Goranboyda müəllimlər arasında DƏRS DAVASI – “68 yaşlı müəllimi məktəbə qaytarıblar”

Goranboyda müəllimlər arasında DƏRS DAVASI – “68 yaşlı müəllimi məktəbə qaytarıblar”

Hazırda oxunan: Goranboyda müəllimlər arasında DƏRS DAVASI – “68 yaşlı müəllimi məktəbə qaytarıblar”

109369

“Goranboy rayon Buzluq kənd tam orta məktəbi korrupsiya yuvasına çevrilib. Məktəb direktoru heç bir qanuni əsası olmadan, qanunvericilik tələbləri pozularaq 2 ildir, təqaüdə çıxmış 68 yaşında, işini yarıtmayan yaşlı adamı yenidən məktəbə müəllim götürüb”.

Bu barədə Goranboy rayon Buzluq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kəmalə Novruzova tərfindən Bizim.Media-ya daxil olan şikayətdə deyilir.

Müəllim iddia edir ki, məktəb direktoru Rəşad Ələkbərov iki müəllim ola-ola 68 yaşlı müəllimi işə qaytarıb onların saatlarını kəsib:

“Məktəbdə iki nəfər riyaziyyat müəllimi və 10 saat vakant dərs var idi. Noyabr ayının axırına qədər əsas dərs kimi 15 saat birimizə, 5 saat da birimizə vermişdilər. İndi həmin dərsləri bizim əlimizdən alıb və 68 yaşında bir müəllimlə (Məmmədov Oqtay) yenidən müqavilə bağlayaraq vakant dərsləri ona veriblər. Həmin müəllim iki ildir ki, məktəbdən də uzaqdır. Məktəbdə iki müəllim ola-ola niyə dərsləri vakant yer çıxarıb başqa müəllimə verməlidirlər?”

Direktor Rəşad Ələkbərov Bizim.Media-ya açıqlamasında səsləndirilən fikirlərlə razılaşmayıb və onun müəllim götürmək səlahiyyətinin olmadığını deyib:

“Müəllim 68 yox, 66 yaşındadır. Əmək Məcəlləsinə müvafiq olaraq müddətli müqavilə ilə işləyir. Barəmdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və onun nəticəsi əlimdədir. Müəllimlə müqavilə mərkəzləşmiş qaydada regional təhsil idarəsinin razılığı ilə prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Şikayətçi Kəmalə Novruzova ixtisasından 8 bal toplamış müəllimdir. Siz bir avlideyn olaraq öz övladınızı ona etibar edərsinizmi?! Buna baxmayaraq müəllimə artıqlaması ilə dərs saatı verilib”. 

Direktor bildirib ki, bu problem uzunmüddətdir ki, var. Şikayətçi müəllimin tələbi odur ki, o müəllimi çıxarıb dərs saatlarını onlara verək. 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mətbuat xidmətindən verilən açıqlamaya görə, riyaziyyat müəllimi Kəmalə Novruzovanın şikayəti araşdırılıb: 

“Bildiririk ki, Goranboy rayonu Buzluq kənd tam orta məktəbdə 2022-2023-cü tədris ilində riyaziyyat fənnindən dərs yükü müəllimlərin diaqnostik qiymətləndirmə nəticəsinə uyğun olaraq bölünüb, müəllimlər arasında dərs bölgüsü həyata keçirildikdən sonra artıq olan 10 saat riyaziyyat fənnindən dərs yükü 2022-2023-cü tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində vakant elan edilib,  lakin vakant yerə təyin edilən namizəd olmayıb. Qeyd edilən dərs yükünü tədris etmək üçün Goranboy rayonu Buzluq kənd sakini, ötən tədris illərində də həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmış Məmmədov Oqtay Baba oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət edib. Məktəbdə kadr çalışmazlığı və Oqtay Məmmədovun pedaqoji təcrübəsi nəzərə alınaraq Goranboy rayonu Buzluq kənd tam orta məktəbdə tədris ilinin sonunadək müddətli əsaslarla riyaziyyat fənnindən vakant olan dərs saatlarını tədris etməsinə razılıq verilib”. 

Yaş həddinə çatmış müəllim ilə əmək müqaviləsinin bağlanması məsələsinə qaldıqda isə idarənin cavabı belə olub: 

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin 10-1.1 və 10-1.2 bəndlərinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 
Həmçinin bildirək ki, çalışmanın yaş həddinə çatmış şəxslə bağlanmış müddətli əmək müaviləsi bitdikdən sonra həmin şəxsin 1 (bir) il müddətinə pedaqoji fəaliyyətə fasilə verməsi, həmin şəxslə yenidən müddətli əmək müaviləsi bağlanılmasına Azərbaycan Respublikasının Əmək Məcəlləsində heç bir məhdudiyyət və qadağa qoyulmayıb”.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO