Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinə qəbul sistemində problemlərin olduğunu vurğulayıb. Nazir "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə məsələyə toxunub. Nazir hesab edir ki, qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var. Hazırda qəbul sisteminin şaquli qəbul sistemi olduğunu vurğulayan nazir mahiyyətcə abituriyentin ixtisasları ardıcıl olaraq seçdiyini bildirib:
“Abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir. Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”.
Emin Əmrullayev həmçinin ixtisas seçimi məsələsinə də toxunub:
“Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur", - deyə nazir qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
“Qəbul qaydalarında dəyişikliyə ehtiyac var” - Nazir
Dövlət İmtahan Mərkəzindən Emin Əmrullayevin irad bildirdiyi məsələlərə münasibət bildirilib.
Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında deyib ki, ixtisas seçimini abituriyent öz istəyinə əsasən həyata keçirir:
“Yəni hansısa bir ixtisası yazıb-yazmamaq birbaşa abituriyentin seçiminə bağlıdır. Öz qərarı olur. Yerləşdirmə də məhz abituriyentin seçimi, topladığı bal və plan yerlərinə uyğun olaraq aparılır. Qəbul qaydalarında dəyişikliklərə gəldikdə isə, bu Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir”, - deyə DİM-in mövqeyində əks olunub.
Qeyd edək ki, ötən gün buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının, sualların səhv düzgün qoyulmadığı tənqidə və müzakirələrə səbəb olub.
Alçina Amilqızı, Bizim.Media