Bu Fransa şirkəti Xəzərdə nə ilə məşğuldur? - İlham Şabandan HƏFTƏNİN ANALİZİ

Bu Fransa şirkəti Xəzərdə nə ilə məşğuldur? - İlham Şabandan HƏFTƏNİN ANALİZİ

Hazırda oxunan: Bu Fransa şirkəti Xəzərdə nə ilə məşğuldur? - İlham Şabandan HƏFTƏNİN ANALİZİ

122485

Yola saldığımız həftə enerji bazarlarında, istər qlobal bazarlarda, istərsə də yerli bazarda xeyli yadda qalan hadisələr baş verib. 

Qlobal bazarlar. Dünya enerji bazarlarında neft qiymətləri məsələsində elə bir dəyişiklik yoxdur, Brent markalı neft ötən ilin dekabrın 12-dən müəyyən istisnalar olmaqla 80-85 dollarlıq dəhlizdə artıq iki aydan çoxdur ki, ticarət edilir. 
Qaz qiymətləri isə ilin əvvəlindən azalmaya meyllidir. Əgər ötən həftə 600 dollardan aşağı qiymətdə ticarət edilirdisə, bu həftə 550-dən aşağı bir həddi hədəfləyib. Bunun da səbəbi məlumdur, daha mülayim qış, anbarlarda olan qaz ehtiyatının əvvəlki beşillik göstəricilərdən də yuxarı olması və dünyada yaşanan hərbi-siyasi gərginliyə bazarın öyrəşməsi.

Sonuncu faktor ötən bir ildə dünya enerji bazarındakı həyatı daha emosional formaya salıb.

Söhbət Rusiya-Ukrayna hərbi münaqişəsinin yaratdığı fəsadlardan gedir. 

Rusiya-Ukrayna müharibəsi. Fevralın 24-ü Rusiya-Ukrayna müharibəsinin başlanmasının 365-ci günü tamam oldu. Və ili tamam olmuş bu müharibənin nə zaman bitəcəyi bəlli deyil. Mən bu tarixlə, yəni arxada qalan günlər və qarşıda hələ davam edəcək döyüşlü zaman haqda xeyli məlumatları ələk vələk etdim və bu günlərdə söylənilən bir fikir diqqətimi çəkdi. 

“Forbes” jurnalı əməkdaşının “bu müharibəyə futbol oyunu analogiyası ilə baxsaq, indi meydanda hansı dəqiqə oynanılır və hesab neçədir” sualına Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun insanı döyüş meydanından uzaqlaşdırıb tam başqa bir səmtə aparan və fəlsəfi obrazda verdiyi cavablar çox düşündürücüdür. Görün nə deyir: rəqibin güclü hücumlarına baxmayaraq hesab 1:1-dir, oyunun isə təxminən 70 dəqiqəsi arxada qalıb.

“Titullu və çox  reytinqli rəqibin qarşısında nədən belə müqavimət gətirmək mümkün oldu” sualının cavabı isə təsvirinə görə unikaldır: Biz öz meydanımızda oynayırıq, ona görə də müdafiəmizdə əlavə güc alırıq, öz torpağında, onun uğrunda döyüşmək daha asandır və nəhayət – təsəvvür edin ki, stadionda, onun ətrafında və TV ilə seyr edənlər Sizə azarkeşlik edir, Sizə dualar edir və əlindən gələn kiçik də olsa köməkliyi göstərməyə can atır. 

Soruşa bilərsiniz ki, bunun enerjiyə nə dəxli. Məsələ təkcə son 77 ildə dünya masştabında indiyə qədər baş verməmiş bir müharibənin dünya enerji bazarlarına olan təsirlərindən getmir.

Burada həm də insanın enerjisi var ortada. 

Bu baxımdan ötən müddətdə hərbi-siyasi qarşıdurma qlobal enerji bazarlarını sözün əsil mənasında zəlzələ kimi silkələdi. Özü də onun amplitudası elə gücdə oldu ki, hətta müharibə bu gün bitsə belə, hamıya aydındır ki, onilliklər boyu oturuşmuş bazarın, düzülüb qoşulmuş enerji ticarət bazarını yenidən əvvəlki halına gətirmək mümkünü olmayacaq, tam yeni formatda bir bazar yaranır.

Təsəvvür edin ki, 2022-ci ilin əvvəlinə Avropa İttifaqının qaz bazarının tədarükündə 40% paya sahib olan Rusiya 1 il sonra bu göstəricinin 6%-ə qədər azalması ilə barışmalı olub. Almaniya kimi onilliklər boyu Avropada Rusiya qazının ən iri alıcısı olan ölkə ötən ilin avqustun sonundan “Gazprom” qazının gəlmədiyi ölkəyə çevrilir. Və bu da son deyil. 2025-ci ildən Avropa Rusiya enerji daşıyıcıları olmadan keçinən bir coğrafi məkana çevrilmək arzusunu ortaya qoyub. 

Azərbaycana yönələn baxışlar. Belə bir şəraitdə isə alternativ mənbələrdən Avropaya enerji idxalı məsələsi hazırda çox mühüm bir amilə çevrilib. Bu baxımdan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu əvvəllər proqnoz edildiyindən kifayət qədər artıb və artmaqda da davam edəcək. Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığına dair imzalanan memorandum da Qərbin bizə verdiyi önəmdən irəli gəlir. 

Qeyd edim ki, Anlaşma Memorandumu Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. Hər bir belə saziş isə bizim irəliyə hərəkətimizə təkan verici bir hadisə olub. Amma maraqlısı budur ki, hər 3 saziş demək olar ki, qaz ixracımızla bağlı olub. 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu Azərbaycanın qaz ixracatcısına çevrildikdən sonra öz qazının Avropa bazarlarına da çıxartmaq niyyətinə hədəflənmişdi, 2011-ci ildə imzalanan Birgə Bəyannamə isə artıq Şahdənizin ikinci mərhəsləsindən çıxacaq mavi yanacağın həmçinin Avropa İttifaqı ölkələri tərəfindən də alınması məsələsini ortaya qoyurdu. 

Hazırda isə Azərbaycanın mərhələli şəkildə bazara çıxartmaq istədiyi əlavə 10 milyard kubmetr qaz həcmlərini bütünlüklə Avropa əldə etmək istəyir. Çünki Rusiya qazının çıxarıldığı bazarda tələbat artır və Azərbaycanın indiyə qədər özünü ciddi, sözünə əməl edən, tərəfdaşların ümidini doğruldan bir oyunçu imicini qazanması isə bazarda bizim ölkə ilə uzun müddətə əməkdaşlıq etmək istəyində olan ölkələrin sayını artırır. 

Diqqət yetirin, Azərbaycan 2007-ci ildə qaz ixracatçısına çevrilir, cəmi iki ölkəyə qaz satır:

Gürcüstan və Türkiyəyə. 2010-cu ildən başlayaraq qısamüddətli müqavilələr əsasında Rusiyanın cənub bölgələrinə də qaz ixracı həyata keçiririk. Necə deyərlər, regional qaz bazarlarında özümüzün nüfuzunu möhkəmlədirik. Nəticədə, Avropanın əvvəlcə 3 ölkəsinə - Yunanıstan, İtaliya və Bolqarıstana, daha sonra bu ildən Rumıniyaya qaz ixrac etmək imkanı qazınırıq. Və 2023-2024-cü illərdə Azərbaycan qazının ilk həcmlərini gözləyən minimum 2 namizəd ölkə var – Macarıstan və Serbiya. 

Qaz proqnozları. Azərbaycan Energetika nazirliyinin açıqladığı son proqnozlara görə, bu il ölkədə ümumilikdə 47,2 mlrd kubmetr qazın çıxarılması planlaşdırılır. Bu qazın 35,9 mlrd kubmetrini satışa çıxartmaq mümkün olacaq, yerdə qalan 11,3 mlrd kubmetr həcmlər isə lay təzyiqini saxlamaq üçün neft quyularına vurulacaq. Ölkə hüdudlarından kənarda isə qaz ixracını 24,5 mlrd kubmetrə qədər artıqmaq nəzərdə tutulur ki, bunun da 12 mlrd kubmetrə yaxını Avropa bazarlarında satılacaq. 

Bütün bunlar Cənub Qaz Dəhlizi boru kəmərlərinin hələ genişləndirilmədiyi halda reallaşması mümkün olacaq qaz marketinqimizin uğurlarıdır. Və bu uğurlarımıza Avropadakı istehlakçılar inandıqlarından rəsmi Bakı ilə əlaqələrini günişləndirmək yolu seçirlər. Yəni onlar özləri üçün tam əmindirlər ki, Azərbaycanın bazara çıxara biləcəyi əlavə qaz həcmləri var. Özü də bunu təkcə siyasi rəhbərliyin bəyanatları deyil, həm də Azərbaycanda qaz çıxaran və çıxarmağa hazırlaşan şirkətlərin rəsmi sənədləri də sübut edir.

Yeni yatağın gözlənilən qazı. Bu həftə Fransanın neft-qaz nəhəngi - “TotalEnergies” şirkəti 2023-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Abşeron” yatağında qaz hasilatına başlayacağını təsdiqləyib və bunun hesabına karbohidrogen istehsalını artırmağa ümid edir. 

Şirkət özünün səhmdarları üçün buraxdığı hesabatda cari ildə üç ölkədəki layihələrində - Omanda, Braziliyada və Azərbaycanda karbohidrogen istehsalını təxminən 2% artacağına dair məlumat yayıb. 
Məlumata görə, “Abşeron” yatağının istehsal gücü gündəlik 40 min barel neft ekvivalenti təşkil edəcək və ya bu yatağın ilkin işlənmə mərhələsində ildə 1,5 mlrd kubmetr qazın hasil edilməsi planlaşdırılır. 

Onu da deyim ki, əgər Fransa şirkəti zamanında “Abşeron” yatağının işlənməsini həyata keçirsəydi, onda Azərbaycan da xaricdən qaz idxalı fikrinə düşməzdi. Özü də diqqət yetirsək, görərik ki, Azərbaycanın xarıcdən aldığı qaz həcmləri məhz Fransa şirkətinin “Abşeron”un birinci mərhələsi üzrə hasil edib ölkənin daxili bazarına yönəldəcəyi həclərlə demək olar ki, eynidir. 

Azərbaycanın müvəqqəti qaz idxalı. Dövlət Statistika Komitəsinin 2022-ci ilin yekunlarına dair “Xarici ticarət əlaqələri” bülletinində qeyd olunur ki, ötən il ölkəmiz ümumilikdə 1 mırd 16 mln kubmetr təbii qaz idxal edib. İdxalın 3 ölkədən həyata keçirildiyi göstərilir: Rusiya, Türkmənistan və İrandan. 

2022-ci ildə İrandan digər ölkələrlə müqayisədə xeyli az idxal edilib, 66 mln kubmetrdən bir qədər artıq. Türkmənistandan alınan qazın həcmi 857 milyon kubmetr, Rusiyadan idxal həcmləri isə 93,2 mln kubmetr təşkil edib. 

Yadınızdadırmı,  Azərbaycan Prezidenti ilin əvvəlində yerli telekanallara müsahibə verərkən Rusiyadan 200-300 milyon kubmetr qazın alındığını söyləmişdi. Fərq isə ondan qaynaqlanır ki, burada verilən rəqəmləri Statistika Komitəsi Dövlət Gömrük Komitəsinin bəyan edilmiş göstəriciləri əsasında öz hesabatına daxil edib. Amma burada bir həssas məqam var. Söhbət Gömrük Komitəsinin son bir neçə ayda qazla bağlı bəyan etdiyi göstəricilərin reallıqdan get-gedə uzaqlaşmasıdır. 

Gömrük Komitəsinin fərqli qaz statistikası. Gömrük Komitəsi göstərir ki, 2022-ci ildə Azərbaycan 18 mlrd 965,2 milyon kubmetr qaz ixrac edib. Amma Statistika Komitəsi bu göstəricini yaymaqla yanaşı faktiki ixrac həcmlərini də göstərir: 22 mlrd 635,2 milyon kubmetr. Yəni ötən il üzrə Gömrük Komitəsi 3 mlrd 670 mln kubmetr qaz həcmini bəyan etməyə imkan tapmayıb. Bu bilirsinizmi nə qədər həcmdir? Azərbaycanın həyata keçirilmiş ümumi qaz ixracı həcminin 16,2%-i qədər. 

Yaxşı qəbul edirik ki, qaz çıxarılıb, onun müqavilələr üzrə satıldığı bazarda qiymətləndirilməsi üçün müəyyən zaman gərəkdir. Yəni məntiqlə ötən il bəyanlaşdırıla bilməyən həcmlər artıq yanvar ayında hamısı olmasa da bir hissəsi rəsmiləşdirilməliydi. 
Amma reallıqda əksi baş verib. Gömrük Komitəsi elan edib ki, 2023-cü ilin yanvarında Azərbaycandan ixrac edilən qazın həcmi 255,6 mln kubmetr təşkil edib. Azərbaycan Energetika nazirliyi isə özünün aylıq statistik hesabatında ixrac həcmlərinin 2,2 mlrd kubmetr olduğunu qeyd edib. Yəni Gömrükdə faktiki aylıq ixracın cəmi 10,2%-ni rəsmiləşdiriblər. 

Bu baxımdan hesab edirəm ki, hökumət Gömrük Komitəsinin rəqəmsal iqtisadiyyat dövründə işinin yaxşılaşdırılması üçün addımlar atmalıdır.

Çünki qaz, neft, neft məhsulları isə təkcə ölkəmiz üçün strateji əhəmiyyət daşıyan ixrac malları deyil axı. Həm də bizim Avropadakı bir sıra ticarət tərəfdaşlarının enerji təhlükəsizliyində ildən ilə rolu və əhəmiyyəti artan bir enerji daşıyıcılarıdır. Yəni bizə xaricdən də diqqət əvvəlkindən xeyli çoxdur. 

Azərbaycanın neft-qaz statistikası. Bu həftə Energetika nazirliyində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə nazir Pərviz Şahbazov maraqlı faktlarla çıxış edib. İndiyənə qədər ölkənin neft və qaz sektoruna 89 milyard dollar xarici sərmayə yatırıldığını bildirib. Azərbaycan dövlətinin mənfəəti isə Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin həyata keçirilməsi nəticəsində 170 milyard dolları keçib. 

Hasilat başlayandan indiyə qədər AÇG-dən 569 mln ton neft çıxarılıb, “Şahdəniz” yatağından isə 185 mlrd kubmetr qaz hasil edilib. İxrac edilən qazın həcmi isə 130 mlrd kubmetr təşkil edib. Yerdə qalan 55 milyard kubmetr isə Azərbaycanın daxili bazzarına yönəldilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərimiz ilə isə 532,9 mln ton neft daşınıb. Bu kəmmərlə qonşu ölkələrin daşınan neft həcmləri isə 55 milyon tondan artıq olub.      

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO