33 il əvvəl XI Qızıl Ordunun Bakıya daxil olduğu ANLAR 

33 il əvvəl XI Qızıl Ordunun Bakıya daxil olduğu ANLAR 

Hazırda oxunan: 33 il əvvəl XI Qızıl Ordunun Bakıya daxil olduğu ANLAR 

115645

XI Qızıl Ordunun (Sovet Ordusu) Bakını işğal etməsindən 33 il keçir. Məhz 1990-cı il yanvarın 19-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovun rəhbərliyi, Vladimir Kryuçkov, Viktor Karpuxin, Yevgeni Primakov, Andrey Girenko, Vladimir Lyaşenko, Dmitri Yazov, Vadim Bakatin və Aleksandr Lebedinin təşkilatçılığı ilə Sovet qoşunları Bakıya yeridilib.

O vaxt Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırmışdılar. Bunun üçün gecəyarı fövqəladə vəziyyət tətbiq olundu.

Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 19:30-da televiziya stansiyasınin enerji bloku partladıldığından AzTV-də televiziya yayımı kəsilmişdi. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bilmişdilər. 

Sovet Silahlı Qüvvələri Bakıya hərbi müdaxilə etdi. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə götürdü.

20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edib.

1. Binə — Qala marşrutu

Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş "Komsomol" dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 23 radələrində barrikadanı yaran qoşun "Komsomol" dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandr Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub.

2. Salyan kazarması

Yanvarın 19-da saat 23:50 radələrində tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçib. Kazarmanın girişini əliyalın insanlar kəsdiyindən qoşun divarı uçuraraq hərəkət edib. Salyan kazarmasının qarşısında 20-yə qədər mülki insan öldürülüb.

Bundan sonra qoşun üç istiqamətdə hərəkət edib. Birinci istiqamət köhnə avtovağzal, ikinci istiqamət "20 Yanvar" meydanı, üçüncü istiqamət isə keçmiş "Kimyaçılar Evi"nin yanı ilə metronun Elmlər Akademiyası metrostansiyasının qarşısı olub. Sonradan həmin qoşunun bəzi bölmələri keçmiş Mərkəzi Komitə, indi isə Prezident Administrasiyasının binasının qarşısına qədər hərəkət edib. 

3. "Qurd qapısı" marşrutu

"Qurd qapısı" istiqamətindən Sovet qoşunları saat 00:00 radələrində hərəkət etməyə başlayıb. Badamdar yolunu kəsən bu qoşun hissələri də sonradan üç istiqamətdə hərəkət edib. Birinci istiqamət metronun "Elmlər Akademiyası" stansiyası, ikinci istiqamət keçmiş "Sovetski" küçəsi, üçüncü istiqamət isə Ali Sovetin qarşısı olub.

4. Sumqayıt — "Nasosnı" marşrutu

Gecə saat 12-yə qalmış həmin istiqamətdən hərəkət edən qoşunlar həm Biləcəri yolunda qurulan barrikadanı uçuraraq bu qəsəbəyə, həm də Bakıya daxil olub. Biləcəri qəsəbəsində, "Şamaxinka" deyilən ərazidə və keçmiş "XI Qızıl Ordu", indiki "20 Yanvar" meydanında çoxsaylı ölənlər, yaralananlar olub.

5. Xəzər dənizi marşrutu

1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Hərbçilərin hədəfi Bakı portu olub. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq bütün gəmiləri Bakı buxtasına yığıblar. Yanvarın 21-də saat 20:30-da iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə başlayıblar. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində "Neftqaz-18", "Neftqaz-64", "Aktau", "Şirvan-2", "Çeleken-1", "Atlet-21", "Vodoley-4" gəmiləri ciddi zədələnib. 25 yanvarda Bakı buxtasının qarşısını almaq üçün gəmilər dəniz desantları tərəfindən ələ keçirilib.


Qara Yanvarın qurbanları


Yanvarın 20-nə keçən gecə 131 insan öldürülüb. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olub. 744 adam ağır xəsarət alıb, 4 şəxs itkin düşüb, 400 nəfər isə həbs edilib. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25–26 nəfər öldürülüb. 

Sonradan araşdırmalar aparan Moskvadakı "Şit" ("Qalxan") adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəlib ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış edib. 

Faciənin şərəfinə

Faciənin şərəfinə Bakıda keçmiş "XI Qızıl Ordu" metrosu 20 Yanvar metrostansiyası, Suvorov küçəsi "20 yanvar" küçəsi adlandırılıb. 

20 yanvar — Azərbaycanda Ümumxalq Hüzn Günüdür. Həmin gün ölkə ictimaiyyəti 20 yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir. Bütün ölkə ərazisində 20 yanvar günü anım mərasimləri keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO