Azərbaycanda DAYƏ XİDMƏTİ necə yaradıla bilər? – TƏKLİF

Azərbaycanda DAYƏ XİDMƏTİ necə yaradıla bilər? – TƏKLİF

Hazırda oxunan: Azərbaycanda DAYƏ XİDMƏTİ necə yaradıla bilər? – TƏKLİF

122509

İşə çıxdığı üçün 6 aylıq körpəsini dayə yanına qoymaq istəyən Sevil Xuduyeva deyir ki, bir ayın içində 3 dayə dəyişməli olublar. Biri qonşu, digəri qohumun tanışı və s. Səbəb isə körpənin onların heç birni qəbul etməməsi olub:  

“3-cü dayədən sonra artıq uşaq onu maşından düşürəcəyimizi hiss edər-etməz çığırmağa başlayırdı. Məcbur olduğumuz üçün bir müddət nənəsi baxmalı oldu”.

Günümüzdə uşaq baxıcısına, yəni dayələrə ehtiyac çoxdur. Çünki yalnız işləyən deyil, işləməyən analar da dayə xidmətindən yararlanmaqda maraqlıdır. Nisbətən böyük uşaqları uşaq baxçalarına vermək mümkün olsa da körpələr üçün bu imkan azdır. Problem də elə bu zaman başlayır. Çünki dayə seçmək üçün heç bir baza, qeydiyyatda olan ünvan mövcud deyil.

Belə olan halda valideynlər övladlarını öz tanış-bilişindən, qonşusundan olan birinə həvalə etmək məcburiyyətində qalır. Mütəxəssislər uşaqların hər cəhətdən ən güclü inkişaf dövrünün 3 yaşa qədər olduğunu irəli sürür. Elə isə bu vacib zaman kəsiyində körpələr kimə etibar olunur?

Artıq 10 ilə yaxındır dayə kimi fəaliyyət göstərdiyini deyən Xəyalə Sultanova deyir ki, hazırda 3 aylıq körpəyə baxır: 

“Həmin ailə bir tanışımızın tanışı idi. Əvvəl bir qızlarına baxmışam. İndi 8 yaşındadır. Sonra ikinci uşağı da etibar etdilər. Maaşım çox deyil. Cəmi 320 manat alıram. Şənbə və bazar evdə olsam da, həftə içi işə getmək üçün saat 06:00-dan evdən çıxmalı oluram. Getmək üçün 3 marşrut dəyişirəm. 60 manat yola pulum çıxır. Məcbur olduğum üçün gedirəm”.

Göründüyü kimi dayə xidmətinin hər iki bucaqdan kifayət qədər problemləri mövcuddur.

Məsələnin bir tərəfi uşaqların təhlükəsizliyidirsə, digər tərəfi dayə kimi xidmət edən insanların hüquqları ilə bağlıdır. Burada dayənin keyfiyyət, peşəkarlıq göstəriciləri ilə bərabər, iş axtardığı zaman doğru ünavana çatması, xidmət zamanı onun pozulan hüquqları və ya hər hansı rəsmi sənədləşmə məsələsi icra olunmur. 

Ona görə dayəçilik də bir xidmət sahəsi olduğundan bu məsələ ilə də peşəkar səviyyədə məşğul olmağa ehtiyac var. Əgər dayəçiliklə bağlı hər hansı baza yaradılarsa, xidmətdən istifadə edən hər iki tərəfin hüquqları, əminliyi təmin olunar.

Söhbətimizi sosioloq Əhməd Qəşəmoğlu ilə davam etdiririk. O, Bizim.Media-ya problemin həlli üçün görülməsi vacib olan işlərdən danışıb: 

“Hələ Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri olanda bununla bağlı təkliflər verdim, iclasda danışdım, amma məsələ ciddiyə alınmadı. Azərbaycanda dayələrin qeydiyyatda olduğu belə bir agentliyə böyük ehtiyac var. Burada yalnız dayələr yox, bağbanlar, sürücülər, ev qulluqçuları həm iki aylıq kurs keçər, müəyyən etiket qaydalarını öyrənər, həm də onların səhhəti, kriminal aləmlə əlaqələri, davranışları haqqında məlumat toplanar.

Ondan sonra istənilən adam agentliyə zəng edə, onlarla müqavilə bağlaya bilər. Müəyyən ödəniş müqabilində dayələri evinə dəvət edə bilər. Təəssüf ki, belə bir qurum hələ də Azərbaycanda yoxdur. Bunun olması hər iki tərəfin təhlükəsizliyi üçün vacibdir. 
Nazirlik bu işlə mütləq məşğul olmalıdır. Evə çağırırsan, amma xəstədi, deyil bilmirsən. Ya psixoloji problemi olduğu məlum olmur. İnsanlar yoxsulluq üzündən dayə işləmək istəyirlər, amma nə etməli olduqlarını bilmirlər. Onlara kurs keçmək və sertifikat vermək lazımdır ki, etiket qaydalarından tutmuş xidməti sahələrinə qədər uyğun bilgilər əldə etsinlər”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO