BİZİM TƏQVİM: 12 aprel Beynəlxalq Aviasiya və Kosmonavtika Günüdür

BİZİM TƏQVİM: 12 aprel Beynəlxalq Aviasiya və Kosmonavtika Günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 12 aprel Beynəlxalq Aviasiya və Kosmonavtika Günüdür

130187

12 aprel 2013-cü ildə  Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu keçirilib. “Birlikdə gələcəyə doğru” devizi altında təşkil olunmuş forumda Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Vyetnam və s. ölkələrdən rəsmi şəxslər, nüfuzlu beynəlxalq təşkilatların, maliyyə və biznesin 500-dən çox nümayəndəsi, o cümlədən institutun məzunu olan Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Bəs, 12 apreldə dünyada daha hansı hadisələr baş verib?

1.    1861-ci ilin 12 aprelində Amerika vətəndaş müharibəsi başlayıb. Bu müharibədə 620 min adam həlak olub.

2.    1903-cü ilin bu günü Gürcüstanın paytaxtı Tiflisdə “Şərqi-rus” qəzetinin ilk nömrəsi işıq üzü görüb. 1902-ci ildə mühacirətdən vətənə qayıdan filoloq, şərqşünas və publisit Məhəmmədağa Şahtaxtlı bu mətbu orqanına rəhbərlik edib. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid kimi ədiblər bu qəzetlə əməkdaşlıq edib. 

3.    1914-cü ilin 12 yanvarında Azərbaycanın paytaxtı Bakıda ana dilində “Bəsirət” adlı həftəlik siyasi, ictimai, iqtisadi və ədəbi qəzet nəşrə başlayıb. Cəmi 281 nömrəsi işıq üzü görən və 1920-ci il mayın 15-də dayandırılan bu qəzetlə Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Abbas Səhhət və başqa ziyalılar əməkdaşlıq ediblər.
4.    Türkiyə tarixinin ilk mənbələrdən araşdırılması üçün Qazi Mustafa Kamal Atatürkün göstərişilə 12 aprel 1931-ci ildə Türk Tarixi Tədqiqat Cəmiyyəti yaradıldı.

5.    1961-ci il aprelin 12-də Sovet kosmonavtı Yuri Qaqarin “Vostok” kosmik gəmisində dünyada ilk dəfə olaraq Yer ətrafında dövrə vurub və fəzada 108 dəqiqə qalıb. Bununla da bəşər tarixində kosmosun fəthi erasının əsası qoyulub.  Hazırda 12 aprel bütün dünyada Beynəlxalq Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur. 

6.    Sonradan Atatürk Mədəniyyət Mərkəzi adını alacaq İstanbul Mədəniyyət Sarayı “Aida” operası və “Çeşmebaşı” baleti ilə 12 aprel 1969-ci il tarixində açılıb.

7.    12 aprel 1992-ci ildə Parisdə Disney-Ləndin açılışı olub.

8.    1993-cü ilin bu günündə  Türkiyədə ilk dəfə internetdən istifadə edilməyə başlanılıb.

9.    2021-ci ilin 12 aprelində Bakıda Hərbi Qənimətlər Parkının rəsmi açılışı olub.

12 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.    “Makber” və “Eşber” əsərlərilə tanınan Türkiyə şairi, dramaturqu və diplomatı Abdülhak Hamid Tarhan 1937-ci ilin 12 aprelində dünyasını dəyişib.

2.    1945-ci ilin bu günü Amerika Birləşmiş Ştatlarının ən məşhur prezidentlərindən olan Franklin Delano Ruzvelt  həyatdan köçüb.

3.    12 aprel 1889-cu ildə görkəmli Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şusinski anadan olub.  Xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada Nəvvabın musiqi məktəbində təhsil alıb. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub.

4.    1928-ci ilin bu günündə Xalq Yazıçısı, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı İsa Hüseynov – Muğanna dünyaya göz açıb. “Teleqram”, “Saz”, “Tütək səsi”, “Məşhər”, “İdeal” kimi povest və romanların müəllifi olan İ.Hüseynovun ssenariləri əsasında -"Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib.
5.    Azərbaycanın taanınmış xanəndələrindən biri Şahmalı Küroğlu (Şahmalı Hacıyev) 12 aprel 1930-cu ildə dünyaya gəlib.

6.    20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçı, 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə anadan olub. Şəhriyar Məmmədyarov bu qədər  uğura imza atmış ilk müsəlman idmançı kimi tarixə düşüb.

7.    Vətən Müharibəsi Qəhrəmanı, qazi Cavid Behbudov da 1994-cü ilin bu günündə anadan olub.

8.    Azərbaycanın və Rusiyanın Xalq artisti Nodar Şaşıqoğlu 2013-cü ilin 12 apreldində vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO