Ürəkbulanma, ağrı, halsızlıq və yorğunluq... Övladınız bu şikayətlərlə nə vaxtsa məktəbə getmək istəmədiyini deyib? Uşaqlar həqiqətən belə narahatlıqları hiss edirlər, lakin burada əsas səbəb xəstəlik yox, psixoloji ola bilər.
Bizim.Media Türkiyə mətbuatına istinadla mövzu ilə bağlı materialı təqdim edir.
MÖVZU İLƏ BAĞLI:
Müəllimlərin yerdəyişməsinə start verildi
Mütəxəssislərin fikrincə, uşaqların məktəbə getmək istəməməsinin bir çox səbəbi ola bilər.
Erkən yaş qruplarında valideynlərindən ayrılma qorxusu ön plana çıxsa da, yaş irəlilədikcə gözləntiləri qarşılaya bilməmək qorxusu səbəblər arasına daxil olur.
Ancaq uşaqlarda olan bu narahatlıq və qorxular ürəkbulanma, ağrı, halsızlıq və yorğunluq kimi fiziki xəstəliklər şəklində özünü göstərə bilər. Bəs bu və buna bənzər hallarda valideynlərə nə tövsiyə olunur? TRT Uşaq mütəxəssisi köməkçisi Kübra Çoruk bəzi məqamlara aydınlıq gətirib.
O bildirib ki, məktəbəqədər dövr olan 3-5 və 6-11 yaş arası uşaqların məktəbə getmək istəməməsinin səbəbləri fərqlidir. Kübra Çoruk məktəbəqədər dövrdə yaşanan narahatlıqları belə izah edir:
"Bu yaş qrupunda olan uşaqlar dostları ilə yaxın münasibət qura, oyun vasitəsilə sosial əlaqələri inkişaf etdirə, müstəqil fəaliyyətlə məşğul ola və emosiyalarını tənzimləyə bilirlər. Bütün bunlar yeni və qeyri-adi bir proses gətirir. Yeni mühitə daxil olmaq, ailəni tərk etmək.
Qısa müddətə və valideynlərdən uzaq olmaq uşaqlarda ayrılıq qayğısına səbəb ola bilər. Bəzi uşaqlar yeni mühitlərə uyğunlaşmaqda, həmyaşıdları ilə ünsiyyətdə çətinlik çəkə bilərlər. Məktəbə başlamazdan əvvəl oranın əyləncəli bir yer olduğunu düşünən uşaqlar üçün müəyyən məktəb bacarıqlarının öyrənilməsi yorucu və cansıxıcı ola bilər”.
Kübra Çoruk bildirib ki, 6-11 yaş qrupundakı uşaqların məktəbə getmək istəməməsinin bir çox səbəbləri var ki, onlardan biri həmyaşıd zorakılığı ola bilər:
“Ola bilər ki, kənarlaşdırılmaq, ələ salınmaq, şiddətə məruz qalmaq, istəmədiyi şeylərə məcbur edilmək, həmyaşıdları tərəfindən təhdid edilmək kimi hallar olsun. Bütün bunlar zorakılığın göstəricisidir və məktəb fobiyası ilə nəticələnə bilər. Bəzi uşaqlar dostluq etmək və ünsiyyət qurmaqdan narahat ola bilər və qorxu hiss edə bilərlər. Belə sosial narahatlığı yaşayan uşaqlar da çox vaxt məktəbə getməkdən çəkinirlər. Ailə, sağlamlıq problemləri, akademik çətinliklər, uğursuzluqlar, öyrənmə çətinlikləri uşaqların məktəbə getmək istəməməsinin bir və ya bir neçə səbəbi ola bilər”.
Uşaqlarda stressin əlamətləri
Bəs yaşanan mənfi hadisələr uşaqların psixologiyasına necə təsir edir? Ekspert bildirib ki, məktəbdəki neqativlər uşaqlarda stress və təşviş yarada, onların özlərini tənha hiss etmələrinə səbəb ola bilər:
“Onlar yuxu rejimini poza, tez-tez oyana və ya daha çox yatmaq istəyə bilərlər. Yaşanan narahatlıqlar baş, mədə ağrısı, ürəkbulanma, qusma kimi fiziki simptomlara səbəb ola bilər. Onlar diqqəti cəmləməkdə çətinlik çəkə və diqqət çatışmazlığı yarana bilər. Həmçinin, yaşanan qayğılar uşağın əhval-ruhiyyəsinin korlanması və qəzəbli olması ilə nəticələnə bilər”.
Məktəbə getmək istəməmək fobiyaya çevrilə bilər. Bəs ailələr nə etməlidir?
Məktəb fobiyası özünü uşaqların məktəbə getməkdən hədsiz qorxusu və məktəbə getməkdən ciddi şəkildə qaçması kimi göstərir. Uşaqlar bədən şikayətləri ilə məktəbə getmək istəmədiklərini ifadə edərək valideynlərini razı salmağa çalışa bilərlər. Bəs belə vəziyyətlərdə nə etməli?
Kübra Çorukun valideynlərə tövsiyələr edib:
"Uşağı ilə danışaraq onu həqiqətən dinləmək və anlamaq əsas problemin həllində faydalı ola bilər. Uşağın məktəbə getmək istəməməsinin səbəbləri, hissləri və narahatlıqları valideynlər tərəfindən diqqətlə dinlənilməlidir. Dinləmə zamanı mühakiməyə yer verilməməsi uşağın özünü ifadə etməsini asanlaşdıracaq.Uşağın özünü təhlükəsiz və rahat hiss edəcəyi mühit yaradıla bilər.
Məktəbə getməyi əyləncəli etmək üçün bir plan qurula bilər. Günü müəyyən addımlara bölməklə hər bir maddənin qarşısına qutu qoyulur (Məsələn, “Səhər qalxdım” bəndi). Uşaq hər dəfə oyananda həmin qutunun qarşısına simvol çəkir. Bu, uşağın daha əvvəl öyrəşmədiyi bir işə hazırlaşmasını və daha tez uyğunlaşmasını asanlaşdıra bilər. Uşağın müəllimləri ilə danışın. Onlardan ətraflı məlumat və təlimat almaq problemin həllini asanlaşdıracaq. Məktəb fobiyası əlamətləri müşahidə edildikdə psixoloqdan dəstək axtarmaq vacibdir”.
Aygün İbrahimli, Bizim.Media