“Tərtər işi” üzrə zərərçəkmiş qismində tanınanlardan biri – polkovnik Pərviz Pirməmmədov ifadəsində göstərib ki, işgəncələrə məruz qalarkən ondan həm də Azərbaycanın Milli Qəhrəmanı, 2020-ci ilin iyulunda Tovuz istiqamətindəki döyüşlərdə həlak olmuş general Polad Həşimovla bağlı ifadələr tələb edirdilər. Pərviz Pirməmmədov Tərtər hadisələri baş verən dövrdə tabor komandiri olub.
“Tərtər işi” üzrə zərərçəkmişlərdən Pərviz Pirməmmədov da daxil olmaqla, 10-a yaxın şəxs məhkəmədə ifadə verib. Onlar 2017-ci ilin may-iyun aylarında başlarına gələnlərdən, məruz qaldıqları işgəncələrdən danışıblar.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, zərərçəkmişlər Tərtər hadisələrində işgəncə verməkdə ittiham olunan dörd nəfərin – keçmiş hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı vəzifəsində xidmət etmiş Ramil Qarayev və müddətdən artıq həqiqi hərbi xidmət keçən qulluqçu Rüstəm Ələsgərovun məhkəməsində ifadə veriblər. Bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır.
Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.
Polkovnik Pərviz Pirməmmədov deyir ki, hələ Tərtər hadisələrindən əvvəl hərbi hissə komandiri Vüsal Ələsgərovla münasibətləri yaxşı deyildi. Ona görə başqa hərbi hissəyə göndərilməsi haqda əmri gəlmişdi.
O, məhkəmədə ətraflı ifadə verməyib. Yalnız Vüsal Ələsgərovdan soruşub ki, ona işgəncə vermək haqda əmri kimdən almışdı? Çünki Vüsal Ələsgərov məhkəmədə ifadə verməkdən imtina etsə də, qısaca demişdi ki, o, yuxarı komandanlığın əmrini icra edib. Konkret olaraq, müdafiə naziri, nazir müavini, baş qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun adını çəkmişdi. Əmr icra etdiyinə görə də özünü təqsirli bilmədiyini vurğulamışdı. Lakin Vüsal Ələsgərov öncədən məhkəmədə heç bir suala cavab verməyəcəyini bildirərək, bu sualı da cavabsız qoyub.
Pərviz Pirməmmədov başına gələnlər haqda məhkəmədə ətraflı danışmadığına görə onun istintaqdakı ifadəsi elan olunub. O, həmin ifadəni təsdiqləyib. Orada göstərilib ki, Vüsal Ələsgərov onu təhqir edib, başqa qara maskalı şəxslərlə birlikdə onu döyüb. Pərviz Pirməmmədovun sözlərinə görə, onu da düşmənlə əməkdaşlıqda ittiham edirdilər.
Onun sözlərinə görə, hadisə yerində korpus komandiri, general Hikmət Həsənovu da görüb.
Pərviz Pirməmmədov ifadəsində bildirib ki, ona işgəncə verilərkən düşmənə casusluq etməsi haqda etiraflarla yanaşı, həm də mərhum general, Milli Qəhrəman Polad Həşimov haqda ifadə tələb olunurdu: “Polad Həşimov barədə bildiklərimi söyləməyimi tələb edirdilər”.
Zərərçəkmiş baş leytenant Bəhmən Məcidov deyir ki, polkovnik Vüsal Ələsgərovun yanına çatan kimi özünü, ailə üzvlərini təhqir edib, yerə yıxaraq, təpikləməyə başlayıb:
“Sifətim qan içində idi. Bədənimdə bıçaq yeri qalır. Burnumun üstündə Vüsal Ələsgərovun çəkməsinin izi var. Poqonlarımı cırdılar. Biz uzun müddət əllərimiz, gözlərimiz bağlı saxlanmışıq. Əllərimiz bağlı vəziyyətdə, it kimi yemək yemişik. Təsəvvür edin, biz keçə-keçə onlar çömçədə bizə yemək verirdilər. Onda da biri başımızdan qapaz vururdu, biri arxadan təpik vururdu. Mən özümü zabit olaraq, təhqir olunmuş hiss edirəm. Çünki pozulmuş hüquqlarım bərpa olunmayıb. Ailəmin üzünə baxa bilmirəm. Azərbaycan zabitiyəm, mənim ailəm niyə təhqir olunmalıdır? Niyə döyülməliyəm? Məni yerə uzatdılar, Vüsal Ələsgərov ayaqqabı ilə üstümdə gəzirdi. Məni yerdə təpikləyirdi, başımın üstünə ayağını qoyub əzirdi. Təsəvvür edin, biz su istəyəndə əvəzinə sidik gətirib verirdilər...”
Bəhmən Məcidov bədənindəki xəsarətlərin yerlərini, qolunda elektrik cərəyanı verilən hissədəki izi məhkəmədə nümayiş etdirib. O, Vüsal Ələsgərovdan şikayətçi olduğunu vurğulayıb, onun orden və medallarının alınmasını istəyib.
Yevlax sakini, Tərtər işgəncələri nəticəsində əlil olmuş 1993-cü il təvəllüdlü Vasif Ağayev bildirib ki, bu hadisələrə görə o, sağlamlığını itirib, ailəsi dağılıb.
Vaxtilə Əfqanıstanda sülhməramlı kontingentin tərkibində xidmət etdiyini deyən Vasif Ağayevin sözlərinə görə, Vüsal Ələsgərov və digərlərinin işgəncələri nəticəsində indi normal şəkildə həyatını davam etdirə bilmir:
“Həmin gün postda idik, bütün heyəti düşürtdülər, KAMaz”a yığıb, gətirdilər. Başımıza torba keçirdilər, dizüstə oturtdular. Bütün binanı “ay ana” qışqırtısı, ah-nalə bürümüşdü. Bu Vüsal məni təhqir edirdi, döyürdü. Allaha, atamın goruna and içirdim ki, mən erməniyə, rusa işləməmişəm. Atamın goruna da söydü. Ona o qədər nifrət edirəm. Onu mənim əlimə versələr... Mən bu vəziyyətə qalacaq adam deyildim. Bu məhkəmə zalındakı can-cüssəli oğlanlardan biri idim. Məni bu günə qoydular. İndi bu günə qalmışam. Özüm özümə nifrət edirəm. Pensiya verirlər, bir ay 400 manat, bir ay 200 manat... Mənə o qədər işgəncə, o qədər tok verdilər ki, özümdən getmişdim. Bakıya – “Papanin” hospitalına gətirdilər, orada tibb bacıları da az qalırdılar xirtdəyimizə qaşığı soxsunlar, guya vətən xainiyik...”
Təqsirləndirilən şəxslər zərərçəkmişlərin dediklərinə heç bir münasibət bildirməyib.
Məhkəmə prosesi aprelin 4-də davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:24 / 29.03.2023
İşgəncə verdilər, Polad Həşimov haqqında danışmağımı tələb etdilər - “Tərtər işi"
Hazırda oxunan: İşgəncə verdilər, Polad Həşimov haqqında danışmağımı tələb etdilər - “Tərtər işi"
Hazırda oxunan: İşgəncə verdilər, Polad Həşimov haqqında danışmağımı tələb etdilər - “Tərtər işi"
127828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.