Ermənistan “dəhlizə-dəhliz” prinsipinə necə maneə törədir? – İrəvanın Laçın yolu iddialarının PƏRDƏARXASI

Ermənistan “dəhlizə-dəhliz” prinsipinə necə maneə törədir? – İrəvanın Laçın yolu iddialarının PƏRDƏARXASI

Hazırda oxunan: Ermənistan “dəhlizə-dəhliz” prinsipinə necə maneə törədir? – İrəvanın Laçın yolu iddialarının PƏRDƏARXASI

122162

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Lüksemburqun xarici işlər naziri Jan Aselborn ilə birgə mətbuat konfransı zamanı Laçın yolu ilə bağlı səsləndirdiyi fikirlər heç də birmənalı qarşılanmayıb. Erməni nazir Laçın yolunda nəzarətin qurulmasının məqbul olmadığını vurğulayıb.

Bununla da, Ermənistan tərəfi avtomatik olaraq, Zəngəzur dəhlizi ilə bağlı texniki məqamlarda da müəyyən sualların yaranmasına səbəb olub.
Həmin suallara cavab tapmaq üçün ilk növbədə 10 noyabr üçtərəfli bəyanatına nəzər salmaqda fayda var.

Bəyanatın 6-cı bəndində qeyd olunur:

“Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Sözügedən sənədin 9-cu bəndi isə Zəngəzur dəhlizi ilə bağlıdır:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Laçın yolu və Zəngəzur dəhlizi ilə bağlı bəyanatda oxşar fikirlərin qeyd olunduğu açıq şəkildə görünür. Tərəflər hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Bəs, problem nədən qaynaqlanır?

Lakin problem yaradan məsələ Ermənistan tərəfinin Laçın yolundan qanuni məqsədlərlə istifadə etməməsindən qaynaqlanır. Bunun qarşısını almaq üçün Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasının vacib olduğu qənaətindədir.

Və nəzarət-keçid məntəqəsinin qurulmasının Laçın yolunda hərəkətin təhlükəsizliyinə verilən zəmanəti pozacağı iddialarının əsası yoxdur. Çünki Azərbaycan heç bir halda humanitar daşınmalara maneə törətməyib.

Laçın yolunda aksiyanın başladığı dekabrın 12-dən bu günə qədər 2600-ə yaxın yük maşını və Qırmızı Xaç Komitəsinin maşınlarının maneəsiz hərəkəti buna əyani sübutdur. 

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın problem kimi gördüyü məsələ, kommunikasiya xətlərinin eksteretorial dəhliz kimi qiymətləndirilməsindədir. Amma bu ideya da reallıqdan uzaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev Münhendə jurnalistlərin suallarını cavablandırarkən rəsmi İrəvanın bu arqumentinin əssasız olduğunu sübuta yetirib:

“Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.
Göründüyü kimi, İrəvanın təqdim etdiyi kimi, Azərbaycanın Zəngəzur dəhlizi məsələsində Ermənistana ərazi iddiaları irəli sürməsi məsələsi reallığı əks etdirmir. Çünki Azərbaycan açıq şəkildə Ermənistanın da öz ərazisində nəzarət-keçid məntəqəsi yaratmasını təklif edir. Lakin bu o demək deyil ki, Ermənistan Naxçıvana gediş-gəlişə maneə törədə bilər. Əgər törədərsə, nəticə 10 noyabr bəyanatının pozulması deməkdir ki, bu da cavabsız qalmaz.

Ermənistanın davranışı nəyə hesablanıb?

İddiaların heç bir əsası yoxdursa, onların yüksək tribunalardan səsləndirilməsinin bir səbəbi ola bilər: danışıqlar prosesinə mane olmaq.

Görünən qədərilə, İrəvan Laçın yolu ilə bağlı manipulyasiyalar etməklə əslində Zəngəzur dəhlizinin reallaşdırılmasını ləngitməyə çalışır.
Bununla Ermənistan həm də Qarabağ erməniləri üçün irəli sürdüyü “blokada” iddialarını faktiki olaraq Naxçıvan MR üçün edir. Və Naxçıvanın blokadası artıq 32 ildir ki davam edir...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO