Biz Rusiyadan niyə qaz alırıq?” - İlham Şabanın TƏHLİLİ

Biz Rusiyadan niyə qaz alırıq?” - İlham Şabanın TƏHLİLİ

Hazırda oxunan: Biz Rusiyadan niyə qaz alırıq?” - İlham Şabanın TƏHLİLİ

114734

Yola saldığımız həftə ölkəmizə daxil olan soyuq hava kütlələrinin bizə yaşatdığı anlar üzərində dayanmaq istərdim. Qışın ikinci ayını yaşasaq da, bu həftə ilk dəfəydi ki, əsil qışla üzləşdik. 

Soyuq havanın fəsadları. Havanın təkcə şaxtalı vaxtlarını deyil, həm də qarlı-çovğununu da gördük. Sosial şəbəkələrdə “hələ yanavrda belə soyuq qış görməmişdik” fikirləri səslənsə də, amma reallığı əks etdirmirdi.
Çünki Azərbaycan paytaxında ilin ilk ayının ən soyuq havası 1907-ci ildə yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu mənfi 11 dərəcə təşkil edib. Həmin rekord yalnız 2012-ci ildə yenilənib, amma fevralda. XXİ əsrin ən soyuq yanvarı isə 2008-ci ildə ayın 8-ə keçən gecə qeydə alınıb - mənfi 8,7 dərəcə. Ümumən isə, Bakıda son illər qış fəslində havanın temperaturunun 0 dərəcədən aşağı olduğu günlərin orta sayının azalması müşahidə edilir. 

Klimatik göstəricilərə diqqət yetirməyimin səbəbi isə bunun birbaşa həyatımıza və məişətimizə təsirləri ilə bağlıdır. İl yenicə başlasa da, mənzillərdə qaz partlayışları və qazdan zəhərlənmə artıq 7 nəfərin ölümünə səbəb olub, təkcə Bakıda dəm qazından zəhərlənənlərin sayı 14-ə çatıb. Hər bir sürücü avtomobilin sükanı arxasına keçərkən təhlükəsizliklə bağlı individual məsuliyyət daşıdığı kimi, hər bir istehlakçının da borcudur ki, qazın məişətdə istifadəsi zamanı son dərəcə diqqətli olsun.

Ona görə də, ümid edirəm ki, bundan sonra havaların necə keçməsindən asılı olmayaraq, vətəndaşlarımızın “odla davranışında” müsbətə doğru xeyli dəyişikliklər baş verəcək, çünki heç kəs həyatında hansısa risklərlə üzləşmək istəyində olmaz.  

Azərbaycan Prezidentinin enerji mesajları. Bu həftə ölkəmizin enerji həyatı ilə bağlı önəmli məlumatlar Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində yer aldı. 2 saat 34 dəqiqə davam edən bu müsahibənin təqribən 50 dəqiqəsi enerji məsələlərinə həsr edilmişdi. Bu baxımdan dövlət başçısının toxunduğu, üzərində dayandığı enerji layihələrinin Azərbaycanın həyatında oynadığı rol, gələcək inkişafımıza olan təsirlərinə bir daha nəzər yetirəcəyəm. 

Mən Prezidentin enerji sektoru ilə açıqlamasında diqqətinin 5 məsələ üzərində cəmləşdiyini müşahidə etdim: bunlardan dördü qaz sənayesinə, biri isə “yaşıl enerjiyə” yönəlmişdi. Gördük ki, neftdən söhbət açılmadı.
Bu da təbiidir, çünki 1846-cı ildən Bibiheybətdə neftin sənaye üsulu ilə qazılmasına başlayandan sonra Azərbaycanın feodalizmdən kapitalizmə keçidinin əsasını da neft qoyub, bütün Şərqdə ilk demokratik Cümhuriyyət qurmağımıza da neft amili öz təsirni göstərib və onun bolşeviklər tərəfindən yıxılmasında və Azərbaycanın 71 il sosialist yolu ilə addımlamasında da neft əsas faktora çevrilib.

Təbii ki, müstəqil Azərbaycanın ayağa düurmasında, özünün işğalda olan torpaqlarının azad edilməsində əlimizə gələn qazanc da, güc də “qara qızıla” bağlıdır. Amma bu günün prizmasından baxanda, artıq hesab edilir ki, neft Azərbaycanın keçmişidir, gələcək uğurları digər enerji növləri ilə əldə edilməlidir.   

Azərbaycan qazının Avropanın enerji təhlüksəizliyində artan rolu. Onun əsası ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığına dair imzalanan Memorandumla özünün yeni mərhələsinə daxil olub. Bu, Azərbaycanın qaz sektorunun inkişafında əlamətdar hadisədir. 
İlham Əliyevin sözlərinə görə, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub.

Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın enerji layihələrini necə reallaşdırması da həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra enerji təhlükəsizliyi məsələsi Avropa gündəliyində ön sıraya keçib.
Bu baxımdan da Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artmağa başladı. Prezident Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan qaz tədarükünün artırılmasını hədəfləyib. Amma rəsmi Brüssel Azərbaycanla Memorandum imzalayarkən ölkəmizin potensialını və indiyə qədər gördüyü işləri  qiymətləndirərək bu addımı atıb. 

Rusiya Ukrayna müharibəsi zamanı isə Azərbaycan Avropa ölkələrindən qazla bağlı gələn sifarişləri artıqlaması ilə ödəmək qabiliyyəti göstərdi. Əgər 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz ixrac edilmişdisə, ötən il bu həcmlər 11 milyard kubmetrdən çox oldu. Bu il isə 12 milyard kubmetrə yaxın olacaq. Bütövlükdə bu il 24 milyard kubmetrə yaxın ixrac gözlənilir.

“Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi oyunçuya çevrilirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. 

Azərbaycan qaz resurs bazasını genişləndirir. Bu haqda danışan dövlət başçısı sensasion bəyanatla çıxış edib: “Hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından “deep gas”, yəni “dərin qaz” adlandırılan layihə üzrə hasilatı planlaşdırırıq”.

Sözün düzü belə bir xoş xəbəri gözləmirdim. Daha doğrusu, bilinirdi ki, haçansa olacaq, ancaq belə tezliklə baş verəcəyini bazar iştirakçılardın yəqin çoxları təxmin etmirdi. 

Qeyd edim ki, “Azəri-Çıraq-Günəşli” dəniz neft yataqlarının işlənməsi üzrə 1994-cü il sentyabrın 20-də imzalanmış HPBS tipli müqavilə şirkətlər üçün karbohidrogen ehtiyatlarının işlənməsini 3500 metr dərinlikdə məhdudlaşdırıb. Yəni bundan dərin qatda yerləşən laylardan şirkətlər karbohidrogen ehtiyatları mənimsəyə bilməzdilər.

Azərbaycan geoloqlarının fikrincə, bu dərinliyin altında təbii qaz layları var. Həmin ehtiyatların işlənilməsi üçün ayrıca kommersiya müqaviləsinin imzalanması nəzərdə tutulurdu.

Bununla əlaqədar olaraq, BP və tərəfdaşları bu ilin əvvəlində müqavilə sahəsində qiymətləndirmə quyusu qazmağı planlaşdırdıqlarını açıqlayıb. Qazmanın nəticələrinə əsasən dərin qaz laylarının işlənməsi layihəsi hazırlanacaq. Bundan sonra SOCAR ilə xarici şirkətlər arasında AÇG-nin dərin qaz layihəsi üzrə kommersiya sazişi imzalanmalıdır. Bu sənədə əsasən, layihə üzrə əsaslı məsrəflər və mənfəət qazının bölünməsi sxemi, həmçinin hasil edilən qazın daxili və xarici bazarlarda satışı müəyyən ediləcək.

Hələ ötən əsrin 90-cı illərində Azərbaycan geoloqları AÇG dərin qaz layihəsi çərçivəsində ehtiyatları 200 milyard kubmetr olduğununa dair fikirlər səsləndirirlər. Bununla belə, AÇG səhmdarlarından birinin nümayəndəsi mənimlə  söhbəti zamanı bildirib ki, “seysmik tədqiqatlar nəticəsində aşkar olunanlar qiymətləndirmə quyularının qazılması ilə təsdiqlənməlidir, ona görə də indi oradakı təbii qaz ehtiyatları barədə nəsə demək çətindir. AÇG-nin dərinliklərində məlumdur ki, təbii qaz var, amma sadəcə onların həcmi təsdiqlənməyib”.

Ona görə də, cari il Azərbaycanın qaz ehtiyatlarının artımı yönümündə hesab edirəm ki, atılan mühüm illərdən biri kimi tarixə düşəcək və Azərbaycana olan marağı daha da artıracaq. 

Azərbaycan prezidenti ölkəmizin bu il istifadəyə çıxarılacaq qaz resurları içərisində “Abşeron” qaz-kondensat yatağının adını çəkir. “Əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından hasilata başlamağı planlaşdırırıq” deyib.

“Abşeron” yatağında isə 350 milyard kubmetrdən az olmayan bir qaz ehtiyatı var. Yatağın işlənməsinin ilkin mərhələsi layihəsi üzrə Azərbaycanın ehtiyaclarının ödənilməsi üçün bu yataqdan alınan qaz çox gərəkli idi. Belə ki, plana uyğun olaraq 1,5 milyard kubmetr qaz tam şəkildə Azərbaycanın daxili bazarına yönəldilməli və ölkənin artan tələbatının ödəməliydi.

Amma Fransa şirkəti “Totalenergies” bunu zamanında edə bilmədi. Azərbaycanın artan iqtisadiyyatı isə inkişaf üçün əlavə enerjiyə ehtiyac duyurdu. Buna görə də ölkəmiz onu idxal etmək məcburiyyətində qalır. 

Yaranmış vəziyyətdə isə onu heç də hamı anlamır axı? Özü də Azərbaycana qarşı olan qüvvələr ötən ilin noyabrında Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın Gazprom şirkəti arasında imzalanmış 1 milyard kubmetr həcmində qaz alqı-satqısına dair müqaviləni öz prizmalarından təqdim etməkdən belə çəkinmirlər, yəni Azərbaycan Rusiya qazını sonradan Avropaya ixrac etmək məqsədilə alır. 

Elə Prezident İlham Əliyevin müsahibəsində enerji ilə bağlı qabardılan üçüncü məqam da bu məsələ idi. 

Rusiyadan niyə qaz alırıq? “Fikrimcə, bu, informasiya manipulyasiyasıdır və belə düşünməyim üçün hər cür əsas var. Deməliyəm ki, ilk dəfə bunu Almaniyanın sabiq kansleri və Rusiya enerji şirkətlərindən birinin keçmiş rəhbərlərindən olan c-b Şröder bəyan etmişdi. Sonra bu versiya mətbuatda yayıldı və təbii ki, əleyhdarlarımız onu sevinclə qarşıladılar, bizi guya hansısa haqsız oyun aparmaqda ittiham etməyə çalışdılar. Bu, hər cür məntiqə tamamilə ziddir”, - deyə İlham Əliyev məsələnin mahiyyətini açır. 

Və İlham Əliyev Azərbaycanın nə üçün Rusiyadan qaz aldığı məsələsinə də aydınlıq gətirir:

“Bəli, bizdə istehlak artır, əhali artır. Kifayət qədər ehtiyat olmayan vaxtlarda tam gücü ilə işləməyən müəssisələr – metanol zavodu, karbamid zavodu, neft-kimya müəssisələri indi tam gücü ilə işləyir. Təkcə keçən il Azərbaycan 22 milyard kubmetr qaz ixrac edib və mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik.

Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik. Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər. Ona görə də düşünürəm ki, bu halda biz belələrinin hər ikisi ilə üzləşirik.

Bununla belə, Azərbaycana daim qara yaxmaq, bizim rolumuzu, əhəmiyyətimizi azaltmaq cəhdləri yeni məsələ deyil. Yadımdadır, bir vaxtlar deyirdilər ki, Azərbaycanın nefti yoxdur, Bakı-Tbilisi-Ceyhan kəməri çəkilməyəcək, çünki siyasi layihədir, sonra da başladılar deməyə ki, Azərbaycanın qazı yoxdur, qoy desinlər. Biz öz işimizi görmüşük və bu işi uğurla görürük”, deyə Azərbaycan Prezidenti məsələyə aydınlıq gətirir. 

Dövlət başçısının dediklərinə yalnız onu əlavə edə bilərəm ki, qazı olmayan ölkəyə Avropanın 10-dan artıq ölkəsi özünün enerji təhlükəsizliyi məsələsi üçün niyə müraciət edir ki? Axı, Rumıniya Azərbaycandan qaz alan Avropa ölkələri cərgəsində yer ala bildi bu ildən! Hələ Albaniya özünün qazlaşdırılması layihəsini Azərbaycana həvalə etmək niyyətini açıqlayıb. Qərbi Balkan ölkələrini demirik... 
Transxəzər boru kəmərinə münasibət. Prezident daha bir maraq doğuracaq məsələyə işıq saldı.  Diqqətdə olan məsələ Transxəzər boru kəmərinə rəsmi Bakının münasibəti və bir sıra məsələlərin gerçəklikliyi ilə açıqlanması idi.

Prezident bəyan etdi ki, Transxəzər layihəsi ilə bağlı ortada qeyri-müəyyənliklər var. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyəsini kim həll edəcək məlum deyil. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. 

Prezident əlavə edir ki, çoxlu məqamlar üzrə açıq suallar hələ də qalmaqdadır. “Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir”, deyə İlham Əliyev bəyan edib. Amma Azərbaycanın həmişə bu layihəni dəstəklədiyini bildirir və əlavə edir ki, amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil.

Daha sonra Azərbaycanın dövlət başçısı daha maraqlı detalları açıqlayır:

Tutaq ki, Transxəzər qaz kəməri inşa edildi, Azərbaycan sahilinə qədər gətirildi, ondan sonra nə olacaq? Hansı yollarla Avropa istiqamətinə göndəriləcək? TANAP-la? Axı onun genişləndirilmiş hissəsi də Azərbaycan qazına hesablanıb. Çünki biz növbəti 5-6 il ərzində, minimum 10 milyard kubmetr əlavə qaz hasil edə bilərik. Yəni, Azərbaycan ərazisində yeni kəmərmi tikiləcək? Ola bilər. Kim bunu tikəcək? Ona görə bunlar hamısı açıq suallardır. 

“Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən bunun əleyhinəyəm. Mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam. Çünki Azərbaycan heç vaxt qaz və neftini siyasi alət kimi istifadə etmək fikrində olmayıb”, deyə Prezident Əliyev fikrini bildirir. 

Qeyd edim ki, məhz buna görə də ölkəmizin öz strateji layihələrində məsuliyyətli davranışı sonda bir tərəfdən ona inamı artırıb, digər tərəfdən isə Azərbaycana yeni tərəfdaşlar qazandırıb. 

Yaşıl enerji. Nəhayət, İlham Əliyev Azərbaycanın “yaşıl enerjisinin” Avropaya ixracı məsələsindəki maraq doğuracaq məqamlara işıq salır. Söhbət dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştitrakı ilə Avropaya bizim ölkədən Qara dənizin dibi ilə nəqli nəzərdə tutulan elektrik enerjisi üzrə dördtərəfli Sazişdən gedir.
Azərbaycanın dövlət başçısı bu layihəni bir yenilik adlandırmaqla yanaşı onun bir çoxları üçün gözlənilməz olduğunu da qeyd edib. Onun sözlərinə görə, bir ümumi konsepsiya olaraq bu layihə artıq uzun illər idi ki, mövcud idi. Lakin Azərbaycanın layihəyə qoşulmasından sonra faktiki olaraq bu layihə gerçəkləşməyə başlayıb. 

Azərbaycan isə təklif edib ki, sualtı magistral kabelin buraxıcılıq gücü 1000 meqavat yox, 4 min meqavat səviyyəsində olsun. “Çünki onsuz da xərclər böyük olacaq, onsuz da kabel çəkiləcək. Ona görə daha çox imkanı olan kabeli çəkməklə biz daha böyük nailiyyətlərə çata bilərik”, deyə İlham Əliyev bildirib. 

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi, eyni zamanda, Azərbaycana olan investisiya marağından doğur. Hazırda Azərbaycanda yaşıl enerji üzrə reallaşan cəmi üç investisiya layihəsi üzrə 700 meqavatdan çox təmiz yaşıl enerjinin alınması planlaşdırılır.
Azərbaycanın potensialı isə 22 min meqavat səviyyəsində qiymətləndirilir. Dövlət başçısı hesab edir ki, gələcəkdə onun heç yarısı deyil, 30%-i reallaşdırılsa, bu artıq Azərbaycanın enerji daşıyıcılarının ixracında yeni səhifə açacaq bir tarix olacaq və Azərbaycnaı dünyanın ən böyük bazarlarla bağlayacaq layihəyə çevriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO