Aqoniyada olan Ermənistan rəhbərliyi başını tam itirib. Ardarda məlubiyyətlər seriyası bu ölkəni çıxılmaz duruma salıb. Qarabağ savaşında Rusiyadan açıq dəstək görməyən Paşiniyan NATO ölkələrinə üz çevirib.
Bu barədə Bizim.Media-ya Millət vəkili Sahib Alıyev bildirib. O Ermənistanın Rusiyaya arxa çevirməklə necə bir sürüşkən dövlət olduğunu, NATO-ya müraciətini isə ikiüzlülük adlandırıb: “Suda boğulan saman çöpündən yapışar. Savaşda uduzduqlarını açıq-aydın görürlər. Hara gəldi üz tuturlar. Ermənistan hətta Vəhşi Təbiətin Qorunması Fonduna da müraciət edib. NATO-nun tərkibində də onlara havadarlıq edən Fransa və digər ölkələr var. Paşinyan da açıqlamasında etiraf etdi ki, Minsk qrupuna həmsədrlik edən ölkələrdən silah-sursat ötürülür. Ermənistanlı deputat da həmin ölkənin adını çəkdi. Onların əsas məqsədi odur ki, ən axırıncı rus əsgəri qalana qədər bunlar üçün döyüşsün. Gördülər ki, bu şəkildə dəstək görmürlər, indi də istəyirlər ki, NATO-ya üz tutublar. Bu yolla həm də Avropadan, Amerikadan maliyyə dilənmək fikrindədirlər. Onsuz da bütün addımları fiaskoya uğrayacaq, Azərbaycan bütün işləri qanun çərçivəsində görür, eləcə də regionda və dünyada artıq söz sahibidir”.
Azərbaycanın indiyədək ardıcıl olaraq güclü hüquqi baza formalaşdırdığını qeyd edən millət vəkili bildirdi ki, Ermənistanın havadarları artıq istəsələr belə onlara kömək edə bilmirlər: “Beynəlxalq hüquq və normalar, BMT qətnamələri var. Proseslərin gedişi göstərir ki, həmişə ikili oyun oynayan Ermənistanın arzuları elə arzu olaraq da qalacaq”.
Təranə Mirzəyeva, Bizim.Media