Əməkdar artist Çingiz Əhmədovun mərhum Xalq artisti Nəsibə Zeynalova ilə qohum olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
N.Zeynalovanın xatirə günündə Ç.Əhmədov unudulmaz və əfsanəvi aktrisa ilə qohumluq əlaqələrindən və sənət yolundan söz açıb:
“Nəsibə xanımın son günləri idi. Ona ordenlər vermişdilər. Sənətkarın nəvəsi Nəsibə, həmin ordenləri ona təqdim etdi. O da həmin ordenlərə baxıb dedi ki, “Adə bu nədir?”… Onda “özündə-sözündə” deyil idi… Sonra da taxdı yaxasına. Biz onun yanında bir-iki saat oturduq, sonra gördük ki, səhhəti yaxşı deyil, narahatdır. Qərar verdik ki, evə gedək. İki saat sonra nəvəsi Nəsibə zəng vurub söylədi ki, nənə artıq keçinib. Allah rəhmət eləsin! Oğlu Cahangir Türkiyədə idi. Bir gün sonra o özünü Bakıya çatdırdı. Anasının yas mərasimində iştirak etdi.
Nəsibə xanım fenomen şəxsiyyət idi və ondan yox idi. O, nənəmlə dayı qızı, bibi qızı olub. Çox gözəl əl qabiliyyəti vardı və gözəl yeməklər bişirirdi. 5yaşım olanda Nəsibə xanım nənəmə biletlər verirdi. Bizdə gedib onun tamaşalarına baxırdıq. O heç bilmirdi ki, mən sənətdəyəm. Bir gün elə oldu ki, teatrda çalışırdım və pilləkanlardan düşərkən onunla üz-üzə gəldim. Nəsibə xanımla salamlaşdım. Dedim ki, “Mama, bildin mən kiməm?”. Cavab verdi ki, “Adə tam yox, amma səni televizordan tanıyıram, bilirəm”. Söylədim ki, “Bəs Zibeydə xanımın nəvəsiyəm”. O isə “Adə nə danışırsan?
Bizə gəlirdin o vaxtlar...” Bundan sonra Nəsibə xanım məni biraz da çox istədi. Onunla bir səhnəni də paylaşmışam, qastrollarımız da olub. Onu itirsək də, o bizim qəlbimizdə hər zaman yaşayır. Bu sənət adamlarının nə qədər ki film və tamaşaları var, onlar hər zaman yaşayacaqlar”.
Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü ildə 87 yaşında dünyasını dəyişib. Ölməz sənətkar Fəxri Xiyabanda dəfn olunub.
Rəşad Əliyev, Bizim.Media