Azərbaycan-Türkiyə qardaşlığı rəsmi sənədlərdə - 1993-2021

Azərbaycan-Türkiyə qardaşlığı rəsmi sənədlərdə - 1993-2021

Hazırda oxunan: Azərbaycan-Türkiyə qardaşlığı rəsmi sənədlərdə - 1993-2021

12397

Fevralın 18-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib.

Biznes forumda hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.

Xatırladaq ki, Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlayıb.

Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992 tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanıb və  23 yanvar 1993 tarixindən isə qüvvəyə minib. 

Bizim.Media xəbər verir ki, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoyub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: "Azərbaycan Türkiyəsiz olmayacaq"


Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri var. 

Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələrini unutmaq olmaz. 

BTC layihəsinin reallaşdırılması istiqamətində mühüm bir addım kimi, 29 oktyabr 1998 tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı "Ankara Bəyannaməsi" imzalanıb, 18 noyabr 1999 tarixində isə ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" Sazişə imza atılıb.

13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. 

BTC kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir.

2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanıb.

2018-ci ilin sentyabr ayında SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində “Star” neft emalı zavodunun açılış mərasimi olub. 

Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğində olub.

Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir.

Türkiyədə investisiya qoyan Azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. 

Ötən il dekabrın 10-da Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Əməkdaşlıq sənədləri nəqliyyat, yol-infrastruktur, biznes və media sahələrini əhatə edib. 

Yaddan çıxartmaq olmaz ki, həmin tarixdə - dekabrın 10-da Türkiyə lideri 44 günlük savaşda qazanılan qələbə ilə bağlı Azərbaycana səfər edib və Zəfər Paradında iştirak edib.

Ermənistanla müharibədə rəsmi Ankaranın Bakıya göstərdiyi diqqət də xüsusi vurğulanmalıdır. Çünki bütün dünyada “dronlar savaşı uddu” başlıqlarının əsas səbəbkarlarından biri də “Bayraktar”dır. 

Bu səbəbdən Azərbaycan və Türkiyə arasında imzalanan hərbi sazişlərin də əhəmiyyəti var.

Siyasi müttəfiqlik, həm Türkiyə, həm də Azərbaycanın bir-birinin kürəyini yerə verməməsi bü gün də duyulmaqdadır. Ümumiyyətlə, bütün bu müqavilələr fevralın 18-i iki ölkə arasında baş tutan Biznes Foruma və yeni imzalanmalanmalara aparan yoldur. 

Milli lider Heydər Əliyevin illər öncə dediyi “bir millət iki dövlət” kəlamı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində reallığa çevrildi.

Bir-birinin ərazisinə təkcə şəxsiyyət vəsiqəsi ilə keçə biləcək iki qardaş ölkənin vətəndaşları bütövləşir. Bununla yanaşı hazırda baş verənlər Türk Birliyinin sərhəd tanımayacağının anonsudur.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO