2020-ci ildə ölkədə tibbi xidmət sahəsində yeni idarəetmə formasına keçilməsi Xaçmazın Xudat şəhər xəstəxanasını ağlar günə qoydu, desək daha doğru olar.
Bizim.Media xəbər verir ki, 2020-ci il yanvarın 1-dən yeni yaradılan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təşkil etdiyi "Xaçmaz rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin nəzdində Xudat Ailə-Sağlamlıq mərkəzi yaradılıb.
1948-ci ildən fəaliyyət göstərən 150 çarpayılıq Xudat şəhər xəstəxanası fəaliyyətin dayandırıb və tibb müəssisəsi Xudat Ailə-Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb.
Ailə-Sağlamlıq Mərkəzində bütün şöbələr bağlandığından yalnız Təcili Tibbi Yardım şöbəsi fəaliyyət göstərir.
Bu həmin vaxtdan sakinlərin, həm də xəstəxana işçilərinin çoxsaylı narazılığı ilə müşayiət olunur. Xudat xəstəxanasının bağlanması nəinki 18 min 300 nəfər əhalisi olan Xudat şəhər sakinlərinin, hətta, həmin istiqamətdə və Nabran-Yalama zonasında yaşayan, ümumilikdə, bu xəstəxananın xidmətindən istifadə edən 70 minə yaxın insanın haqlı narazılığına səbəb olub.
Xəstəxananın cərrahiyyə, terapiya, ginekologiya, doğum şöbələrinin bağlanması bu zonada yaşayan əhalini çətin duruma salıb. Sakinlər ağır xəstə və ya hamilə qadın olanda ya Xaçmaz rayon Mərkəzi Xəstəxanasına, ya da Quba, Qusar rayon Mərkəzi Xəstəxanalarına üz tutmalı olurlar. Bu da həm əlavə vaxt, həm də əlavə xərc deməkdir.
Son günlər Xudat şəhər xəstəxanasının statusunun bərpa olunması və xəstəxananın əvvəlki kimi fəaliyyət göstərməsi yenidən gündəmə gəlib.
Bu barədə rayon sakinləri icra hakimiyyətinə, rayon Mərkəzi Xəstəxanasına və yuxarı təşkilatlara müraciətlər edərək məsələyə baxılmasını xahiş ediblər.
Xudat xəstəxanasının yenidən açılması məsələsi son günlər sosial şəbəkələrdə də geniş müzakirə olunur. Xaçmazın sabiq icra başçısı, tanınmış jurnalist Müqəddəs Mehdiyev sosial şəbəkə vasitəsi ilə problemin həlli ilə bağlı hökumət rəhbərinə müraciət edib.
Bizim.Media-ya müsahibəsində Müqəddəs Mehdiyev bildirib ki, səhiyyə sisteminə cavabdeh olan orqanlar məsələyə laqeyd yanaşırlar:
"Sakinlər Xudat şəhər xəstəxanasının bağlanmasından sonra çox əziyyət çəkirlər. Bu, sakinlərin sağlamlığına çox ciddi ziyan vurur. Mən məsələ ilə bağlı araşdırma aparmışam. Problemin həllinə rayon səviyyəsində nail olmaq mümkün deyil. Ölkənin səhiyyə sisteminə cavabdeh olan 3 qurum-Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in Xudat camaatının xəstəxana problemindən yaxşı xəbərləri var. Amma bu qurumlar heç bir əməli tədbir görmək istəmirlər. Mən ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişəm. Bu təkcə mənim fikrim deyil, mənə müraciət edən xəstəxana kollektivi və vətəndaşlar da bu məsələdə Mehriban xanım Əliyevaya güvənirlər".
Xaçmaz rayon icra hakimiyyəti başçısı Elnur Rzayevin isə məsələ ilə bağlı münasibəti belədir:
“Fevralın 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin Zaur Əliyev və TƏBİB sədri Vüqar Qurbanovla Xaçmazda vətəndaş qəbulu keçirəndən sonra müzakirələr apardıq. Xudat şəhər xəstəxanasının bərpası və təmir edilməsi ilə bağlı rəsmi olaraq Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edib. Tibb müəssisəsinin əsaslı bərpası gözlənilir. Amma konkret tarix bəlli deyil".
Sözügedən problemin həlli ilə bağlı münasibət öyrənmək üçün Xudat şəhərindəki Ailə-Sağlamlıq Mərkəzində olduq.
Mərkəzin direktoru Qədir Hüseynov bildirdi ki, tibb mərkəzi 2020-ci ildən həm təmirə dayanıb, həm də Ailə- Sağlamlıq Mərkəzi kimi fəaliyyətə başlayıb. Tibb müəssisəsinin əsaslı bərpa edilməsinə ciddi ehtiyac olduğu binanın bərbad, təmirsiz görünüşündən də aydın görünür. Mərkəzin bütün işçiləri həm binanın yenilənməsini, həm də xəstəxananın əvvəlki statusunun bərpa olunmasını gözləyirlər.
P.S Yaranmış problemin həlli ilə bağlı Səhiyyə Nazirliyinin, TƏBİB və Xudatdan seçilən millət vəkili Sevil Mikayılovanın mövqeləri isə yaxın günlərdə təqdim edəciyik.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 14.04.2023
Xudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? – FOTO
Hazırda oxunan: Xudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? – FOTO
Hazırda oxunan: Xudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? – FOTO
130718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.