milyon manat əmanət niyə batdı? – ARAŞDIRMA 


Azərbaycan iqtisadiyyatının isə son 20 ildə yüksək inkişaf yolu keçdiyini bildirən ekspertin sözlərinə görə, bu dövr ərzində ölkənin ÜDM-nin nominal həcmi 22 dəfə artaraq 133,8 milyard manata çatması və iqtisadiyyata investisiya qoyuluşunun 4 dəfə artması bunu təsdiqləyir:

“Ölkə əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb, yəni 2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb.  Azərbaycanda həyata keçirilən uğurlu siyasət, iqtisadiyyatın dinamik inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması və digər pozitiv meyillər dünyanın nüfuzlu analitik nəşrləri və beynəlxalq iqtisadi mərkəzləri tərəfindən təqdir olunmaqdadır”.

Müsahibimiz vurğulayıb ki, ayrı-ayrı ölkələr milli iqtisadiyyatlarının inkişafı,  infrastruktur quruculuğu, hətta sosial məsələlərin həlli üçün nəzərdə tutulan layihələrin icrasına maliyyə vəsaitləri cəlb etməkdən ötrü Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Beynəlxalq Valyuta Fonduna və digər qurumlara çoxsaylı müraciətlər edirlər:

“Azərbaycanın nümunəsində isə biz artıq tamam fərqli mənzərənin şahidi oluruq.

Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Hazırda dünyada yaşanan narahatlıqlar fonunda Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması ölkəmizin müsbət reallıqları ilə bağlıdır. 

Ölkəmizdə yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan iqtisadiyyatı müxtəlif indikatorlar üzrə yüksək qiymətə layiq görülüb. 

Bəhs olunan hesabatda milli iqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bu, o deməkdir ki, respublikamız dünya üzrə ən güclü iqtisadiyyata malik 40 ölkə sırasında yer alır və MDB-də lider mövqeyini qoruyub saxlayır”.

Azərbaycanın inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə üçüncü yerdə olduğunu deyən E.Kərimli, ölkədə sənaye istehsalı 2,6 dəfə artdığını və ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulduğunu diqqətə çatdırıb:

“Ölkəmizdə çox gözəl investisiya iqlimi var. Bu gün Azərbaycan banklarının aktivləri 44,8 milyard manatdır və biznes kreditlərinin payına 11 milyard manatdan çox vəsait düşür. Ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalıb, xüsusən xarici valyutada kreditlərin sayı xeyli azalıb. İşğaldan azad edilmiş bölgələrimizə 3 ildə 6 milyard manatdan çox vəsait yönəldilib və burda bir manatda olsun, xarici vəsait yoxdur. 

Artıq respublikamızın  dayanaqlı və davamlı iqtisadi inkişafı tam təmin edilib.

Bu baxımdan da Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanmasının və ölkədən getməsinin iqtisadiyyatımıza heç bir təsiri olmayacaq. Fond özü da etiraf edir ki, artıq Azərbaycan iqtisadiyyatının onlardan hər hansısa bir investisiya qoyuluşuna və kredit götürməsinə ehtiyacı qalmayıb”.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO