Regionda GƏRGİNLİK ARTIR – “İran nüvə silahına haram deyib, amma...”

Regionda GƏRGİNLİK ARTIR – “İran nüvə silahına haram deyib, amma...”

Hazırda oxunan: Regionda GƏRGİNLİK ARTIR – “İran nüvə silahına haram deyib, amma...”

123170

İran nüvə silahı əldə etməyə günbəgün daha da yaxınlaşması regionda gərginliyi daha da artırır. Son olaraq, fevralın 28-də nüfuzlu “Bloomberg” nəşri Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki mənbələrə istinadən İranın uranı artıq 84 faiz zənginləşdirdiyini açıqlayıb. Eyni zamanda, İranın zənginləşdirdiyi uranın miqdarı da 2015-ci ildə əldə olunmuş razılaşmadan 18 dəfə çoxdur.

İran rəsmiləri bu xəbərləri inkar etsə də, əvvəlki rəqəmlərlə müqayisə etdikdə, vəziyyətin həqiqətən də kritik durumda olduğu aydın görünür. Digər tərəfdən, İranın nüvə planlarına qarşı ən radikal mövqe sərgiləyən İsrail rəsmiləri də artıq həyəcan təbili çalırlar. Fevralın 28-də İsrail xarici işlər naziri Eli Kohen jurnalistlərə açıqlamasında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlər görməyin vaxtının çatdığını qeyd edib.

Hər kəsi maraqlandıran sual isə İranın nüvə silahı əldə edəcəyi təqdirdə regionu hansı təhlükələrin gözlədiyidir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya ilə olduğu kimi, İran da artıq dünya üçün təhlükəyə çevrilməyə başlayıb:

“İran beynəlxaq təhlükəsizliyə ciddi təhdid yaradan ölkədir. Üstəlik, bir tərəfdən İran hakimiyyəti nüvə silahının guya İslama görə haram olduğu ilə bağlı fikirlər söyləyə-söyləyə, həm də MAQATE-ni və dünya birliyini aldadaraq, uranın saflaşdırılması işində çox irəli gediblər. Paralel olaraq, dünya İranın bu hərəkətlərini qətiyyətlə pisləyib. Eyni zamanda, anti-İran koalisiyası da formalaşmağa başlayıb. Bu prosesə təkanverici qüvvə kimi İsrail və ABŞ çıxış edir. Səudiyyə Ərəbistanı və Almaniyanın da bu məsələdə mövqeyi qətidir.

Hesab edirəm ki, İranın hərəkətlərinin qarşısını almaq üçün hərbi addımlar da atıla bilər”.

Politoloq İranın uranı zənginləşdirməyə davam etməsinin regionda müharibəyə belə səbəb ola biləcəyini qeyd edib:

“Təxminən ay yarım bundan əvvəl İranın bir sıra strateji obyektləri dron hücumuna məruz qaldı. Bir neçə gün bundan əvvəl İranın Kərəç şəhərində böyük istehsal obyektlərinə oxşar hücumlar oldu. Bu hücumlar onu göstərir ki, artıq İrana qarşı hərbi tədbirlərin görülməsinə yavaş-yavaş start verilir. 

Amma hücumların kütləvi xarakter almasının, yəni İranda nüvənin saflaşdırılması ilə məşğul olan sentrafuqaların, eləcə də yer altında gizlədilmiş ballistik raket anbarlarına zərbə endirilməlidir. Çünki bir həftə əvvəl İran elan etdi ki, yeni sınaqdan keçirdiyi ballistik raket İsraili və ABŞ-ın Yaxın Şərqdəki bütün obyektlərini vurmaq iqtidarındadır. Göründüyü kimi, İran açıq-aşkar dünyaya meydan oxuyur və bunun qarşısının alınması vacibdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO