“Azərbaycanda əhalinin əksəriyyətində psixi pozğunluqlar müşahidə olunur, insanların psixi drumu ürəkaçan vəziyyətdə deyil”.
Bunu Bizim.Media-ya açıqlamasında həkim-psixiatr Abdulla Şıxlinski deyib.
MÖVZU İLƏ BAĞLI:
“Ailədə zorakılıqlar əsasən kənar müdaxilələrdən qaynaqlanır” – DÖVLƏT KOMİTƏSİ
O bildirib ki, hələ Sovet İttifaqı dövründə də Azərbaycan psixi xəstəliklərin sayına görə, birinci yerlərdən birini tutub.
Həkimin fikrincə, bu vəziyyətin yaranmasının əsas səbəbləri arasında qohum evlilikləri, eləcə də ölkəmizdə təhsil və səhiyyənin yaxşı inkişaf etməməsi ilk sıralarda dayanır.
İnsanlarda daxili işığın azlığını önə çəkən psixiatr bir sıra ciddi amilləri vurğulayıb:
“İnsanlarımız az kitab oxuyur, özlərini inkişaf etdirmirlər. Avamlıq və nadanlıq, qaragüruhçuluq, qarafikirlilik həddindən artıq güclüdür. Nəticədə bu cür insanların səviyyəsi 14 əsr Azərbaycan əhalisinin səviyyəsindən az fərqlənir.
İnsan var ki, təhsili, yaxşı status və vəzifəsi var, amma şəxsiyyət səviyyəsi, dünyagörüşü həddən artıq aşağıdır.Yəni, savadsızlıq, dünyagörüşünün aşağı olması, spirtli içki və narkotiklərdən istifadə şərq mədəniyyətinin destruktiv cəhətlərini götürmək, Avropa mədəniyyətindən uzaqlaşmaq, qohum evlilikləri psixi xəstəliklərin artmasına təkan verir.
Bu gün çox insanlar var ki, öz həyat yoldaşını bayıra, qızını nəfəs alması üçün eyvana buraxmır. Bunlar hamısı faktdır. Bizə belə müraciətlər çox olur. Cavan xanımları gətirirlər, baxırsan ki, heç bir xəstəliyi yoxdur.
Sadəcə həyat yoldaşı o qədər “qapazaltı” edib, hüquqlarını tapdalayıb, insanlarla ünsiyyətə girməsinə imkan verməyib ki, nəticədə sıxıntılar yaranıb. Azərbaycan kişilərinin arasında həddən artıq pataloji, paranoyal qısqanclıq yayılıb.
Onlar öz həyat yoldaşlarını, hətta ən yaxın adamlarına da qısqanırlar. Yeniyetmə qızları gətirirlər, atalarının onları bayıra buraxmamasından şikayət edirlər. Qızlarını məktəbə buraxmayanlar da çoxdur. Konkret adamlar tanıyıram ki, harasa gedəndə qapını çöldən bağlayıb çıxır. Səbəbini qısqanmağı ilə izah edir. Bizim insanlarda kütləvi qısqanclıq psixozu əmələ gəlib. Hamı öz həyat yoldaşından, qızından şübhələnir.
Müsahibimiz bildirib ki, insanların psixkasına koronavirus adı altında gedən proseslər də mənfi təsir edib:
“Amma yenə də deyirəm əsas səbəb savadsızlıq, dünya elmindən, mədəniyyətindən kənarda qalmaqdır. Gənc nəsil daha çox şərq mədəniyyətini öyrənməyə meyl edir. Şərq mədəniyyəti gözəldir, amma bu mədəniyyətin özü də həyat yoldaşına, övladlarına və cəmiyyətin digər üzvlərinə qarşı yaxşı münasibət göstərməyi tələb edir”.
Həkim-psixiatr, xüsusilə gənclər arasında psixi pozğunluğun digər səbəbini belə izah etdi:
“Ölkədə gənclər arasında narkotik maddələrdən istifadə həddən artıq çoxalıb. Narkotik qəbul edən gənclər sosial təhlükəli vəziyyətdədirlər. Spirtli içkilərdən istifadə edənlər artıb. Hər beş yeniyetmədən 3-ü nəşə, metamfetamin (patı) çəkir, spirtli içkilərdən istifadə edir.
Psixiatra müraciət edən yeniyetmələrin əksəriyyətində şəxsiyyət pozğunluğu (psixopatiya) aşkar olunur. Əslində bu, xəstəlik kimi qiymətləndirilmir. Amma bunun xəstəlik kimi inkişaf etməsinə təkan verən amillər var. Evdə uşaqları hüquqlarından məhrum edirlər, döyürlər. Ata içir ananı döyür, narkotik çəkir qızını döyür və s.
Bu problemlərin ucbatından yeniyetmələrin psixikasında dərin pozuntular əmələ gəlir. Xüsusilə bu, qız uşaqlarında yaranır. Əlacsız qalan yeniyetmələr narkotik maddələrdən istifadə edirlər. İndi qızların arasında narkotik maddələrdən istifadə halları həddən artıq çoxalıb”.
Aygün İbrahimli, Bizim.Media