Psixoloqdan Elşad Hacıyevə CAVAB: “İnsanı cinayətə təhrik edən sözlər yox, yaşadığı şəraitdir”

Psixoloqdan Elşad Hacıyevə CAVAB: “İnsanı cinayətə təhrik edən sözlər yox, yaşadığı şəraitdir”

Hazırda oxunan: Psixoloqdan Elşad Hacıyevə CAVAB: “İnsanı cinayətə təhrik edən sözlər yox, yaşadığı şəraitdir”

108765

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin son paylaşımı maraqlı müzakirələrə yol açıb. Nazirliyin sözçüsü paylaşımında yazır ki, “Yaxşı edirəm” və “əcəb edirəm” ifadələri leksikondan çıxarılmalıdır: “Cinayətə səbəb olur. Affekt vəziyyət yaradır. Bu ifadələri həyat tərzinə çevirmiş adamlar ya ölümə gedir, ya öldürməyə".

Ümumişlək sözün hansısa cinayətə sövqetmə vasitəsi olduğu ilk dəfədir ki, səslənir. Ona görə də bununla bağlı mütəxəssislərin də fikrini öyrənmək istədik.

AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı, professor İsmayıl Məmmədli fikrimizi təbəssümlə qarşıladı, Bizim.Media-ya açıqlamasında o bildirdi ki, ”əcəb edirəm”, “yaxşı edirəm” ifadələri təkcə küçə mübahisələrində deyil, ədəbi dildə, mətnlərdə və ədəbiyyatda da işlənilir:

“Heç kimin haqqı yoxdur ki, dildən hansısa sözü çıxartsın. İntəhası onu yerində işlətmək lazımdır də. Bunu da kiməsə məcbur edə bilmərik ki, bu ifadəni işlətmə. Əgər insanın ağlı başındadırsa onda bu söz heç bir qıcıq yaratmır. Amma ağlı başında olmayan üçün fərqi yoxdur, o hər sözə görə özündən çıxa bilər. Məsələn, belə bir ifadə var: “filankəsin iddiasını məhkəmə rədd etdi”, “filankəs bu idiaları rədd etdi”. Bu təhqir deyil ki... Bu ifadə formasıdır. Haqqında danışdığımız ifadələr də işlədildiyi yerindən asılı olaraq mahiyyətini dəyişir və heç bir cinayət tərkibi yaratmır”.

Psixoloq Gülnar Orucova da “Yaxşı edirəm”, “əcəb edirəm” ifadələrini təhqir saymır:

“Kimlərsə bunu aqressiv münasibət kimi qəbul edə bilər. Amma bütün hallarda bu ifadələr söyüş deyil. Psixoloji, nevroloji problemi olan adamlara affekt vəziyyətdə “qadan alım”, “başına dönüm” desən də xeyri yoxdur. Qarşındakı adamın sənə qəsd etmək fikri varsa ona öyüd-nəsihət etmək faydasızdır. Əksinə, belə sözlər onu daha da təbdən çıxarır. Leksikonumuzda elə söyüşlər var ki, onlar insanı birbaşa öldürməyə təhrik edir. Onda neyniyək?! Bu söyüşləri necə çıxaraq leksikonumuzdan?!”

Gülnar Orucova onu da qeyd etdi ki, insanlara qadağa qoymaq olmaz ki, bu cür danışma, söyüş söymə:

“Hər bir valideyn uşağına körpə yaşlarından söyüş söyməyi qadağan edir. Lakin istənilən tənbeh və cəza uşağı söyüş söyməkdən çəkindirmir. Söyüş söymək əslində insanı sakitləşdirir, içindəki mənfi enerjini çıxardır. Eləliyə qalsa rusların məişət dilindəki 3 sözdən 2-i vulqar ifadələrdir. Digər ölkələrdə də bunun kimi. Yəni hansısa ifadə insanı cinayətə təhrik etmir. İnsanı cinayətə təhrik edən yaşadığı şəraitdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO