Məktəblərdə BU FƏNLƏRİ kim çıx-daş edib? – Ekspertdən HƏYƏCAN TƏBİLİ

Məktəblərdə BU FƏNLƏRİ kim çıx-daş edib? – Ekspertdən HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Məktəblərdə BU FƏNLƏRİ kim çıx-daş edib? – Ekspertdən HƏYƏCAN TƏBİLİ

119877

Təbii fəlakətlər-zəlzələlər, daşqınlar, yanğınlar və s. günümüzün qaçılmaz reallığıdır. Çətin vəziyyətə düşən insan özünü və ətrafındakıları ölümün çəngindən necə xilas etməyi bilməlidir. Qısası, bu gün məktəbdə əla qiymətlərlə oxuyan şagirdlərə sabah bu bacarıqlar o bilikdən də vacib ola bilər. İndi isə orta məktəbdə oxuyan uşaqların vəziyyəti elədir ki, onlardan çoxu divara heç bir mıx da vura bilmir.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ciddi problemlərə toxunub:

“Orta ümumtəhsil məktəblərini bitirən məzunlar birbaşa həyata hazırlanırlar. Təhsil müddətində əldə etdikləri biliklər, formalaşdırılan bacarıqlar onların müstəqil həyatda bilavasitə köməyinə çatmalıdır. Çox təəssüf ki, hazırda bizim orta məktəblərdə təhsil alan şagirdlərə əgər ona da kafi demək olarsa, yalnız biliklər verilir.
Onlarda hər hansı həyati bacarıqlar, demək olar ki, formalaşdıra bilmirik. Əmək təlimi, nəğmə, mülki-müdafiə kimi fənlər çoxdan praktik olaraq tədris edilmir. Bu dərslərin əvəzində guya dəqiq fənlərin kəm-kəsirini ödəmək üçün həmin saatı doldururlar riyaziyyat və başqaları ilə.

Təbiətdə baş verən hər hansı bədbəxt hadisə zamanı özünü müdafiə etmək, ilkin tibbi yardımın göstərilməsi kimi bacarıqlarıdır ki, bizim uşaqlarımızda bunlar yoxdur.

Düzdür, “Həyat bilgisi” və İbtidai hərbi hazırlıq fənninin tərkibində müəyyən qədər mülki-müdafiə, yəni zəlzələ, daşqın bu kimi təbiət hadisələri zamanı özünüqorumaqla bağlı müəyyən informasiyalar verilir. Amma bu, yetərli deyil. Orta ümumtəhsil məktəblərində təhsil alanlara həyati bacararıqlarını formalaşdırmaq üçün ayrıca bir fənn təsis etməliyik”. 

Ekspert bildirib ki, yaxşı təhsillə yüksək biliyə malik olan vətəndaş yetişdirə bilərik, amma o, özünü müdafiə etmək, çətin vəziyyətdən, böhran vəziyyətindən çıxmaq bacarığına malik deyilsə, bizim verdiyimiz elm ona fayda gətirməyəcək:

“Ona görə də hazırda tədris olunan fənnlərin ən azından biri həyati bacarıqların formalaşdırılması (mülki-müdafiə də bunun içindədir, tibbi biliklər və s.) ilə bağlı olmalıdır. Hazırda dərsliklərimizdə bu sahə ilə bağlı informasiyalar yetərli qədər deyil”.  

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bizə açıqlamasında bildirib ki, orta məktəb şagirdlərinə hər hansı fövqəladə hal zamanı insanların necə özlərini itirməməsi, qaydalara əməl edərək, sağ qala bilməsi ilə bağlı bacarqılar zaman-zaman aşılanır: 

“Bununla bağlı müxtəlif cəmiyyətlər, qurumlarla birgə iş aparılmalıdır. İmkan daxilində bu işlər görülür. Fövqəladə Hallar Nazirliyi ilə birlikdə müxtəlif layihələr icra olunur. Məktəblərdə də “Həyat bilgisi” dərsliyində bu mövzuda məlumatlar verilir.

Fakultativ məşğələlərdə yanğın, su basma zamanı necə davranmaqla bağlı müxtəlif məşğələlər həyata keçirilir və yaxud simulyasiyalar aparılır. Xüsusilə də “Məktəblinin dostu” layihəsi çərçvəsində bununla bağlı işlər görülür”.
Nazirlik rəsmisi sadaladığı dərslərin yetərli olmadığını və qeyd olunan məşğələ və dərslərin yerinə başqa fənnlərin keçirilməsinin yolverilməz olduğunu da vurğulayıb: 

“Sadaladıqlarımın kafi olduğunu düşünmürəm. Bu elə bir məsələdir ki, daha böyük miqyas əhatə etməlidir. Bundan başqa, bir fənnin yerinə başqa fənni keçirmək olmaz. Bu qaydalara ziddir və kim bunu edirsə, səhv edir”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO