Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə 2020-ci ilin dekabrın 8-də "YAŞAT” Fondu yaradılıb. Fond fəaliyyətini şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi istiqamətində qurub.
Maraqlıdır, "YAŞAT” Fondundan gözləntilər nədir?
Mövzuyla bağlı Sfera.az-a açıqlama verən iş adamı Rəvan Bəşirov qeyd edib ki, Vətən müharibəsi zamanı şəhid olanların ailələrinə, qazi olanların həm özlərinə, həm də ailələrinə qayğı mütləqdir. R.Bəşirov bu istiqamətdə işlərin düzgün təşkilinin və həyata keçirilməsinin böyük önəm daşıdığını söylədi:
"Azərbaycanda belə məsələlərdə xüsusi Fondun yaradılması, onun vasitəsilə ictimai dəstəyin təşkil edilməsi yeni təcrübədir. Buna görə də "YAŞAT” Fondunun fəaliyyəti həm maraqla qarşılanır, həm də ona böyük ümidlərlə baxılır.
Bu sahədə təcrübənin yeni olmasını nəzərə alaraq deyə bilərəm ki, Fond özünə olan inamı gücləndirməlidir. Bunun üçün hökmən faəliyyətini şəffaf təşkil etməli, hesabatlılıq prinsipinə əməl etməlidir. Şəhid və qazi ailələrinin problemlərinə mümkün olduğu qədər tez aşkarlamalı və onları qayğı ilə həll etməlidir”.
Vasif
Sfera.az