Rüşvətə görə qovulan direktor 1 il sonra işinə QAYTARILDI – Valideynlərin ETİRAZI

Rüşvətə görə qovulan direktor 1 il sonra işinə QAYTARILDI – Valideynlərin ETİRAZI

Hazırda oxunan: Rüşvətə görə qovulan direktor 1 il sonra işinə QAYTARILDI – Valideynlərin ETİRAZI

107675

Sumqayıtda rüşvət qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru 1 il sonra yenidən işə qayıdıb.

Söhbət Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı məktəbin direktoru İradə Məmmədovadan gedir.

Bizim.Media xəbər verir ki, bu barədə həmin məktəbdə övladı təhsil alan Fatimə Həsən adlı valideyn öz sosial hesabında məlumat verib.

Onun sözlərinə görə İradə Məmmədova 1 il xəstəlik arayışı ilə işdən ayrılandan sonra yenidən öz işinə bərpa edilib:

“Direktor deyir ki, adam tapdım, pul verdim və işə qayıtdım. Sumqayıtda artıq belə şeylr çoxalıb. İşdn çıxarılan direktoru təhsil şöbəsində işə götürürlər. Bu direktor isə adam tapıb işinə qayıdır. Biz valideynlər çox narazıyıq və cənab nazirdən kömək istəyirik”, - deyə valideyn paylaşımında bu sözləri qeyd edib. 

Xatırladaq ki, bir il əvvəl sosial şəbəkələrdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı məktəbin direktoru İradə Məmmədovanın valideyn komitəsi vasitəsilə mütəmadi olaraq şagirdlərdən pul yığmasını əks etdirən görüntülər yayılmışdı. Şikayətçi valideynlərin sözlərinə görə, direktor İradə Məmmədova nə vaxt oturacaq sınsa, nə isə əyrilik olsa, onun pulunu valideynlərdən çıxarırmış.

Həmin vaxt Sumqayıt şəhər Təhsil Şöbəsi yayılan görüntülərlə bağlı araşdırma aparmışdı. 

Ondan əvvəl isə Sumqayıt şəhər 6 nömrəli orta məktəbin direktoru İradə Məmmədovanın adı başqa bir qalmaqalda çəkilmişdi. Direktor təhsil müəssisəsinin foyesində olan Milli Qəhrəmanların fotolarından ibarət stendi zirzəmiyə ataraq onlara qarşı hörmətsizlik etmişdi.

Direktor isə bunu yeni tədris ilinin başlanması ilə əlaqədar aparlan təmir işləri və stendlərin yenilənməsi ilə əsaslandırmışdı. Hər iki faktla əlaqədar direktor cəzalanmamışdı. 

Onu da bildirək ki, son vaxtlar Azərbaycanda işində yol verdiyi nöqsanlara görə işdən çıxarılan məktəb direktorlarının başqa təhsil müəssisəsinə və ya yüksək postlara təyinat alması ilə bağlı nümunələr çoxalıb. 

Rüşvətlə bağlı səsyazısı ictimailəşən Bakı şəhəri 45 nömrəli tam orta məktəbin keçmiş direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Başqa biri - müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsinə təyin olunub. 
Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı məktəbin direktoru İradə Məmmədovanın yenidən işə bərpası ilə bağlı Abşeron-Xızı Regional İdarəsinin mətbuat katibi Aysel Tahirova Bizim.Media-ya məsələ ilə bağlı onların rəsmi email ünvanına müraciət etməli olduğumuzu bildirib.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO