“Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim”.
Bu fikir İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmiş, 1959-69-cu illərdə Fransanın prezidenti olmuş Şarl de Qolla məxsusdur.
Həmin Azərbaycan oğlu Şəkinin Oxud kəndindinin sakini, müharibə qəhrəmanı Əhmədiyyə Cəbrayılov olub. O, öz qəhrəmanlığı və ədalət uğrunda mübarizəsi ilə həm Şarl de Qoll kimi bir liderlə dost ola bilmiş, həm də iki böyük dövlət arasında diplomatik körpülərin salınmasına xidmət etmişdi.
İndi şəkililər Fransa senatının, Makronun yürütdüyü axmaq siyasətin bütövlükdə Fransa xalqı, dövləti üçün utanc yeri olduğunu deyirlər.
“Onlardan soruşmaq lazımdır ki, alman faşistləri II Dünya müharibəsində Fransa torpaqlarını işğal edəndə ata-babalarınız nə üçün general Şarl de Qollun rəhbərliyi ilə işğalçılara qarşı vuruşurdu?!.
Əgər yaxşı idisə, elə işğal altında yaşayardılar da. Belə çıxır ki, işğalçını qovmaq sizə olar, bizə yox?! Heç olmasa adı çəkiləndə sayğı ilə xatırlanan "Xarqo","Armed Mişel" adı ilə tanınan Əhmədiyə Cəbrayılovun, De Qollun ruhundan utansınlar”.
Bu etiraz dolu fikirlər isə Şəkili ziyalı-müəllim Elxan Abdullayevə məxsusdur.
Bizim.Media-nın əməkdaşı ilə söhbətində Elxan müəllim Fransanın ən yüksək ali ordeni ilə təltif olunan Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatının rəhbəri Şarl De Qolla olan dostluğunun bilinməyən tərəflərindən bəhs edib:
“II Dünya müharibəsində çox sayda soydaşımız Müqavimət Hərəkatına qoşulub və Fransa arxivlərində bununla bağlı yetərincə məlumat var. Soydaşlarımızin bu ölkənin azadlığı, faşizmdən azad olunması istiqamətində misilsiz xidmətləri olub.
Lakin “Xarqo”nu bu gün sadə fransızlar da ehtiram və sayğı ilə anır. Əhmədiyə Cəbrayılovun Fransanın alman faşizmindən azad olunmasında xidmətləri böyük və əvəzsizdir.
Fransa Müqavimət Hərəkatının lideri, ilk prezidenti Şarl de Qollun Əhmədiyyə Cəbrayılovla dostluğu sıradan, adi bir münasibət, tanışlıq deyi, bu dövlətin var olması üçün verilən əvəzsiz İNSANlıq mücadiləsidir. Şarl de Qoll bu məqamı dəfələrlə çıxış və nitqlərində vurğulayaraq Əhmədiyyə Cəbrayılovun Fransa üçün xidmətlərini yüksək qiymətləndirib”.
Elxan müəllim Əhmədiyə Cəbrayılovun ona danışdığı bir epizodu da bizə danışır:
"Əhmədiyyə dayı deyirdi ki, “bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya, mən özüm qabağa keçəcəm.
De Qoll soruşdu ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar, bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur".
Baxın, bir fransızın nə qədər qiymətli olduğunu Azərbaycanlı balası necə dəqiq bilirdi? Bir amal üçün, işğalçıya, qatilə qarşı necə mübarizə aparmaq lazımdır dəqiq qiymətləndirirdi. Bax budur, Azərbaycanlı qeyrəti, ədaləti, sülhsevərliyi”.
Elxan Abdullayev onu da diqqətə çatdırır ki, de Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların əsl dostluqlarının təməli elə o gün qoyulur. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır.
1946-cı ildə Əhmədiyyə Cəbrayılov qəti qərara gəlir ki, vətənə qayıtsın. Şarl de Qoll nə qədər onu dilə tutsa da xeyri olmur. Əhmədiyyə SSRİ-yə qayıdır. Burada onu vətən xaini kimi qəbul edir və mükafatlarının bir hissəsini əlindən alırlar.
Elxan Abdullayev arxiv sənədlərinə istinadən maraqlı bir faktı dilə gətirir. Belə ki, Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə xüsusi badə qaldırır.
Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim adət-ənənəyə uyğun qanlarını birləşdirib, qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar.
General son cümləsində, sovet rəhbərlərini riqqətə gətirəcək bir söz də deyir: "Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim".
Elxan Abdullayev sonda qeyd edib ki, bu gün heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadan erməni diasporunun təsiri ilə qəbul etdikləri məntiqsiz və yersiz qərara görə fransız parlamentarilərinə sözüm budur ki, heç olmasa tarixinizi unutmayın:
“Əhmədiyyə Cəbrayılovun xalqınız, dövlətiniz qarşısındakı əvəzsiz xidmətlərindən utanın! İşğalçılara qarşı çiyin-çiyinə vuruşan bu iki dostun Əhmədiyyənin və Şarlın ruhlarından utanın!
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Siyasət
15:30 / 29.11.2022
Şəkili müəllim Fransa Senatına MESAJ YOLLADI: "Şarl de Qollun ruhundan utanın!"
Hazırda oxunan: Şəkili müəllim Fransa Senatına MESAJ YOLLADI: "Şarl de Qollun ruhundan utanın!"
Hazırda oxunan: Şəkili müəllim Fransa Senatına MESAJ YOLLADI: "Şarl de Qollun ruhundan utanın!"
106926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.