Bu xəstəliklərə DİQQƏT: Uşaqlarınızda eşitmə pozğunluğu yarana bilər

Bu xəstəliklərə DİQQƏT: Uşaqlarınızda eşitmə pozğunluğu yarana bilər

Hazırda oxunan: Bu xəstəliklərə DİQQƏT: Uşaqlarınızda eşitmə pozğunluğu yarana bilər

122510

“Uşağın qulağına xırda əşyaları salması və ya valideynlərin qulağı düzgün təmizləməməsi xarici qulaq keçəcəyinə travmalar törədə bilər. Xarici qulaq keçəcəyində yad cisim və ya “qulaq kirinin” keçəcəyi tutması nəticəsində daxili qulaq və xarici mühit arasında təzyiqlər fərqinin yaranması təbil pərdəsinin gərginləşməsinə və ağrının yaranmasına səbəb ola bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Tərlan Əyyubov danışıb. 

O bildirib ki, qulaq ağrıları uşaqlarda tez-tez rast gəlinən bir problemdir. Bu ağrılar həm travmalar, həm otitlər, həm gigiyenik qaydalara düzgün əməl olunmaması ilə qulaqda yad cisimlər və s. ilə əlaqədar ola bilər:

“Bundan başqa, həm xarici qulaq keçəcəyində (karbunkul, furunkul və s), həm orta qulaqda olan iltihabi proseslər (orta otit), ağrının yaranmasına səbəb ola bilər.

Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri (qrip və qripəbənzər hallar) zamanı qulaq ağrıları daha çox müşahidə edilir. Bu, uşaqlarda burun-boğazın anatomik quruluşu ilə əlaqədardır. Belə ki, daxili qulağı burun-udlaqla birləşdirən yevstax borusu uşaqlarda üfüqi, geniş, qısa, böyüklərdə isə bir qədər şaquli, dar, uzun olur. Buna görə də burun-udlaqdan infeksiyanın orta qulağa keçib orta otit yaratma ehtimalı uşaqlarda daha çox olur. Bundan başqa burun-udlaqda olan iltihabi proses zamanı yevstax borusu ödəmlə əlaqədar tutula bilər və nəticədə həm qulaq ağrısı, həm effuzion otit (orta qulağa maye yığılması) yarana bilər”.

Həkim bildirib ki, orta otitlər vaxtında müalicə olunmadıqda meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə (qusma, ürəkbulanma, başhərlənmə, karlıq və s. ilə səciyyələnir), mastoiditlərə, beyin abseslərinə, sepsisə gətirib çıxara bilər:
“Nəzərə alsaq ki, uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO