İcbari Tibbi Sığorta xətti ilə həkimlərə edilən ödənişlər günün mövzusudur. Həkimlər sosial şəbəkələrdə bununla bağlı müzakirələr açıb, öz etirazlarını faktların dili ilə ifadə edirlər. TƏBİB-in iş prinsipindən narazı qalan həkimlərdən biri də Elsevər Kərimovdur.
O qoşulduğu müzakirədə təəssüflə qeyd edir ki. 2022-ci ilin noyabr ayında 811 nəfər xəstəni müayinə etmişəm:
“Bunun əvəzində mənə 734 manat pul hesablanıb. Dekabr ayı hələ qalıb. Hesabladım adamın biri 90 qəpiyə düşür. Ona görə də Azərbaycanda tibbi xidmət 1 manatlıq səviyyəyə düşüb. Heç olmasa bir xəstəyə görə 5 manat ödəsə, həkimə 4-5 min manat pulumuzu alarıq. Amma özü 17 manat silib. Hesablayın görün mənim işimdən nə yeyib, mənə nə verib. Adam özünü qul hesab edir”.
Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılıb ətraflı məlumat veriləcək.
Ona görə də məsələyə mütəxəssislərin fikrini öyrəndik. Həkim-radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev ölkədə səhiyyə xidmətinin yarıtmaz təşkil olunduğunu dedi:
“Fundamental olaraq əsas məsələ budur. Yəni İcbari Tibbi Sığortanın tətbiqindəki ciddi qüsurlar hər kəsi narazı salıb. Elsevər həkim haqlı olaraq çox ciddi məsələ qaldırıb. Deyir ki, əgər bir xəstənin müayinəsi üçün 17 manat vəsait ayrılırsa niyə mən 90 qəpik verilir. Ədalətsizlik göz qabağındadır. İşi görən həkimdir. O illərlə oxuyub, illərlə təcrübə qazanıb. Üstəlik, bunun ailəsi, uşaqları, zəruri ehtiyacları var.
Bu həkim başlayır həvəslə işləməyə. Ayın sonunda ona fiks maaş verirlər. Hələ bonus əlavəsin vermirlər. Bəs, 10-15 il oxuyub, öyrənən həkim necə dolansın?
Adam noyabr ayının bonusunu təzə alıb. Deməli bonus əlavələri aylarla gecikdirilir. Hələ onu demirəm ki, həkimlər gündə 50-60 xəstə müayinə edirlər. Bir belə əziyyətin qarşılığında isə stimul sıfırdır”.
Surxay Atakişiyev, Bizim.Media