Dənizkənarı Bulvar ərazisində çəkiliş aparmaq media nümayəndələrinə yasaqlanıb. Nazirlər Kabineti tərəfindən belə bir qadağa ilə bağlı nə rəsmi qərar, nə də təlimat var. Amma formal olaraq media nümayəndələrinə həmin ərazidə çəkilişə imkan verilmir.
Bulvar İdarəsinin mühafizə xidməti çəkiliş üçün ora yaxınlaşan media nümayəndələrinə yaxınlaşaraq heç bir əsaslandırma gətirmədən çəkilişi dayandırmağı tələb edir və ərazidən kənarlaşdırır. Sadəcə “icazəsiz çəkiliş aparmaq qadağandır”, - deyə bildirirlər.
Qeyd edək ki, iki gün əvvəl Milli Məclisin deputatı Razı Nurullayevin sözügedən ərazidə müsahibə verməsinə Bulvar İdarəsi rəhbərliyi tərəfindən imkan verilməyib.
Əslində bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə çalışmaq məcburiyyətindədirlər. Ötən il Bizim.Media-nın çəkiliş qrupu Bulvar ərazisində sadə vətəndaşlardan sorğu almaq istəyərkən də eyni hal baş vermişdi və əməkdaşlarımız Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən məkandan uzaqlaşdırılmışdı.
XXI əsrdə ictimai məkan sayılan Bulvar ərazisində media nümayəndələri üçün absurd tələbin qoyulması gülünc qarşılanıb. Dünyanın heç bir inkişaf etmiş ölkəsində belə bir qadağa olmadığı halda Azərbaycanda bu addımın atılması media hüququnun pozulması kimi dəyərləndirilib.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən hər hansı cavab ala bilmədik. Qurumun mətbuat xidmətinin rəhbəri Könül İmanverdiyeva suallarımıza sadəcə susqunluq nümayiş etdirib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ələsgər Məmmədli Bulvar İdarəsi rəhbərliyinin bu addımını hüquqazidd davranış adlandırıb:
“İctimaiyyətə açıq bir məkanda, heç bir dövlət sirri mühafizə olunmayan və hərbi komendant rejimi olmayan məkanda belə bir məhdudiyyətin qoyulması doğru deyil. Bulvar İdarəsi adından da göründüyü kimi əhalinin istirahəti və dincəlməsi üçün dənizkənarı bir yerdir. Bulvar İdarəsi şəhərin təsərrüfatıdır və oranın ayrıca idarəsi hökumətin yalnış xətasıdır.
Ora Bakı şəhər İcra Hakimiyyətinin daxilində ayrıca kommunal xidmət olmalıdır. Həmin ərazidə istənilən heç bir informasiyaya müdaxilə edilməməlidir. İctimai məkanda informasiya açıqdır. İstisna o haldır ki, ərazidə kimsə əl-ələ gedirsə, onu çəkmək üçün həmin şəxslərin icazəsi lazımdır”.
Hüquqşünas əlavə edib ki, media nümayəndəsinin Bulvar İdarəsində çəkiliş aparması üçün cavabdeh qurumdan icazə istəməsi qanunsuz olaraq jurnalistin məlumat almaq hüququna məhdudiyyət tətbiq etməkdir:
“Qanunvericiliyə görə zor tətbiq etməklə nəticələnən hal birbaşa Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. Yox əgər zor tətbiq etmə yoxdursa, sadəcə “olmaz” deyib dirənirlərsə, inzibati qanunvericiliyi pozurlar. İnzibati Xətalar Məcəlləsinə görə jurnalistin informasiya alması üzərinə qanunsuz məhdudiyyət qoyma inzibati məsuliyyət yaradır.
Buna görə də istədiyi halda bununla bağlı öncə Ombudsmana, gərək olarsa məhkəməyə müraciət edə bilər və Bulvar idarəsini, eləcə də rəsmi şəxsini məsuliyyətə cəlb edə bilər. Məhkəmədə jurnalistə dəymiş maddi və ya mənəvi zərər varsa, onu da ayrıca tələb edə bilərlər”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:45 / 28.03.2023
Qərar yoxdursa, Bulvarda çəkiliş niyə QADAĞANDIR? – İdarə SUSUR, hüquqşünas isə “məhkəməyə müraciət edin” DEYİR
Hazırda oxunan: Qərar yoxdursa, Bulvarda çəkiliş niyə QADAĞANDIR? – İdarə SUSUR, hüquqşünas isə “məhkəməyə müraciət edin” DEYİR
Hazırda oxunan: Qərar yoxdursa, Bulvarda çəkiliş niyə QADAĞANDIR? – İdarə SUSUR, hüquqşünas isə “məhkəməyə müraciət edin” DEYİR
127632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.